14 min restoran toyuq ətindən imtina etdi
Bəs biz nəyi gözləyirik, bu qidalar elə fəsadlar yaradacaq ki, həkimlər müalicə etməkdə aciz qalacaqlar
Fast-foodların hazırlanmasında istifadə edilən toyuq ətinin tərkibində həddindən artıq antibiotiklərin olması üzə çıxıb. Və məşhur fast-food restoranlar şəbəkəsi kimi tanınan "Mc Donalds” şirkəti antibiotiklə yetişdirilən toyuq ətindən imtina qərarı verib. Şirkət yaydığı açıqlamada ABŞ ərazisində fəaliyyət göstərən, nə az, nə çox, tam 14 min restoranın bu ətdən imtina etdiyini bildirib. Şirkət bu qərarını toyuqlara tez böyüməsi üçün "RBST” anti-biotikinin vurulmasını və bunun da insan sağlamlığı üçün təhlükə daşıması ilə izah edib.
Amma ABŞ şirkəti bu qərara özü gəlməyib. Fast-foodların təhlükə saçdığını Çin aşkarlayıb. Çində fəaliyyət göstərən 2 zavodun məhz bu səbəbdən istehsalı dayandırılıb. Bundan sonra isə "McDonalds” və "KFC” kimi nəhəng ABŞ şirkətləri də bu toyuq ətlərindən imtina qərarını veriblər. Yəni, artıq gizlin faş olduqdan sonra. Bəs yarım əsrə yaxındır bu zərərli fast-foodların insanlara yedizdirilməsinin bədəlini kim ödəməlidir?
Qeyd edək ki, ANS televiziyası bu barədə süjet yayıb. Və həmin restoranlar şəbəkəsinin Azərbaycanda da geniş yayıldığını diqqətə alaraq məsələnin bizim üçün də aktuallıq kəsb etdiyini vurğulayıb.
Telekanal məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən şirkətin nümayəndəsinin fikirlərini öyrənib. Şirkət nümayəndəsi Anar Bayramov adıçəkilən fast-food restoranında təqdim olunan bütün ət məhsullarının dondurulmuş halda Avropadan gəldiyini və ölkəmizdə də bütün yoxlamalardan keçdiyini deyib. Bu da şirkət nümayəndəsinin açıqlaması: "Avropa səhiyyə təşkilatlarının bu anti-biotiklərin istifadəsi və ya istifadə olunmaması sırf nəzarət altında olur. Ona gərə bu, mərhələli bir şəkildə tətbiq olunub. Biz bilmirik bu nə vaxt Avropada və yaxud bizim aldığımız təsisatda tətbiq olunacaq? Bu sistem tətbiq olunanda biz mediaya məlumat verəcəyik”. Məşədi İbad demişkən, "mən Tarixi-Nadiri yarıya qədər oxumuşam, sənin dediklərindən bir şey başa düşmədim”. Anar Bayramovun açıqlaması da ancaq bu şəkildə qiymətləndirilə bilər. Fakt ortadadır ki, ABŞ-dakı "Mc Donalds” restoranlar şəbəkəsi həmin zərərli toyuq ətindən imtina
edib. Bəs biz nəyi gözləyirik? Hələ nə qədər uşaq, gənc bu ölüm saçan fast-foodları yeyib "doymalıdır” ki, şirkət nəhayət embarqo qərarı versin?!
Deməli, broyler toyuqlarının zərəri barədə dünənədək danışılanlar da həqiqət imiş. Sadəcə, bəzi işbazlar, möhtəkirlər və millətin sağlamlığının qəsdinə duranlar zaman-zaman gündəmə gətirilən həyati əhəmiyyətli məsələni gizlətməyə çalışırlar. Bu zərərli və təhlükəli qidalar rəngarəng formada reklam olunmaq sayəsində uşaqların, yeniyetmə və gənclərin ağlını "oğurlayır”, "kasıb” telekanallarımız da reklamdan gəlir əldə etmək naminə xalqın zəhərlənməsinə əhəmiyyət vermirlər.
Məsələyə münasibət bildirən həkim-terapevt, fəlsəfə doktoru Şəmsiyyə Namazova qeyd etdi ki, bu problemi illər öncə qaldırıb:
- Mən hələ 90-cı illərin əvvəllərində cəsarətlə çıxış edib demişdim ki, toyuqların tez böyüməsi, tez inkişaf etməsi üçün hormonal preparatlardan istifadə edilir. İndi məlum olur ki, toyuqlara anti-biotiklər vurulur. Hormonal preparatlar anti-biotiklərdən də qorxuludur. O vaxt yadınızdadırsa, ABŞ-dan bizə toyuq budları idxal olunurdu. Təsəvvür etmək belə dəhşətlidir ki, həmin qidanı orada timsahlara verirdilər. İnsanlar bu qidanı qəbul etmirdi. Amma bizim ölkəyə onlar idxal olunurdu, satışa çıxarılırdı və əhali də onları alıb istifadə edirdi. Mən o zaman da televiziyadakı müsahibələrimdə bildirmişdim ki, vaxt gələcək biz bundan əziyyət çəkəcəyik. Hormonal preratlar qatılmış bu qidalar sağlamlığımızda elə fəsadlar yaradacaq ki, həkimlər müalicə etməkdə aciz qalacaq. Bu gün artıq həmin vəziyyətdir. Yanıma bir pasiyent gəlir, illərdir məxmərəkdən əziyyət çəkir. Bu insanda səpkilər baş alıb gedir. Müayinələrdən, analizlərdən sonra məlum olub ki, bunun səbəbi qəbul etdiyi qidadır. Hazırda insanlarda ən çox rast gəlinən sinir sistemi pozğunluğu, allergik reaksiyalar, həzm pozğunluğudur ki, bunlar qidalanma ilə birbaşa bağlıdır. İnsanlarda immuno-allergik, immuno-bioloji pozğunluqlar baş verir. Biz daim pasiyentlərimizə məsləhət görürük ki, ayaqüstü yeməklərdən imtina etsinlər. Bu qidalar tez hazırlanır, həm də ucuzdur. Onları satış üçün cəlbedici hala salırlar. Üzərini bəzəyirlər, yan-yörəsinə göyərti düzürlər, bu da uşaqları, gəncləri cəlb edir. Əslində isə bu cür qidalanma orqanizmi məhvə aparır. Bu yeməklərə baxanda onların nə qədər təhlükəli olduğunu anlamaq çətin deyil. Hələ mən toyuqlara vurulan hormonal preparatları, anti-biotikləri demirəm. Toyuqların tez böyüməsi üçün onlara əlavə preparatlar vurulur, yemlərinə nəsə qatılır. Əks halda toyuqlar vaxtından tez inkişaf edə bilməz. Təəssüf ki, biz bunu laborator müayinələrlə təsdiq edə bilmirik. Bizdə belə müayinələr aparılmır. Amma apırılmış olsaydı, toyuqların böyüdülməsində və ya toyuq ətlərinə vurulan hormonların da, anti-biotiklərin də miqdarını öyrənib ona uyğun tədbir alardıq. Amma bilmirik, hansı hormonlardan istifadə edilir, anti-biotiklərin dozası nə qədərdir. Biz yalnız müşahidələrimizə əsaslanıb ümumi mülahizə yürüdürük. Belə vəziyyətdə əhalinin sağlamlığının qayğısına qalmaq da çətinləşir. Məsləhətimiz budur ki, valideynlər uşaqlarına bu qidalardan verməkdən çəkinsinlər. Gələcəkdə bunun böyük, qarşısıalınmaz fəsadları ola bilər.
Məlahət Rzayeva