Həyatda kimsəsiz qalmışam: Anam vəfat edəndə iki yaşında idim və onu demək olar ki, xatırlamıram. O, bacımı doğarkən öldü
Fərzad Şafani Türkiyədə yaşayır. Lakin o İranda, əfqan əsilli ailədə anadan olub. Onda heç bir ölkənin pasportu yoxdur. BMT-nin dəyərləndirməsinə görə dünya boyu Fərzad kimi heç bir pasporta sahib olmayan insanların sayı 10 milyona yaxındır. Cənab Şafani öz həyatı barədə BBC türkçənin müxbiri Rengin Arslana danışıb.
-Mənim 25 yaşım var, əfqanıstanlıyam, lakin heç bir ölkədə kök salmamışam.
Hazırda Türkiyədə yaşayıram. Lakin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına əsasən, mən burada da heç bir statusa malik deyiləm. Nəfəs aldığımdan başqa bu həyatda olduğumu təsdiqləyən heç bir sübut yoxdur. Əfqanıstan sərhədi yaxınlığında yerləşən İranın Zahidan şəhərində anadan olmuşam.
Mənim atamı taliblər axtarırdılar və o canını qurtarmaq üçün Əfqanıstandan İrana qaçmalı oldu. Həyatda kimsəsiz qalmışam: Anam vəfat edəndə iki yaşında idim və onu demək olar ki, xatırlamıram. O, bacımı doğarkən öldü.
Atamın sözlərinə görə, İranda qeyri-qanuni yaşadığmız üçün onu xəstəxanaya aparmaq mümkün olmamışdı.
Həyatımda dönüş nöqtəsi 2010-cü ildə yarandı. O vaxt Tehranda qaldığımız evi tərk edən atam və bacım bir daha geri qayıtmadılar. İranda sənədsiz əfqanları tuturdular və çox güman ki, atamla bacım da elə onların əllərinə keçdi.
Mən atamla bacımı bir müddət gözlədim. Lakin onlardan bir xəbər çıxmadığna görə ölkəni tərk etmək qərarına gəldim. İndiyədək bədənimdə çapıq izləri qalıb. Məni küçədə heç bir səbəb olmadan döyürdülər.
Fərzad hesab edir ki, qaçqın olaraq yalnız suriyalılar tanınmamalıdır. Qaçaqmalçılar məni qeyri-qanuni yolla Türkiyəyə keçirdilər. Bu mənim ilk dəfəm idi. Bundan sonra Avropaya keçməyə çalışmışam.
İstanbuldakı BMT ofisində qeydiyyatdan keçsəm də, Avropaya getmək cəhdlərimi dayandırmamışam.
Bundan 6 il əvvəl Türkiyədə süriyalılar yox idi. Miqrantlar arasında adətən Afrika, Əfqanıstan və İran vətəndaşlarına rast gəlmək olardı. Onlar mənə deyirdilər ki, Türkiyədə gələcəkləri yoxdur.
"Əgər miqrant Türkiyədə qalırsa, demək ki, onun qaçaqmalçıların haqqını ödəmək üçün pulu çatmır”, - miqrantlar mənə belə deyirdilər. Avropaya keçməyə 2010-cu ildə cəhd etdim. İlk dəfəm idi. Məni tutub geri qaytardılar.
Yeni ili deportasiya mərkəzində keçirdim. Orada dəhşətli günlər yaşadım. Birinci dəfə idi ki, ölüm arzulayırdım. İntihara cəhd etdim. Baş tutmadı, əllərimi qandallayıb xəstəxanaya yerləşdirdilər.
Sağ qaldım. Bu hadisədən iki il sonra Bolqarıstan sərhədini keçməyə çalışdım. Oradakı meşədə gizlənirdim, lakin məni yenə də tutub Türkiyəyə göndərdilər. Fərzad Şafani bir müddət Bolqarıstan meşələrində yaşayıb. Hazırda Universitetdə oxuyuram. Sərhədi bir daha keçmək cəhdi vaxtı yaxalansam məni Avropa ilə Türkiyə arasında imzalanan müqaviləyə əsasən Əfqanıstana göndərə bilərlər.
Ora getməkdənsə ölmək yaxşıdır. Daha əvvəl özümə söz vermişəm ki, sağ ikən məni Əfqanıstana qaytarmayacaqlar. Hakimiyyət yalnız Suriyadan gələnləri qaçqın hesab edir. Qalanlar iqtisadi miqrant sayılır. Mən onlara belə bir sual vermək istəyirəm: Kim istəyər ki, artıq pul qazanmaq üçün həyatını riskə qoyaraq dənizdə boğulub ölsün?
Artıq heç nəyə ümid etmirəm. Amma bir gün sosiologiya professoru olmaq istəyirəm.
Mən öz xalqıma və məni kimi sənədsiz sərhədlər arasında ilişib qalanlara kömək etmək istəyirəm.