Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şura iclasında müzakirə edilən məsələlər içərisində "Space” televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişləri də qeyd edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb.
Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu bildirilir. "Space” televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq, "Space” televiziyasına bir neçə dəfə xəbərdarlıq edilib.
Şura iclasında " ANS” ÇM radiosunun son illərdə Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb. Ümumilikdə, "ANS” Müstəqil Yayım və Media Şirkətinə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə tətbiq edilib.
Bu barədə "Şərq”ə danışan Bakı Dövlət Universitetinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli telekanallara tətbiq edilən cərimələrin məbləğinin yüksək olmasının ümumilikdə televiziyanın inkişafına mənfi təsir edəcəyini bildirib: "MTRŞ-nin "ANS” ÇM radiosunun və ANS telekanalının fəaliyyətinə bu qədər ciddi nəzarət etməsi ictimai maraq cəlb edən bir məsələdir. Cərimələr əlbəttə ki, televiziyanın bütövlükdə fəaliyyətinə mənfi təsir edir. Buna çalışanların əmək haqqı, yeni layihələrin hazırlanması, maliyyə problemlərinin yaranması kimi məsələlər daxildir. Bu, çox arzuolunmaz bir vəziyyətdir ki, bir qurumun fəaliyyətində bu qədər nöqsanlar aşkarlanır və cərimələr tətbiq olunur”.
Qulu Məhərrəmli milli-mənəvi dəyərlərimizə, efir mədəniyyətinə riayət etməyən verilişlər barədə də danışıb. Onun sözlərinə görə, verilişlərə irad tutulması üçün ilk öncə milli-mənəvi dəyər anlayışının hüdudlarını müəyyənləşdirmək vacibdir: "Ola bilər ki, veriliş çox bayağı hazırlanır, aparıcıların və aktyorların davranışları tamaşaçıları qane etmir, ideya zərərlidir. Bu zaman xəbərdarlıqların ciddiləşdirilməsi zəruridir”.
Ekspert qeyd edib ki, əgər MTRŞ konkret iradlar tutur və bunu birbaşa televiziyaya bildirirsə, iradlar əsaslandırılıb, dəqiq nöqsanlar qeyd olunduqda televiziya bunu nəzərə almalıdır. "Televiziyalar tərəfindən bu iradlar qiymətləndirilib, əməl olunmursa, problemlə əlaqədar geniş müzakirələr aparılmalı, ortaq qərar qəbul olunmalıdır.
Aysel Aslan