Qürbətdə ən çox yadıma düşən şairlərdən biri, heç şübhəsiz, Osman Sarıvəllidir. Bunun bir çox səbəbi var. Birincisi, həyatda gördüyüm ilk canlı şair Osman qağa idi. İkincisi, yaddaşıma pərçimlənən ayrı-ayrı misraları vaxt-bivaxt dilimə də gəlir: "Hər kim yüz il yaşamasa, Günah onun özündədir”. "Ağlımı başımdan aldı bu yerlər”, "Cırıq şalvarımdan eşqim utandı”, "Yoxsakı ay yoluq, ay qotur Nuru, Dağların qoynunda sən quru-quru yanıram deməyin nə mənası var, -Yoxsulluğum düzdü, qotur özünsən, Mən düşən dərdlərə sən özün düşsən, Deyərsən hər qərib başa dərdini, Torpağa dərdini, daşa dərdini... "Niyə dillənmirsən, dilin laldımı, Ağlını başından sözüm aldımı, Söylə ləkədirmi, yoxsa xaldımı, Nədir üzündəki qara, bənövşə. Ondan bir nişanə, bir əsər gətir, Özün kimi gözəl tazə-tər gətir, Söylə muradımı bir xəbər gətir, Olarmı dərdimə çarə, bənövşə? Eşqimi, hissimi, məhəbbətimi Satdılar dövlətə, vara, bənövşə... "Sənin fil izini bükə bilmədi, Nə döyüş, nə güləş, nə cəng, eloğlu”, yaxud "Viran qalmış kəndinizdə qonaq qaldım, ay mamoğlu...” "...Üstündən də bir "Başxanım” de gəlsin, Oda düşdü, yandı canım, de gəlsin...”
Osman qağanı tez-tez xatırlamağımın başqa bir səbəbi də var Maşınımdakı radio hər zaman TRT-e Türkü” proqramına açıq olur. Bu radio proqramları dinləyici sifarişlərinə görə hazırlanır. Və işin qəribə yanı da odur ki, proqramın ünvanına gələn sifariş mesajlarının böyük əksəriyyəti Türkiyənin Qaraman vilayətinin Sarıvəllillər bölgəsindən göndərilir. Sarıvəllilər Qazaxdanmı Qaramana köçmüş, yoxsa Qaramandanmı Qazaxa köçmüşlər? Bu, ayrı araşdırmanın mövzusudur.
... Bəxtdəndi, qismətdəndi bilmirəm. Tovuz aşıqlarının toy "dərslərindən” sonra oxu dəlisi olan ac marağımın qarşısına birdən-birə iki önəmli kitab çıxmışdı. Aşıq Ələsgərin mavi cildli "Seçilmiş şeirləri”, bir də Osman Sarıvəllinin "Seçilmiş əsərləri”nin bir cildliyi. Onda hardasa 1956-cı il idi və mən hələ orta məktəbdə oxuyurdum. Uşaqlıq dostum, həm də qohumum Orucla mütaliə baxımından yarış içindəydik. İş elə gətirmişdi ki, onun oxuduğu, ya da əlinə keçən ilk kitab D.Ordubadlının şeirlər kitabı idi. (Uzaq dağ kəndində yaşayan əllinci illər yeniyetməliyinin oxucu marağının sınırları kənd kitabxanalarının fondundan artıq olmazdı ki?!) Kitabxanadan aldığımız kitablardan bir-birimizə numunələr oxuyardıq. Mən Ələsgərdən və Osman qağadan, o isə D.Ordubadlıdan. (Mən bu adın yerinə başqa bir ad da yaza bilərdim, o zaman isə sözün düzünə xəyanət etmiş olardım!) Bu o zamanlar idi ki, aşıqların oxuduğu bir neçə şeirindən başqa Aşıq Ələsgər və Osman Sarıvəlli haqqında bir bilgim yoxdu, amma onlara sevgim dərki çətin, onlara qədərki saza-sözə sevgim olmalıydı!) Oruc da şeir yazırdı, mən də. Aramızda oxu məsələsində mübahisə də düşürdü.
-Səndən heç zaman şair olmayacaq deyirdim, bir gör sən kimi oxyursan, mən kimləri oxuyuram?! (Nə yazıq ki, dediyim kimi də olacaqdı.) Oxucu zövqünün formalaşmasında qarşına çıxan ilk kitabın, ya da kitabların çox böyük önəmi olduğunu öz acı təcürbəmdən öyrənəcəkdim. Doğrudur, o ilk kitab (ya da kitablar!) zamanında sənin seçim etmək zövqün hələ formalaşma, gəlişmə aşamasında olur. Hər kitab oxucu ünvanına yol gedən qatara bənzəyir. Elə hər oxucu da şeir qatarının yolunu gözləyən həyəcanlı bir sərnişindir hardasa.
Çox sonralar fikirləşəcəkdim ki, o ilk kitabların yaxşılığı, pisliyi də, təsadüf deyil, bir tale işidir. Mənim də qarşıma gərəksiz kitablar çıxa, hələ formalaşma təcrübəsi olmayan zövqümü yaman günə qoya bilərdi. İlk kitab da bir baxıma ilk sevgi kimidir, sonralar başqa "sevgilər” həyatına daxil olsa da, o ilk korafəhim sevgi ömrün sonuna qədər unudulmur, unudulmaz da, bu fikri ilk kitaba da aid etmək olar.
Aşıq Ələsgər və Osman qağanın bu kitabları hardasa su axımı kimi biri-birinin davamı idi, biri XIX əsrin, o biri XX əsrin nəfəsində və bir o birini ən azından bir arpa boyu irəli götürmüşdü. Hər ikisinin mayasında milli yaddaşın dərinliklərindən gələn, amma bir az daha gəlişdirilən bəlirtilər vardı. Və hər ikisi elə dağıdılmaz qəliblər yaratmışdılar ki, yeni nəsə yaratmaq üçün onları, o qəlibləri də dağıtmaq gərəkəcəkdi... Onların hər ikisi sehirbaz idilər - sözün sehirbazları. Hələ uşaqlıqdan Tovuz aşıq məktəbinin hazırlığından qidalanan zövqüm o kitabları oxuduqca heyrətlər içində qalmaya bilmirdi. İlk şeir ağız dadım, ilk zövq formalşamağım üçün mən hər kəsdən çox bu iki ölümsüz insana borclu olmalıyam. Onarı oxuduqca keçirdiyim ruhu halları yazmağa bu yaşlaşam qələmim gerçəkdən də acizdir. İnana bilərsiniz, onların şeirlərindən aldığım səbəbi bilinməz həzzin bir anını yenidən yaşamaq üçün qoca ömrümün "uf” demədən bir ayını verərdim. Bu sevginin anlaşılmaz sehirli mənbəyi nə idi? Bəlkə qəlibləşmiş qan yaddaşı, ya da atadan, atadan ötürülən dərki çətin ilahi sevgi? Həm də onların böyüklüyü bir də onda idi ki, Dədə Qorqud kimi ölməz bir dil və düşüncə abidəsi yaradan türklüyün arayış və söz qarvanını bizim günlərə kəsintisiz daşıya bilmişdilər...
Fərqli üslub yenilikləri ilə poeziyamıza yeni bir hava gətirəcək Əli Kərim şeirinə hələ yol gəldiyimiz zamanlarda O.Sarıvəlli (Buraya şübhəsiz Əhməd Cəmili də əlavə etmək olar!) ozamankı Azərbaycan şeirinin özgür şeir adası idi. Sağında, solunda partiyaya xalq dilindən, xalq ruhundan uzaq şeirlər yazanlar çeşidli mükafatlar alarkən Osman qağa o "özgürlük adasında” başını sallayıb işini görməkdəydi... Millətin mənəvi yaddaşı, tarixi təcrübəsi ilə heç cür bağlaşmayan boğazdan yuxarı mövzuların baş alıb getdiyi, gündəmə gətirildiyi o mərhələ də O.Sarıvəlli şeirinin səmimliyi ayrıca bir yerə sahibdi. Bəlkə bu şeirlərdə orijinal fəlsəfi fikirlər, ifadə yenilikləri çox deyildi. Hər halda xalq ruhuna, şeir ənənəsinə yaxınlığı ilə sevgi doğurması və ona qucaq açılması təbii idi. Doğrudur, partiya təbliği şeirlərinə rəvac və mükafat verildiyi o mərhələ də O.Sarıvəlli şeirinin yaşıdlarına nisbətən dövlət dəstəyi ola bilməzdi. Ona nə Stalin mükafatı veriləcəkdi, nə Sosialist əməyi qəhrəmanı ünvanı, nə də harasa deputat seçiləcəkdi. Boyuna biçilən bir ad vardı ki, gec olsa da, onu alacaqdı: Xalq şairi! O, fərmansız da çoxdan Xalq şairi olmuşdu... Xalqın min illərdən süzülüb gələn mifoloji yaddaşını yaşadığı mürəkkəb dönəmə daşıya bilməsinə görə də təqdirəlayiqdir, Osman Sarıvəlli. Bu mənada odönəmki şeirimizdə şairin "Gətir oğlum, gətir” əsəri qədər diqqətçəkəcək ikinci bir əsər tapmaq çətindir...
Doğrudur, S.Vurğunun poetik qanadları hələ Azərbaycan şeirinin üfüqlərini örtmüş durumdaydı. Amma cana yaxınlığı folklora bağlılığı baxımından O.Sarıvəlli şeirinin bir ayrı yeri vardı. Bu səbəblə də bəzən S.Vurğunu ürəyimdə qınayırdım da: özün hər mükafatı almısan, bir az da dost dediyin adama dəstək olsaydın!
Bu olaylar sonralar öz başıma gəldiyindən Azərbaycanda hər kəsin öz marağı, hətta haqqı oldu, olmadı közü öz qabağına çəkdiyini gördükdən sonra S.Vurğunun istisna təşkil edəcəyinə inandığıma özümü qınayacaqdım.
Hardasa 18 yaşım olardı, Bakıya ilk gəlişlərimdən birində təsadüfən Yazıçılar İttifaqının önündəki bağda Biləndər Hüseynovla qarşılaşacaqdım. (Sağdırsa, canı sağ olsun, ölmüşsə... ruhu!) Kəndlərdən gəlib altdan yuxarı baxıb Yazıçılar İttifaqının binasına girmək üçün tərəddüd heykəlinə dönməyin nə demək olduğunu başına gələnlər bilər. Biləndər qurdalayıb məndən söz alacaq, şeir yazdığımı öyrənəcəkdi.
- Burayacan gəlmisən, bir də havaxt fürsətin olacaq, gedək şeirlərini Osman Sarıvəlliyə göstərək, deyəcək və məni həvəsləndirəcəkdi. Amma qapının ağzında bir rus arvadı otuzdurublar, kənddən gələnləri içəri buraxmır, - deməyi də unutmayacaqdı.
Bir müddət qapının önündə dayanıb içəridəki qoca rus qadının Nadyanınmı, Tanyanınmı mürgüləməsini gözləyəcək, mürgülüyən kimi də özümüzü tüstü kimi içəri təpəcəkdik. (Əlbəttə, Biləndərlə mən bir az şanslı çıxmışdıq, gör kənddən gəlib hələ "yeslə”, "neti” bilməyən neçə istedadlı gənc və təcrübəsiz adam bu Nadyaların rus dili baryerinə ilişib qalacaq, təkcə İttifaq binası yox, heç ədəbiyyatın "binasına” da yaxın düşə bilməyəcəkdilər). Mən elə bilirdim Biləndər də Osman Sarıvəllinin yanına mənimlə birlikdə girəcək, amma o, ikinci mərtəbədəki açıq qapılardan birini uzaqdan göstərib - Bax, Osman Sarıvəlli o otaqda oturur, gir, şeirlərini göstər, - deyəcəkdi. Çəkinə-çəkinə otağa girəcək və şeirlərini çox sevdiyim şairi oxuduğum kitabındakı şəklindən tanıyacaqdım. Bir-iki şeirimi oxuyacaq, xoş sözlər deyəcək, bəzi məsləhətlər verəcəkdi. Amma özüylə görüşdən daha çox sözüylə görüşdən çox şey öyrənəcəkdim...
Sonra Bakıya gələcək çeşidli işlərdə çalışacaq, Osman qağanın yanına isə demək olar ki, getməyəcəkdim. Amma yadından çıxmamışdım... Osman qağa "Azərnəşr”in buraxdığı naziklikdə "kəpənək qanadı”na bənzədilən kitabımızla bağlı (O zaman "Gənc şairin ilk kitabı” seriyasından on altı gəncin kitabı buraxılmışdı) ayrıca məqalə yazacaq və mənim şeirlərimlə bağlı xoş sözlər bildirəcəkdi.
Yazıçılar İttifaqına üzvlük məsələmdə də mənə dəstək olacaq və ilk zəmanətimi də Osman qağa yazacaqdı. (O zaman mən Azərbaycan televiziyasında tamaşaçılar tərəfindən çox bəyənilən və hər yönü ilə ilk milli proqram olan "Odlar diyarı” proqramını hazırlayırdım, Yazıçılar İttifaqına da çox seyrək gedib-gəlişim vardı.) O zamanlar Yazıçılar İttifaqına üzv olmaq elə də asan deyildi. Qəbul komisyonunda üzvlük məsələmiz müzakirə ediləndə, komissiyanın bəzi üzvləri məni tanımadıqlarını bildirəndə Osman qağa ürək təmizliyi ilə: - niyə tanımırsınız, hər gün ekranlardadır, - deyəndə Əli Vəliyev zarafatındanmı, atmacasındanmı qalmamışdı: - Osman, ağ eləmə, heç diktorlar hər gün ekranda olmur!” qarşılığını vermişdi.
Osman Qağa ilə xoşbəxtlikdən yol yoldaşlığım da olacaqdı. Bir qrup şairi Litvaya Salomeya Nerisin şərəfinə düzənlənən şeir festivalına göndərəcəkdilər (O çox unudulmayacaq səfər haqqında mütləq geniş bir xatirə yazısı yazacağam!).Qrupun rəhbəri Osman qağa olacaqdı. Yetmişinci illərin əvvəlləri idi onda. Xəbəri eşidib sevinmişdim. Bu arada Yazıçılar İttifaqının binası önündə rəhmətlik Tofiq Bayramla qarşılaşacaqdım. Litvaya gedən qrupa salınmadığından giley edəcəkdi. - Niyə giley edirsən deyə soruşduqda: - Gör Mirzə İbrahimov məni yox, Avropanın göbəyinə kimləri göndərir? deyəcəkdi. Söz məni tutacaqdı: - Kimi nəzərdə tutursan, deyə etiraz etdiyimdə, adlar çəkəcək, sonra da çəkinmədən - elə biri səni deyəcəkdi, Tovuzdan dünən gəlmisən, bu gün Avropaya gedirsən, başda da Osman Sarıvəlli, gedib orda hansı dillə nə danışacaq, boyunduruqdan, samıdanmı? Onun bu fikrinə etiraz edəcəkdim: - Bəs kimi göndərsinlər, sənimi? deyəcəkdim.
- Əlbəttə məni! Siz gedib orda mənsiz nə edəcəksiniz, -cavabını verəcəkdi...
Tofiq Bayramın mücadiləsi bəhrəsini verəcək, sonunda onu da gedən dəstəyə əlavə edəcəklərdi. Taleyin tərs şapalağı deyim, nəyi deyim, bilmirəm, Tofiq Bayram Vilnüsdəki ilk görüşdə elə bağıra-bağıra şeir oxuyacaqdı ki, boğaz vəziləri tutulacaq və əməliyyat olub festivalın sonuna qədər xəstəxanada yatası olacaqdı... Biz də: - İndi biz sizsiz Avropanın göbəyində nə edək? Zarafatımıza əlinin işarətiylə boğazını göstərib, - məni güldürməyin, siz danışmaq deyirsiniz, heç gülə də bilmirəm, him-cimin edəcəkdi...
Bu səfər mənim Azərbaycan sərhədlərindən ilk kənara çıxışım idi və Osman qağanın yol boyu necə bir müdrik ağsaqqal olduğunu bir daha kəşf edəcəkdim...
XX yüz il Azərbaycan şeirinin bir çox nəsilləri xalqın milli yaddaşına dayalı O.Sarıvəlli şeirindən faydalanmışdır. Hətta sənət güzərgahına fərqli bir yolla gələn Əli Kərim belə yeri gələndə Osman qağadan təsirlənmişdir. Onun "Atamın xatirəsinə şeirindəki "O utanıb öz ölümündən” misrasıyla Osman Sarıvəllinin daha öncələri yazılmış və dillər əzbəri olmuş "Bənövşə” şeirindəki "Cırıq şalvarımdan eşqim utandı” misrasını müqayisə etsəniz, paralel oxusanız dediklərimin gerçək olduğunu özünüz də hiss edəcəksiniz.
Osman Sarıvəllinin zamanında Azərbaycan şeirində müxtəlif istiqamətlər boy göstərirdi. Bir tərəfdən ərəb, farsa avazlı əruza meyil, o biri tərəfdən Rusiya körpülü Avropadan gələn Mayakovski sərbəst yamsılamaları... Xalq şeiri ənənələrini davam və inkişaf etdirən şairlər arasında zamanında təsdiqini tapmasa da, O.Sarıvəlli yaradıcılığının ayrıcalıqlı bir yeri vardır. Doğrudur, qocalıq çağlarına doğru Sibir səfər təəssüratlarını sərbəstlə yazmağa çalışsa da, ənənə təkamül yolundan sapdığından o şeirlər kimsənin diqqətini çəkməyəcəkdi...
1975-ci ildə Osman qağanın 70 illiyi ilə bağlı ondan "Ədəbiyyat” qəzetinə müsahibə almaq üçün evlərinə gedəcəkdim. Bu, o günlər idi ki, Osman qağa yenicə "Xalqlar dostluğu ordeni” ilə təltif olunmuşdu. Çox şeyləri soruşduqdan sonra ona təltif olunmağı ilə bağlı da sual verəcəkdim. Qağanın cavabı çox ibrətamizdi: - Sağ olsun hökumətimizi mənə bu ordeni verdiyinə görə, amma bunu bir yox, iki dənə versələr, pis olmazdı. Yaxşı, bunu mən yaxama taxdım, o zaman Sayalı xanıma nə düşəcək, axı mən nəyə nail olmuşamsa , o xanıma onun adı kimi sayalı nəfəsinə, diqqət və sevgisinə görə nail olmuşam. Bu ordeni qayçıyla da kəsmək olmaz ki, kəsəm yarısını öz döşümə, yarısını Sayalı xanımın döşünə taxam.
Bunları deyib özü də güləcəkdi, məni də güldürəcəkdi. Bu ibrətamiz hadisəni iki il bundan əvvəl Moskvada Yuri Kuznetsovun yaradıcılığı ilə bağlı M.Qorki adına Ədəbiyyat institutunda keçirilən konfransın yekun gecəsindəki qonaqlıqda-içki məclisində yenidən xatırlayacaqdım. Yerindən duran Y.Kuznetsovu tərifləyəcəkdi. Halbuki son on ildə hər il keçirilən bu konfranslar birbaşa Y.Kuznetsovun həyat yoldaşı qazax-türk qızı Batimə xanımın inadı ilə gerçəkləşdiyini mən də bilirdim, salondakılar da. İnstitutun ozamankı rektoru Tarasovun da iştirak etdiyi o məclisdə söz alıb Osman qağanın 70 illiyində mənə dediyi və artıq sizin də bildiyiniz hadisəni danışacaq və Batimə xanımın sağlığına tost deyəcəkdim. Məclisdəkilər Osman qağanın mənim dilimdə səslənən fikirlərini alqışlarla qarşılayacaq, eyni hadisəni məndən təkrar danışmamı istəyəcəklərdi.
Bu ailə səmimiyyətinin, birlikdəliyinin nəticəsidir ki, Osman qağanın oğlanları da onun tərbiyəsindən çıxmışlar. Onların üçü ilə tanışmaq fürsətim oldu. Mən Moskvada Ali Ədəbiyyat kurslarında oxuyanda Seyran M.Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsi idi. Azərbaycandan olan 7-8 tələbənin içində Moskvada millətinə, torpağına layiq iki gənc vardısa, biri Seyrandı. Rafiq Qurbanov bir alim kimi Moskvada ad çıxartmışdı, orada ədəbiyyatımızı yaşatmaq üçün Şəhriyar ədəbi məclisini təşkil etmişdi. Dostum Babək Osmanoğlu isə böyük alimimiz kimi neçə illərdir Türkiyənin müxtəlif universitetlərində dərs deməklə, elmi düşüncəmizin coğrafiyasını genişləndirməklə məşğuldur.
... Osman qağa xalqın oğlu idi, xalqından ayrı yaşaya bilməzdi. Təbii ki, öləndə də yeddi dərənin suyunun biri-birinə qarışdırıldığı "Fəxri xiyabanda” dəfn olunmaq istəməz, sağında, solunda bir çoxlarının milli kimliyi, zatı bilinməyən ölülərin qonşuluğunda uyumaq sevdasında ola bilməzdi Osman qağa. Bəhanə Sayalı xanım olsa da, əsas olan sağlığındakı kimi öldükdən sonra da xalqın, qohum-qardaşlarının yanında uyumaq istəcəyəkdi, yalnız ruhunun o zaman rahat ola biləcəyinə inanmışdı.
Çanaqqala-Türkiyə