ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırış edib. Həmsədr bildirib ki, həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid mövqe nümayiş etdiriblər. Onun sözlərinə görə, vasitəçilər və həmsədr dövlətlər tərəfləri atəşkəsə əməl etmək üçün bütün tədbirləri görməyə və hərtərəfli sülh sazişi üçün dərhal danışıqlara başlamağa çağırıblar:
"Biz bu mesajları gücləndirmək üçün tərəflərlə birgə işləməyə davam edəcəyik və münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün tərəflərə bütün yollarla kömək etməyə hazırıq”.
Həmsədrin çağırışını dəyərləndirən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) və Avropa Parlamenti (AP) də Minsk Qrupunun dediklərini təkrarlayır: "Bu təşkilatların ədalətsizliyi və problemin həllinə yanaşmada səhvləri odur ki, bunlar təcavüzkarla təcavüzə məruz qalanı tərəzinin eyni gözünə qoyurlar. Onlara qarşı eyni tələbləri qoyurlar. Bildirirlər ki, tərəflər siyasi iradə göstərməlidir. Qarşılıqlı etimad mühiti yaranmalıdır. Atəşkəsə əməl etməlidirlər. Yəni bu tələblər hər iki tərəfə eyni cür çatdırılır. Bu da kökündən yanlış yanaşmadır. Halbuki ortaya qoyduqları tələbin birinci bəndi bundan ibarət olmalıdır ki, BMT-nin məlum 4 qətnaməsi icra olunsun və işğalçı Ermənistan dövlətinin hərbi birləşmələri, qoşunları Azərbaycan torpaqlarından çıxarılsın. Problemin kökündə bu dayanır. Azərbaycan BMT-yə hansı sərhəd və ərazi ilə qəbul olunubsa, həmin sərhədlər bərpa olunandan sonra digər məsələlər həllini tapa bilər. İlk növbədə beynəlxalq qurumlar cinayətkar Ermənistana deməlidir ki, qoşunlarını Azərbaycan ərazilərindən çıxart və bundan sonra dayanıqlı və təminatlı atəşkəs haqqında danışaq. Ancaq ATƏT və digər beynəlxalq təşkilatlar bunu demir. Ermənistandan heç nə tələb etmir. 20 ildir, tutuquşu kimi eyni sözləri təkrarlayırlar. Bu da Azərbaycana qarşı ədalətsiz mövqedir”.
Millət vəkili həmsədrlərin "tərəflər atəşkəsə əməl etməlidir” yanaşmasına da münasibət bildirib: "Əlbəttə, bu, doğru yanaşma deyil. Çünki Azərbaycan tərəfi də iddia edir ki, Ermənistan qoşunu mənim ərazimdədir. Mən öz ərazimdə atəş açıram. Ermənistan qoşunu da mənim ərazimdə atəş açır. Qoy Ermənistan öz ərazisinə çəkilsin. Ondan sonra gəlin, monitorinq keçirin görüm, biz Ermənistana atəş açırıq, ya yox. Təbii ki, açmayacağıq. Nə qədər ki, işğalçı Ermənistan qoşunları Azərbaycan ərazisindədir, heç bir dayanıqlı atəşkəsdən söhbət gedə bilməz. Aprelin əvvəlində baş verən hadisələrdən də dəhşətlisi baş verə bilər. Beynəlxalq qurumlar həmsədrlər, vasitəçilik etmək istəyən böyük dövlətlər atəşkəs sülh danışıqlarına nail olmaq istəyirlərsə, ilk növbədə
işğalçı qoşunların ərazilərimizdən çıxarılmasına çalışmalıdırlar. Bu olmayana qədər heç bir etibar və etimaddan, dayanıqlı atəşkəsdən və sülhdən danışmağa dəyməz”.
E.Məmmədovun fikrincə, məsələnin həlli yolu işğalçı ölkə qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasından keçir: "Vəssalam. Bu olmasa, istəyirsən 15 dənə Minsk qrupu olsun, xeyri olmayacaq. Biz sadəcə torpaqlarımızı işğaldan azad etmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, qaçqın və köçkün şəraitdə yaşayan bir milyondan artıq insanımızı öz yurd-yuvalarına qaytarmaq istəyirik. Bu, bizim hüququmuzdur. Bütün beynəlxalq konvensiya və qanunlara müvafiq olan hərəkətdir. Azərbaycan heç kimdən icazə alası deyil. Cənab Prezidentimiz bu məsələni ortaya qoyur ki, işğalçı qoşunlar ərazilərimizdən çıxarılsın. Həmsədr dövlətlərin özləri və işğalçı tərəf də yaxşı bilir ki, münaqişənin həlli üçün ilkin tələb Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır. Ya onlar görməzdən gəlirlər, ya da özləri hansısa xalqın xoşuna gəlmək üçün belə istəyir”.
Parlament üzvü onu da əlavə edib ki, həmsədr ölkələr 1991-ci ildən bu yana Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış cinayətkar, separatçı qurumu dəstəkləməklə məşğuldurlar: "Ölkələrində qondarma rejimin nümayəndəliklərini yaratdılar. Onlarla iş birliyi qurdular. Maliyyə yardımı göstərdilər. Bunlar ölkəmizə qarşı riyakarlıqdır. İkiüzlülükdür. Bir daha qeyd edirəm ki, Ermənistan qondarma Dağlıq Qarabağ respublikasını ayrı tərəf kimi göstərmək istəyir. Amma Azərbaycan onları tərəf kimi görmür”.
Ayyət Əhməd