"Azxeber.com informasiya portalının 6 yaşı tamam olub. 6 il bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələr tərəfindən yaradılan və ilk başlarda məhz onlar üçün tribuna rolunu oynayan sayt ötən illər ərzində oxucu auditoriyasını genişləndirib və hazırda cəmiyyətə güzgü tutan informasiya orqanlarından birinə çevrilib.
Hazırda”azxeber.com”da hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən "azxeber.com” həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Beynəlxalq sayğac sistemi olan "Google Analytics”ə görə portala son 1 ayda 2 milyon ziyarətçi daxil olub. "Azxeber.com” eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi "facebook” səhifəsini 400 minə yaxın insan bəyənib. Eyni zamanda portalın "Twitter”, "İnstagram”, "Youtube” və "Myvideo” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur. "Azxeber.com”un fəaliyyəti, inkişafı, hədəfləri barəsində "Şərq”in suallarını saytın təsisçilərindən biri olan Əfsələddin Ağalarov cavablandırıb. Bu günə çatana qədər enişli-yoxuşlu yollardan keçdiklərini vurğulayan gənc jurnalist ilk olaraq, saytın yaranma tarixinə diqqət çəkib: "Azxeber.com” informasiya portalını 2010-cu il aprel ayının 13-də Hacıbəy Heydərli ilə birlikdə təsis etmişik. O zamanlar ikimiz də BDU-nun jurnalistika fakültəsində təhsil alırdıq. Fakültədə isə tələbələrin praktiki imkanları çox məhdud idi. Biz də belə bir qərara gəldik ki, Azərbaycanda tələbələrin öz sözlərini deyə biləcəyi, praktik olaraq qələmlərini yoxlayacağı bir tribuna yaradaq. Həmin vaxtlarda isə internet media ənənəvi mətbuatı qabaqlamaqdaydı. Saytların sayı indiki qədər çox olmasa da, yeni-yeni informasiya portalları meydana çıxırdı. İlk başlarda kiçik tələbə kütləsini əhatə edən "azxeber.com” daha sonra sosial şəbəkələr vasitəsilə öz fəaliyyətini davam etdirdi. Bu gün isə Azərbaycanın media məkanında sayılıb-seçilən informasiya portallarından biridir. Fəaliyyətimizdən artıq 6 il ötür. 6 pilləni biz böyük uğurlarla geridə qoyduq. Bu gün 2010-cu ildən fərqli olaraq, daha böyük auditoriyaya xitab edə bilir, informasiyalarımızı daha böyük kütləyə çatdıra bilirik. Təsadüfi deyil ki, bu gün artıq bizim portalın "Facebook” səhifəsində 400 minə yaxın aktiv istifadəçi var. Xəbərlərimizi "Google Analytics”in göstəricisinə görə aylıq 1,5-2 milyona yaxın insan oxuyur.
- Bu 6 ildə nələrə nail oldunuz, hədəflərinizə çata bildinizmi?
- Biz bu yolda ilk addımlarımızı atan zaman çox az sayda adam bizə arxa olub, uğur qazanacağımıza ümid edirdi. Bizə böyük mənəvi dəstək verənlərdən biri "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı olub. Akif müəllimin əməklərini heç vaxt unuda bilmərik. O cümlədən də "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bizə inanıb dəstək oldu. Biz də bu illər ərzində maksimum dərəcədə bizə inanan müəllimlərimizin gözləntilərini doğrultmağa çalışdıq. "Azxəbər.com” ötən bu illər ərzində çox şeylərə nail olub, böyük hədəflərimiz var və bu yolda davam edirik. Onu da deyim ki, Azərbaycanda bir informasiya agentliyini nüfuzuna heç bir xələl gətirmədən 6 il ərzində ayaqda saxlamaq o qədər də asan proses deyil. Çünki bizdə informasiya orqanları hələ də media strukturu kimi inkişaf edə bilmir. Mediamızın özünü maliyyələşdirmə funksiyası çox zəifdir. Hər hansı bir media orqanının inkişaf etməsinə mane olan əsas səbəblərdən biri də Azərbaycanda reklam bazarının demək olar ki, yox səviyyəsində olmasıdır. Bütün bunların fonunda "azxeber.com” saytı 400 minə yaxın aktiv feysbuk istifadəçisinə ölkədə baş verən ictimai-siyasi, iqtisadi xəbərləri çatdıra bilirsə, bunun özü hədəfə vurmaq deməkdir. 2010-cu ildə "azxeber.com” informasiya portalı özünün feysbuk səhifəsini istifadəyə verəndə Azərbaycanda bu təcrübədən istifadə olunmurdu. Dünya praktikasına dayanaraq bu addımı ilk olaraq biz atdıq. Bununla da yaydığımız informasiyaları oxucularımıza daha asan yolla təqdim etmiş olduq. Hətta biz Azərbaycanda vətəndaş jurnalistikasının inkişafı istiqamətində də müəyyən işlər görüb, oxucularımıza, vətəndaşlarımıza jurnalistikanın bizlərlə yanaşı, onların da fəaliyyət sahəsi olduğunu aşılamağa çalışmışıq.
- Qarşıdakı planlarınız nədir, oxucularınız üçün yeniliklər olacaqmı?
- Əlbəttə, planlarımız və hədəflərimiz çoxdur. İnsanın hədəfləri olmasa, gördüyü işlərin də effekti olmaz. Başlıca planlarımızdan biri "azxeber.com”un internet televiziyasını yaratmaqdır. Amma bizim standartlarımız bu gün fəaliyyət göstərən internet televiziyalardan tamamilə fərqli olacaq. Baş tutacağı təqdirdə bu layihəmiz də bir ilk olacaq. Bizim yaradacağımız internet televiziyası da saytımız kimi vətəndaş jurnalistikasına töhfə verəcək. Geniş müxbir heyətinə ehtiyac görmürük. Düşünürük ki, artıq Azərbaycanda ofis jurnalistikasından çıxıb, xəbər reportyorluğunun inkişafına nail olmağın vaxtı çoxdan çatıb. Buna gedən yol da vətəndaş jurnalistikasının inkişafından keçir. Biz istəyirik ki, vətəndaşlarımız jurnalistlərin görmədiyi, yaxud da əlinin çatmadığı informasiyaları hadisə şahidləri lentə alıb, bizə ünvanlasınlar. Hələlik layihənin həyata keçiriləcəyi tarix bəlli olmasa da, bu istiqamətdə işlər gedir.
- Yaxşı bir sayt işlətmək üçün yaxşı da maliyyə imkanı olmalıdır. Bəs siz maliyyə məsələsini necə həll edirsiniz?
- Maddiyyat doğrudan da Azərbaycan mediasının qarşılaşdığı ciddi problemlərdən biridir. Dünya praktikasında belədir ki, hər bir iş adamı özünün biznes və siyasi-ictimai maraqlarını qorumaq məqsədi ilə media strukturunu yaradır. Azərbaycanda media sahəsinə yatırımlar yoxdur. İnternet resurslarının hüquqi statusunun olmaması, Kütləvi İnformasiya Vasitəsi olaraq qanunvericilikdə tanınmaması da saytların media strukturu olaraq inkişafını əngəlləyən məsələlərdəndir. Bütün bunlarla yanaşı, reklam bazarını inkişaf etdirən şirkətlərin sayının az olması da bir çatışmazlıqdır. Konkret olaraq, "azxeber.com”un maliyyə təminatına gəldikdə isə onu deyə bilərəm ki, reklam gəlirləri əldə eləməyə çalışırıq. Bir neçə şirkətlərlə reklam, "banner” müqavilələrimiz var.
Bu gün mətbuatda çalışan bütün həmkarlarım gözəl bilirlər ki, Azərbaycan oxucusuna bir xəbər saytını qəbul etdirmək, ona etibarlılıq qazandırmaq elə də asan başa gəlmir. Günümüzün insanlarına xəbəri haradan oxuduqları deyil, xəbərin özü daha maraqlıdır. Yəni bizim oxucu kontingentimizdə etibarlılıq anlayışı formalaşmayıb. Ona görə informasiya portallarının çoxu ya feysbukdan, ya da başqa oxunaqlı saytın "banner”indən asılı vəziyyətə düşüb. Əlbəttə, bunun subyektiv səbəbləri də az deyil. Məsələn, media marketinqin zəif olması, təqdimatın informasiya resursları üçün prioritetlik daşımaması və ən önəmlisi də bunları bir yerə bağlayan medianın biznesin strukturu kimi formalaşmamasıdır. Dünyada belə bir praktika demək olar ki, yoxdur. Biz heç vaxt CNN-də BBC-nin, Habertürkdə "Hürriyyət”in "banner”inə rast gələ bilmərik. Hazırda Marmara Universitetində media idarəetməsi sahəsində təhsilini davam etdirən biri kimi deyə bilərəm ki, internet resurslarının hər biri özlərini brendləşdirməklə məşğul olmalıdır. Bir brendin öz səhiflərində digər brend təqdim etməsi oxuculara qarşı qeyri-səmimi münasibətin təzahürüdür. Onu da deyim ki, brendlərin bizim mətbuatda sayının azlıq təşkil etməsi bu gün etibarsız oxucu sayını çoxaldıb. Ancaq səmimiyyətlə deyə bilərəm ki, bu gün "azxeber.com”un ətrafında sıx bir oxucu kütləsi formalaşıb. Burada böyük bir insan kütləsindən söhbət gedir. Bunu hər il daha yaxşı hiss edir və yazılarımıza gələn reaksiyalardan daha yaxşı anlayırıq. Gələcəkdə də bizim dünənimizdə olduğu kimi "Azxeber TV” planımızın gerçəkləşdirilməsi üçün işlər görəcəyik. Bu günə kimi məqsədimizdən dönmədik, 6 il Hacıbəy Heydərli ilə birlikdə çiyin-çiyinə böyük əziyyətlər hesabına bu layihəni ayaqda saxlaya bildik. Allahın izni və dostlarımızın mənəvi dəstəyi ilə biz bu rəqəmlərin sayını ömürlük edəcəyik.
- Saytın kollektivi neçə nəfərdir?
- Əvvəla onu deyim ki, bizim əsas prinsiplərimizdən biri gənclər üçün tribuna rolu oynamaqdır. Şərt deyil ki, ətrafımıza zamanında öz qələmi ilə ad qazanmış təcrübəli jurnalistlər toplaşsın. Biz bunun əvəzinə gənc jurnalistlərin üzərində işləyərək onların daha da peşəkarlaşmasına üstünlük veririk. "Azxeber.com”u yenicə təsis etdiyimiz günlərdə media eksperti Zeynal Məmmədli bizə "siz bərbərliyi öz başınızda öyrəndiniz” demişdi. Bu gün də həmin prinsipə sadiq qalaraq gənclərlə əməkdaşlıq edirik. Hazırda kollektivimiz 6 nəfərdən ibarətdir. Yəqin ki, "Azxeber.com TV” fəaliyyətə başlayandan sonra isə sayımızı genişləndirəcəyik. Ümumilikdə isə 400 minə yaxın müxbirimiz var. Feysbuk səhifəmizin aktiv iştirakçısı olan hər kəs bizim üçün bir jurnalist rolunu oynayır.
- Söhbətimizin əvvəlində indiki halda tamamilə peşə əxlaqına uyğun davranmaqla məşhur bir sayt işlətməyin asan olmadığını vurğuladınız. Bəs bu çətin yolu uğurla keçmək üçün nələrə diqqət etmək lazımdır?
- Əvvəla onu deyim ki, xəbərçilik sahəsində Azərbaycanda çox böyük boşluqlar var. Qeyri-peşəkar jurnalistlərimizin sayı həddindən artıq çoxdur. Fikir verdinizsə, Azərbaycan mətbuatı 2014-cü ilin avqust ayı ilə müqayisədə bu dəfə cəbhə xəbərlərinə daha həssas yanaşıb, peşəkarlıq nümayiş etdirə bildi. 2014-cü ildə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media təmsilçiləri ilə görüşü zamanı səsləndirilən bu fikirlərlə razıyam ki, dövlətin strateji maraqlarını təhlükə altına qoyan informasiyalar özlüyündə vətənə xəyanət mahiyyəti daşıyır. Zənnimcə, dövlət maraqları vətəndaşların maraqlarından üstün tutulmalıdır. "Jurnalistlərin Vətəni olmur” kimi fikirlərlə razılaşmıram. Biz ilk növbədə vətəndaş, daha sonra peşə məsuliyyətimizi dərk etməliyik.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb