"Qarabağ məsələsinin uzunmüddətli həlli vacibdir"

“Kimin nə deməsindən asılı olmayaraq, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlıdır”

"Kompromis tapılmalıdır...”


Dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla ona ünvanlanan sualları cavablandırıb. Rusiya lideri ölkənin ictimai-siyasi, iqtisadi durumu, beynəlxalq vəziyyəti, o cümlədən özəl həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Mətbuat konfransı "Rossiya1”, "Rossiya24” telekanalları, "Mayak” və "Rusiya Radiosu” ilə canlı yayımlanıb. Xatırladaq ki, ötən il "Rusiya Prezidenti ilə birbaşa xətt” verilişi aprelin 16-da baş tutub və 3 saat 57 dəqiqə davam edib. Putin o zaman 74 sualı cavablandırıb. Budəfəki görüş isə 3 saat 39 dəqiqə davam edib və Rusiya lideri 80 sualı cavablandırıb.

"Dağlıq Qarabağ münaqişəsi olduqca həssas mövzudur”

Canlı yayımda Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin problemin uzun müddət davam edən konflikt olduğunu bildirib: "Münaqişə dondurulmuş vəziyyətdə qalıb. Çox təəssüflər olsun ki, zorakılıq partlayışı baş verdi. Biz münaqişənin nizamlanması, hər iki tərəf üçün məqbul həll yolunun tapılması üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu məsələdə uzunmüddətli həll yolu tapılmalıdır. Münaqişə yalnız siyasi yolla həll olunmalı, kompromis tapılmalıdır”. Rusiya lideri etiraf edib ki, bir neçə il əvvəl münaqişənin nizamlanması istiqamətində kompromis əldə oluna bilərdi: "Mənə elə gəlir ki, bir neçə il əvvəl praktik olaraq münaqişənin nizamlanması üçün hər iki tərəfdə kompromisə yaxınlaşmışdıq. Təəssüflər olsun ki, sonradan bunun belə olmadığı məlum oldu. Münaqişənin nizamlanması üzrə həm beynəlxalq strukturlar, həm də ikitərəfli əlaqələr çərçivəsində işləri davam etdirəcəyik”.

Putin bildirib ki, Dağlıq Qarabağ məsələsinin uzunmüddətli həlli vacibdir və bu, istisnasız olaraq siyasi həll yoludur: "Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik. Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Söhbət milyonlardan gedir. Tanrıya şükürlər olsun ki, Rusiyada belə problem yoxdur. Bundan savayı, bilirəm ki, Rusiyadakı azərbaycanlı və ermənilər baş verənlərdən sonra da şəxsi münasibətlərini qoruyub saxlayırlar. Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhfəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır”.

"Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var”

Rusiya Prezidenti Vladimir Putin ona ünvanlanan suala cavab olaraq Türkiyəni dost ölkə, türkləri isə dost xalq hesab etdiklərini deyib: "Lakin bizim bəzi liderlərlə problemlərimiz var. Onların hərəkətləri heç də həmişə adekvat olmur”. Putin həmçinin Rusiyanın düşmən həlqəsinə düşmə ehtimalını tam istisna edib: "Bizim dünya ölkələrinin əksəriyyəti ilə yaxşı münasibətlərimiz var”.

"Putin kimi xilas edərdi: - Ərdoğanı, yoxsa Poroşenkonu?”

12 yaşlı Varya Kuzneçovanın Putinə verdiyi sual da maraq doğurub. Azyaşlı "Cənab Putin, ötən il sualları cavablandırarkən bildirmişdiniz ki, əgər Obama suda boğulsa, onu xilas edərsiniz. Bəs Ərdoğan və Poroşenko batsaydı, ilk öncə kimi xilas edərsiniz?” deyə Rusiya Prezidentini çətinə salan sual verib. Putinin cavabı isə belə olub: "Varya, sən məni çətin vəziyyətdə qoyursan. Əgər kimsə batmağa qərar veribsə, onu xilas etmək mümkün deyil. Əgər onlar istəyirlərsə, biz kömək əlimizi uzatmağa hazırıq”.

"Hazırkı Türkiyə hökuməti radikallarla mübarizə aparmaq əvəzinə, onlarla əməkdaşlıq edir”

Türkiyə ilə bağlı növbəti suala cavab verən Putin bu ölkənin kifayət qədər daxili problemlərinin olduğunu vurğulayıb: "Ölkənin cənubunda faktiki müharibə gedir. Dünya birliyi orada baş verənləri görmək istəmir. Lakin bu faktdır. Orada artilleriya, tankların tətbiqi ilə əməliyyatlar aparılır. Türkiyədə demək olar ki, hər həftə terror aktları törədilir. Türkiyə rəhbərliyi gəlirlər çox olduğu üçün turistlərin təhlükəsizliyini təmin etməyə çalışır. Amma bunu bacaracaqlarmı? Bu, şübhə doğurur. Ona görə də Misirdə olduğu kimi vətəndaşlarımıza Türkiyədə istirahətin təhlükəli olduğunu deməyə bilmərik”.

"Suriyada qalan hərbçilərimiz mühüm tapşırıqları həyata keçirməyə hazırdır”

Putinin sözlərinə görə, Rusiya hərbçilərinin böyük əksəriyyəti Suriyadan çıxarıldıqdan sonra Suriya ordusu Palmira və bir sıra digər yaşayış məntəqələrini azad edib: "Suriyada vəziyyətin sabitləşməsi üçün yeni konstitusiyaya və növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac var. Dünya ölkələri bunu anlamalıdır”.

"İŞİD-in genişlənə biləcəyini istisna etmirəm”

Vladimir Putin deyib ki, Suriya ordusu hazırda ciddi hücum əməliyyatları keçirmək gücündədir: "Hələb ətrafında mürəkkəb durum hökm sürür. Şəhər ətrafında həm Suriya müxalifəti, həm də "Ən-Nusra” terror qruplaşması fəaliyyyət göstərir. Onları ayırmaq çox çətindir. İŞİD-ə gəldikdə isə bu terrorçu qruplaşmasının fəaliyyət miqyasının genişlənə biləcəyini istisna etmirəm. Rusiyanın Suriyada qalan hərbi kontingenti qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır”.

"Daha yaxşısını tapmaq lazımdır”

Rusiya lideri ABŞ-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizədlər barədə də danışıb. "Rusiya üçün Tramp, yoxsa Klinton yaxşıdır” sualına Putin belə cavab verib: "Daha yaxşı olanı tapmaq lazımdır”. Prezident vurğulayıb ki, ABŞ güc mövqeyi və imperiya ambisiyalarından çıxış etməli deyil, Rusiya da daxil olmaqla tərəfdaşlara hörmət etməlidir. Putin Qərbin yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyinə inanmadığını deyib: "Sanksiyalar davam etsə, Rusiya da cavab tədbirləri davam etdirəcək”.

Putin nə vaxt evlənəcək?

Putin canlı yayımda keçmiş həyat yoldaşı ilə bağlı ünvanlanan sualı da cavablandırıb: "Arada Lyudmila Aleksandrova ilə görüşürük. Bizim çox yaxşı münasibətlərimiz var. Hətta münasibətlərimiz əvvəlkindən də yaxşıdır. Onun həyatında hər şeyin yaxşı olduğunu bilirəm. Mən də öz həyatımdan məmnunam. Hər şey yaxşıdır”. "Siz nə vaxt ailə həyatı quracaqsınız” sualına isə prezident belə cavab verib: "Sözün düzü, mən bu sualın rublun kursu və ya neftin qiymətinə necə təsir edəcəyini bilmirəm. Ciddi danışsaq, insanlar deputatları, prezidentləri işləmək üçün seçirlər. Sizin soruşduğunuz şəxsi suallar isə maraq kəsb etsə də, onlar birinci dərəcəli suallar siyahısına aid deyil. Lakin gələcəkdə ola bilsin ki, mən sizin marağınıza müsbət cavab verdim”.

Putin qızıl balıq tutsaydı, nə edərdi?

11 yaşlı Anjella Salonmikava da Rusiya Prezidentinə maraqlı sual ünvanlayıb. Azyaşlının Putinə verdiyi "Qızıl balıq tutsaydınız, ondan hansı üç arzunuzun həyata keçirməsini istəyirdiniz” sualı tamaşaçıları güldürüb: "Ən yaxşısı nağıl personajlarına ümid etməməkdir. Hər şeyi öz əlimizlə etməliyik. Əgər biz hər hansı bir möcüzənin baş verməsini gözləsək, onda Puşkinin əsərində olduğu kimi sınmış ləyənin yanında ola bilərik”. Sankt-Peterburqdan olan 12 yaşlı Anastasiya isə dövlət rəhbərinə belə bir sual ünvanlayıb: "Əgər valideynləriniz sizi istəmədiyiniz sıyığı yeməyə məcbur edirsə, nə etmək lazımdır?”. Putin etiraf edib ki, uşaqlıqda onu nəyəsə məcbur etməyiblər. Amma Prezident zarafatca bildirib ki, o sıyığı sevir və hər səhər yeyir: "Mən elə yaşamışam ki, heç kim mənə heç nəyi məcbur etməyib. Böyük məmnuniyyətlə sıyıq yeyirəm, bu gün də yarma yemişəm. Ümumiyyətlə, yaşlandıqca bu yeməklərə olan münasibətim yaxşı mənada dəyişir. Dişlərin azaldıqca sıyıqları sevirsən”. Rusiya Prezidenti "şəxsən siz nəyə qənaət edirsiniz” sualına "Vaxtıma”- deyə cavab verib.

İsmayıl