Şəhidlərlə bağlı silsilə yazılar yazan, jurnalist Aidə Eyvazlı ötən gün Bərdədə olub. Məlumata görə, o, Şəhid Səbuhi Musayevin ailəsinə baş çəkib. Şəhidin ailəsinin yaşadığı Mustafaağalı kəndinə gəlib. Şəhidin keçdiyi döyüş yolu haqqında yazı hazırlayan jurnalist kəndin icra nümayəndəsi, özünü sadəcə Qəhrəman kimi təqdim edən şəxs tərəfindən təzyiqə məruz qalıb.
Qoçularını ətrafına toplayan kənd icra nümayəndəsi jurnalistin işini görməsinə əngəl olaraq onu kənddən çıxardıb. Rayon İcra Hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Qəhrəman Zeynalov mətbuata açıqlamasında faktı qismən təsdiqləyib: "Dediyiniz qadınla danışmamışam. Onun yanında bir şəxs var idi. Ondan kim olduğunu maraqlandım. Amma mən onu kənddən qovmamışam. Bu gün şəhid Səbuhi Musayevin yeddisidir. Bura çox adam gəlir. Mənim tərəfimdən jurnalistin qovulması olmayıb”. Qarşılaşdığı vəziyyətdən ciddi mənəvi zərbə alan Aidə Eyvazlının səhhətində problemlər yaranıb.
Məsələdən məlumatlı olduğunu deyən Bərdənin millət vəkili Zahid Oruc "Şərq”ə söyləyib ki, A.Eyvazlını şəxsən tanıyır: "O, dəyər verdiyim qələm adamlarımızdandır. Uzun müddət Orta Asiyada mövqeyimizi ifadə edən jurnalistimiz olub. Kifayət qədər ehtiyatlı, vətənə bağlı və milli düşüncədə olan insandı. Həlledici dönəmlərdə cəsarətlə mövqeyini ortaya qoyub. Onun Rusiya mərkəzi televiziyalarına müxtəlif müraciətlərini xatırlayırıq. Bu qarşıdurmaya dair məlumatı mediadan mən də izlədim. Ayrıca vurğulamaq istəyirəm ki, şəhidimizin mərasimində mən də iştirak etmişəm. Həm rayon rəhbərliyi, həm də sıravi insanlar şəhidimizin ailəsinə baş çəkirlər. Deyim ki, adıçəkilən icra nümayəndəsi də normal adamdı. Rəhbərlik işlərini yaxşı bilir. Eyni zamanda mərasimlə bağlı gələn çoxsaylı qonaqlara da diqqətlə yanaşan adamdı. Lakin məsələnin hansı zəmində baş verdiyini araşdırmamışam. Bunu bir anlaşılmazlıq saymalıyıq. Arzulayıram ki, məsələ böyüdülməsin. Məsələni Aidə xanımla aydınlaşdırmağa çalışacam. Qısası, anlaşılmazlığı böyütmədən şəhidimizin ruhu naminə işə bu cür yanaşmalıyıq”.
Ayyət Əhməd