5 rayonun qaytarılması o vaxt mümkün ola bilərdi ki...

...Rus qoşunları münaqişə zonasına yerləşdirilsin, buna da Bakı razı deyil




Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayıb.

Münaqişənin həlli barədə maraqlı məqamlara toxunan ekspert qeyd edib ki, bu ilin sonuna kimi Ermənistanın işğalı altındakı 5 rayon Azərbaycana qaytarılacaq: "Dağlıq Qarabağın özü və ora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Qeyd etdiyim kimi, bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq”.

Rusiyalı həmkarının proqnozlarını şərh edən Azər Rəşidoğlu belə məlumatları ciddi hesab etmədiyini bildirib: "5 rayonun qaytarılması yalnız o vaxt mümkün ola bilərdi ki, rus qoşunları sülhməramlı adı ilə münaqişə zonasına yeridilsin. Təbii ki, buna Bakı razılıq verə bilməz. Digər tərəfdən, Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə bağlı hələ razılıq əldə edilməyib. Müzakirə edilən sənəd "Kazan razılaşması”nı özündə ehtiva edir və burada heç bir yenilik yoxdur. Onu da vurğulayım ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün Azərbaycanda referendum keçirilməlidir. Ayrıca bir ərazidə referendum keçirmək əsas qanuna ziddir”.

Ayyət Əhməd