Bu günlərdə manatın ikinci dəfə (50 faiz) ucuzlaşması və dolların bahalaşması digər məhsullarla yanaşı, siqaretin də qiymətinin kəskin bahalaşmasına səbəb olub. Artıq əksər marketlərdə bu tütün məmulatını tapmaq müşkülə çevrilib. Şübhəsiz ki, məlum bahalaşma və qıtlıq siqaret istifadəçilərini növbəti dəfə düşünməyə vadar edib. Çünki ictimai nəqliyyatda - metro və sərnişindaşıma avtobuslarda sıravi vətəndaşların "siqareti atacam” ifadəsinə çox rast gəlirik.
Bir sözlə, onlar vəziyyətdən çıxış yolunu siqaretdən imtinada görürlər. Maraqlıdır, görəsən, siqaret istifadəçisi olan tanınmışlar nə düşünürlər? Elə bu sualla, baş redaktor, millət vəkili və yazıçılar arasında sorğu keçirdik.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid söylədi ki, 33-34 ildir siqaret çəkir və bu illər ərzində bir dəfə də olsun ona xəyanət etməyib: "Siqaret barədə hətta şeir də yazmışam. Bahalaşmanın hirsini siqaretdən çıxanlara da ironik münasibət bildirdim. Dünəndən bəri də bir az baha qiymətə alıb çəkirəm. Amma siqareti atmaq kimi fikrim də olmayıb. Ona görə də bahalaşma təsir göstərməyəcək, yenə də çəkəcəm”.
Gənc yazar Kəramət Böyükçöl isə deyib ki, ardıcıl siqaret çəkən deyil: "Ara-sıra çəkirdim. Onsuz da siqareti tərgitməyə bəhanə axtarırdım. Qiymət artımı bəhanə oldu. Amma yenə deyirəm ki, çox çəkmirdim. Siqaretlə bağlı heç bir problemim yoxdur. Uzağı çəkmərəm”.
Millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, hələ də siqaret çəkir: "Sözsüz ki, onu buraxmağım qiymətlə bağlı olmayacaq. Görüm nə vaxt atıram siqareti. Amma hələlik fikrim yoxdur. Çalışıram azaldım. Atmaq lazımdır. Yaş keçdikcə baxırsan ki, təsir edir. Cəmiyyətdə də siqaretə qarşı münasibət yaxşı deyil. Bir yerdə siqaret yandıranda adama təəccüblə baxırlar. Bu, əslində yaxşı haldır. Belə hallar siqareti azaltmağımıza təsir göstərə bilər”.
Tanınmış yazar Seyran Səxavət də siqareti atmayacağını vurğulayıb: "51 ildir siqaret çəkirəm. Bu illər ərzində siqaretin qiyməti azı 30-40 dəfə qalxıb və heç vaxt onu atmamışam. Qəribə də görünsə, əvvəldən özümə söz vermişəm ki, bunu heç vaxt atmayacam. O qədər etibarsız deyiləm ki, qiymət qalxdığına görə, 51 illik dostumu atım. Bu, mənim aləmimdə ona bənzəyir ki, elə bil 50 ildir bir adamla dostsan, sonra qəfildən o özünü pis aparır, qiyməti düşür. Adam heç belə dostu atmaq istəmir, o ki qaldı siqareti. Qiyməti qalxan çox şey var. Arzu edirəm ki, adamların qiyməti qalxsın. Siqaretin və başqa malların qiyməti qalxmasa da olar”.
Jurnalist-yazar Natiq Məmmədli da diqqətə çatdırıb ki, siqareti atmaq deyil, markasını dəyişmək haqda düşünür: "Əvvəl çəkdiyimlə müqayisədə nisbətən ucuz siqaret çəkəcəm. Amma onu atmaq fikrim yoxdur”.
"Şərq- Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu isə siqaretdən imtina edəcəyini bildirib: "Variantı yoxdur. Mən də artıq atmağı düşünürəm”.
Ayyət Əhməd