“Rembo” komadan ayılmayıb

Döyüşdə yaralanan tankçı əsgərin tənəffüsü ilə bağlı irəliləyiş var


Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanan, sol gözünü itirən "Rembo” ləqəbli tankçı əsgərimiz Razi Cavadovun vəziyyəti stabil olaraq qalır.

Yaralı əsgərimizin həkimi ilə mütəmadi əlaqədə olduğunu vurğulayan həmkarımız, "Ekspress” qəzetinin əməkdaşı Aqil Aslanın sözlərinə görə, Razi Cavadovun vəziyyətində pisləşmə yoxdur, ümidvericidir: "Həkimin dediyinə görə, hələ ki, komadan ayılmayıb. Komadan nə vaxt ayılacağını da heç kim deyə bilməz. Bir ay da komada qala bilər, 50 gün də. Hətta 5-10 günün içində özünə gələ də bilər. Amma vəziyyəti yaxşılığa doğru stabildir, tənəffüsü ilə bağlı irəliləyiş var, bir çox yaxşı elementlər var. odur ki, tələsmək lazım deyil”.

A.Aslanın dediyinə görə, qəhrəman əsgərimiz "Rembo” ləqəbini düşmən mövqelərini 6 dəfə darmadağın etdiyinə görə qazanıb: "Bu cəngavər oğlanın indi ciddi müalicəyə ehtiyacı var. Srağagün gecə çətin də olsa, onu Gəncədən Bakıya gətiriblər. Dünən sol gözündən əməliyyat olunub. Güllə gözünü və başını dağıdıb deyə vəziyyəti ağır olaraq qalır.

Xatırlayırsızsa, iki il öncə cəbhədə ağır yaralanan əsgərlərimiz Türkiyə Baş Bakanlığının Bakıdakı nümayəndəliyi (TİKA) tərəfindən xüsusi təyyarə ilə "Gülhanə” Hərbi Tibb Akademiyasına aparıldı və orada sağalaraq Vətənə qaytarıldılar. Hesab edirəm ki, bu dəfə Müdafiə Nazirliyi tələb olunan vəsaitdən asılı olmayaraq, Razini və onun kimi başqa ağır yaralılar varsa, onların hamısını "Gülhanə”yə, xaricə aparıb müalicə etdirməlidir. Razinin atası Vidadi də tankçıdır və ata-oğul bir cəbhədə döyüşürlər. Razi 3 körpə uşaq atasıdır, 2 oğlu, 1 qızı var”.

Allah bütün yaralı əsgərlərimizə kömək olsun! Amin!

Şəymən