“Qarşıya bu vəzifə qoyulub”

“Azərbaycan dünya bazarlarına keyfiyyətli kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır”


Azərbaycanda sosial siyasət həmişə prioritet olub. Dövlət rəhbərliyi daim əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını, sosial problemlərinin həllini diqqətdə saxlayıb. 2016-cı ilin birinci rübü ərzində neft bazarındakı vəziyyətdən asılı olaraq ölkəmizin gəlirləri azalsa da, sosial sahə aktuallığını itirməyib. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri, yəni ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə büdcədə müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bundan əlavə hərbi qulluqçuların təqaüdü orta hesabla 23 manat yüksəldilib. Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 7 faiz artaraq 190 manat, yaşa görə verilən təqaüd isə 210 manat olub.

Bu mənada Cənab Prezident ilin birinci rübünü əlamətdar dövr kimi xarakterizə edib. Dövlət başçısı bildirib ki, iki-üç ay ərzində atılan addımlar Azərbaycanın sosial dövlət olduğunu göstərir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, uğurlu neft-qaz siyasətimiz insanların daha da yaxşı yaşamasına hesablanıb. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artıb. Digər sosial yönümlü addımlar atılıb. O cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının formaları işə düşüb. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaq. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər”. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına da toxunub: "Valyuta gəlirlərimizin azalmasını kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb”. Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinin əsas prioritet olduğunu bildirərək, yaxın zamanlarda ölkənin özünü ərzaqla tam şəkildə təmin edəcəyini vurğulayıb: "Son illər ərzində böyük işlər görülür, fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”. Prezident kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsinin vacibliyini deyib: "Təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcək. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə özünü doğruldub”. Dövlət rəhbəri vaxtilə kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarının, ilk növbədə pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, üzümçülüyün inkişafının bərpa etdirilməsinin vacibliyini bildirərək, bu istiqamətdə konkret tapşırıqların verildiyini bəyan edib: "Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq”.

İsmayıl