Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycandakı "dindarlaşma” prosesi ilə bağlı öz narahatlığını ifadə edib. Bəzi dini qrupların daxilində məqsədli şəkildə milli kimliyimizin dini kimliyimizə qarşı qoyulduğunu vurğulayan sədr müavini deyib ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir.
Bu "dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur. Buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir. Səhv anlayışlar bizə səhv ad altında gətirilir və biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam islamı təbliğ etməklə radikalımızı, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq.
Bəzi insanların Gündüz İsmayılovun fikirlərini kontekstdən çıxarılmış formada anladığını deyən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Komitə sədrinin müavininin dindarlaşma
prosesindən narahatlıq duyması islamla bağlı bir şey deyil. Azərbaycanda din adına iddialı olan əslində isə dinə aidiyyəti olmayan şəbəkələşmə prosesi baş verir. Onun ifadələrinin bu cür anlaşılmasının tərəfdarıyam: "Faktiki olaraq, Azərbaycanda İrandan, Səudiyyə Ərəbistandan və qardaş Türkiyədən dini görüşlər transfer olunmaqdadır. Bu görüşlər içərisində isə Azərbaycanın milli kimliyinə qarşı "səlib yürüşü” edənlər var. On illərdir ki, Azərbaycanda din adı altında ideoloji inqilabların aparıldığını bəyan edirəm. İndiki halda bu problemin aidiyyəti qurumlar tərəfindən dilə gətirilməsi sevindirici haldır. Təəssüfləndirici isə odur ki, paytaxtla yanaşı, artıq bölgələrimizdə yüzlərlə insan yad dini görüşləri mənimsəyərək özlərinin milli kimliklərinin sıxışdırılması üçün "mücadilə” aparır”.
Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu prosesin qarşısını almaq üçün maarifləndirmə xarakterli tədbirlər keçirilməlidir: "İlk növbədə bu problemlə bağlı dövlətin vahid din konsepsiyası olmalı, maarifləndirmə işləri daha da kütləviləşməlidir. İdeya müəllifi və aparıcısı olduğum "İnam” verilişi efirə gedəndən bu yana biz az da olsa insanlara dini kimliklə milli kimliyin vəhdətini aşılaya bilmişik. Vətənpərvərlik hisslərindən xəbəri olmayan adamlar dövlətdən pul alıb layihə həyata keçirir. Ortada isə heç bir nəticəsi olmur. Hansı ki, xalqa milli və dini kimliyin vəhdətini aşılamaq üçün qapı-qapı gəzmək lazımdır. Xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən, əslində isə öz mənsəblərinin ideologiyasını aşılayan mərkəzlər ifşa olunmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ruhanilər İdarəsinin bu istiqamətdə atdığı addımlar məni qane etsə də, Dövlət Təhlükəsizlik Xidmətinin də bu sahəyə diqqət ayırmasına ehtiyac görürəm”.
Şəymən