İntellektual ZƏRBƏ...

Ziya Məmmədovun əhatə dairəsi daralır



Nəqliyyat naziri Ziya Məmmədov daha bir intellektual zərbə alıb. Prezidentin imzaladığı fərmanla Bakı Nəqliyyat Agentliyi yaradılıb və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə onun tabeliyinə keçib.

Məlumata görə, sənəddə deyilir ki, son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində sürətlə inkişaf edən paytaxt Bakı müasir meqapolisə çevrilib. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıb ki, Nazirlər Kabineti (NK) yanında Bakı Nəqliyyat Agentliyi yaradılsın. Agentliyə tapşırılsın ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görülməlidir. Şübhəsiz ki, ekspertlər bunu Z.Məmmədovun səlahiyyətlərindən birini də itirməsi kimi dəyərləndirir və iddia edirlər ki, sözügedən nazir "vurulma” ərəfəsindədir.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Şərq”ə söyləyib ki, sərnişindaşıma ilə bağlı məsələlər bütün dünyada yerli icra hakimiyyəti orqanlarının tabeçiliyində olur: "Nəqliyyat Nazirliyi təsərrüfat işləri ilə məşğul olmalı deyil. Nazirliklərin əsas funksiyası dövlətin nəqliyyat sahəsindəki siyasətini icra etməkdən ibarət olmalıdır. NN lisenziyalaşdırma, normativ hüquqi aktların qəbul olunması ilə ilgilənməlidir. Amma onlar təsərrüfat işlərinə meyl edirlər. Deyim ki, yalnız NN deyil, Səhiyyə Nazirliyində də mövcuddur. Ona görə də təsərrüfat fəaliyyətinin nazirliklərin nəzdindən çıxarılmasını doğru sayıram. Normal islahatdır”.

Ekspert hesab edir ki, sərnişin nəqliyyatının idarəetmə sistemində dispetçer xidməti də yaradılmalıdır: "Dünyanın iri şəhərlərində dispetçer sistemi mövcuddur. Bizdə isə bu yoxdur. Dispetçer xidmətini guya intellektual idarəetmə mərkəzi əvəz edir. Guya onlar dayanacaqlarda monitor quraşdırıb, nəqliyyatın qrafikini müəyyən edirlər. Əslində isə heç nə ona uyğun gəlmir. Sərnişindaşımada dispetçer xidməti formalaşmalı idi. Məsələn, sonuncu dəfə Varşavada olmuşam. Orada dispetçer sistemi çox gözəl quraşdırılıb. Təəssüf ki, bizdə həmin sistemi qura bilmədilər. NİİM bu işin öhdəsindən gələ bilmədi”.

Ayyət Əhməd