Neftin hasilatına fasilə veriləcək

Rusiyanın təklifinin qəbul edilməsi Azərbaycan üçün müsbət dəyişiklikləri təmin edəcək



Son 2 ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft hasilatı ilə məşğul olan dövlətləri narahat edir. Artıq vəziyyətdən çıxış yolu üçün ciddi tədbirlər görülməsinə maraqlı olan ölkələr bir araya gəlib.

Bu məqsədlə aprelin 27-də Qətərdə Neft hasilatçısı ölkələrin qatılacağı iclas keçiriləcək. 13 neft ixracatçısının iştirak etdiyi görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatını yanvar ayının səviyyəsində dondurmağı təklif edir.

Rusiyanın "RİA Novosti” agentliyi isə aprelin 27-də Qətərdə Neft hasilatçısı ölkələrin qatılacağı iclasla bağlı maraqlı məlumat yayıb. Agentliyə bu barədə xəbər verən iclasın təşkilatçılığına cavabdeh mənbə Rusiyanın neft hasilatının dondurulması ilə bağlı təklifi Azərbaycanın qəbul edəcəyini düşünür: "Azərbaycan iclasda iştirak edəcək, Rusiyanın təşəbbüsünü dəstəkləyəcək”. Təklifin qəbulu ehtimalını "Şərq”ə açıqlayan iqtisadçı-ekspert Vüqar Bayramov neftin qiymətinin tənzimlənməsi baxımından belə bir addımın atılmasının real olduğunu deyib. Ekspertin sözlərinə görə, Rusiyanın təklifinin qəbul edilməsi Azərbaycan üçün müsbət dəyişiklikləri təmin edəcək: "Neft qiymətlərinin enməsinin bundan sonra da davam edib-etməyəcəyini proqnozlaşdırmaq çətin olsa da, enerji sahəsindəki hazırkı meyillər, bir qədər fasilə etmək və neft qiymətlərinin və istehsalının mümkün enişinin Azərbaycan iqtisadiyyatına təsirlərini azaltmaq üçün bir imkandır. Əgər Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və ya olmayan dövlətlər neft hasilatını yanvar ayının səviyyəsində dondurarsa, neftin dünya bazarında qiymətinin stabilləşməsinə nail olunar. Hasilatın dondurulması gələcəkdə dünya bazarında neftə tələb və təklifin tənzimlənməsinə də imkan verəcək”.

OPEC növbəti iclasda neft hasilatının dondurulmasına qərar verərsə, məqsədli şəkildə Azərbaycan da bu qərarı təsdiq edəcək. Hazırda ölkəmizdə neft hasilatı sabit olduğuna görə, yanvar ayı səviyyəsində dondurulma nəzərə alınmasa belə, Azərbaycanın neft ixracını artırma planı yoxdur. Ona görə də hasilatın dayandırılması iqtisadi məqsədlərin həyata keçirilməsinə imkan verəcək. Neft ölkələrinin gəlirlərinin artırılması mümkün olacaq.

Aysel Aslan