Vahid Ələkbərov 50 ildir sikkə kolleksiyası toplayır

Azərbaycanlı jurnalistlər milyarderin hobbisini dəyərləndiriblər
Dilqəm Əhməd: “Vahid müəllim muzey açıbsa, bu artıq sırf tarixə dəyər verməkdir, zənginlərin adi bir hobbisi deyil”

Ruslan Rəhimov: "O, dünyanın sayılı milyarderlərindən biridir, imkanları genişdir, alqışlayıram”



Azərbaycan əsilli milyarder, Rusiyanın "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Moskvada uzun illər ərzində şəxsən topladığı sikkə kolleksiyalarından ibarət yeni muzey yaradıb.
Bildirilir ki, muzey bu ilin oktyabrında, milyarderin Arbatda yerləşən şəxsi mülkündə açılıb. Numizmatika muzeyində Qədim Roma, Qədim Yunanıstan, Bizans imperiyası, Orta əsr Avropası, Rusiya imperiyası və SSRİ-yə aid 700 sikkə yer alıb. Kolleksiyadakı ən qədim sikkə e.ə 480-450-ci illərdə yunan şəhəri Fokeyada buraxılan qızıl hektadır. Həmin hektanı Ələkbərov 2012-ci ildə İsveçrədəki hərracda 13,5 min dollara alıb.

Ən gənc sikkə isə 1931-ci ildə SSRİ-də buraxılan 20 qəpiklikdir. Ona görə isə azərbaycanlı milyarder 7 min dollar ödəməli olub. Maraqlıdır ki, Numizmatika muzeyindəki ən bahalı sikkə 1844-cü ildə dövriyyəyə buraxılan 12 rublluq platin sikkədir. 2013-cü ildə "Maison Palombo” auksionunda alınan bu qiymətli pul 410 min dollara alınıb.

"Sikkə kolleksiyası toplamaq Rusiya imperiyasının pullarını, xüsusən qızıl sikkələrin toplamağımdan başlayıb. Bu istiqamət mənə ən maraqlı gələn sahədir. Sonradan mənim maraq dairəm genişləndi və qızıl kolleksiyamı antik sikkələrlə zənginləşdirmək qərarına gəldim”, - Ələkbərov deyib.

O, keçən uşaqlığını yada salaraq, tez-tez marka, kibrit qutuları, çaxır etiketi topladığını xatırlayıb. Orta məktəbdə oxuduğu zaman isə qonşularının ona Oktyabr inqilabından əvvələ aid qiymətli kağızlar hədiyyə etdiyini söyləyən "Lukoyl” prezidenti artıq 50 ildən artıqdır pul və sikkə yığdığını deyib: "Düzdür, müxtəlif vaxtlarda maliyyə imkanım müxtəlif olurdu. Lakin kolleksiyanı formalaşdırmaqda həmişə davam etmişəm. Qərbi Sibirdə işləyəndə artıq yaxşı qazanırdım və vaxt edib Moskvanın Taqanka küçəsinə gələrək özümə sikkələr alırdım”.

"Şərq”ə danışan jurnalist Dilqəm Əhməd özünün də kolleksiya toplamağa maraqlı olduğunu, lakin ciddi kolleksionerliyin imkanlı insanlara məxsusluğunu qeyd edib: "Bəzən milyarderlər bunu dəb xatirinə edirlər, bu adət onların dünyasında bir növ özünüifadə formasıdır. Bəziləri bahalı qılınclar yığır, ən varlıları isə maşın kolleksiyasına sahibdir. Amma təbii ki, onlar arasında həqiqətən tarixi dəyərə sahib çıxan şəxslər də var. Mən inanıram ki, əgər Vahid müəllim muzey açıbsa, bu artıq sırf tarixə dəyər verməkdir, zənginlərin adi bir hobbisi deyil”.

Azərbaycanda da kolleksiya yığanların olduğunu deyən jurnalist Səfəvi dövrünə və xanlıqlar dönəminə aid sikkələri toplayanları xüsusilə qeyd edib: "Görünür, Vahid müəllimdə kolleksiya nümunələri çoxdur və buna görə muzey açmalı olub. Bu çox təqdirəlayiq haldır, inanıram ki, o kolleksiyada Azərbaycana aid maraqlı nümunələr sərgilənəcək”.
"İnsanlarda kolleksiya yığma marağının hardan qaynaqlandığını heç kim bilmir” - deyən jurnalist Ruslan Rəhimov da Vahid Ələkbərovun muzey açmaq təşəbbüsünü alqışlayıb: "Mənim özümdə də kolleksiya yığmağa maraq böyükdür. Lakin V.Ələkbərov dünyanın sayılı milyarderlərindən biridir, imkanları genişdir. Mən isə sadə jurnalistəm. Məncə hər bir kolleksiya toplayan insanın istəyi olar ki, onu cəmiyyətə nümayiş etdirsin”.

R.Rəhimov özünü sikkələrin deyil, daha çox köhnə foto, sənəd, kitab kimi antik dəyəri olan nümunələrin maraqlandırdığını deyib. O: "maraqlıdır ki, bəzən kolleksioner insanları digərləri anlaya bilmirlər. Hər kəs bu marağın səbəbi barədə müxtəlif mülahizələr irəli sürür, bəziləri bunu mənasız qəbul edir. Bu həvəsin nədən qaynaqlandığını aydınlaşdırmaq qeyri-mümkündür” - deyə əlavə edib.

Aysel Aslan