Çarəsiz ana Mehriban xanım Əliyevadan kömək istəyir

“Övladımın yenidən ayağa qalxması üçün yardım əlinizi uzadın”



Sabunçu rayonu Elşən Mehdiyev küçəsi, döngə 5 ünvanında yaşayan 56 yaşlı Nahidə Murquzova qızının müalicəsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək istəyir. 4 il bundan əvvəl Heydər Əliyev Fonduna ünvanladıqları məktuba cavab ala bilməyən çarəsiz ana mətbuatın dəstəyi ilə səsinin duyulacağına ümid edir.

Redaksiyamıza müraciət edən Nahidə xanım qızının, 29 yaşlı Gilə Murquzovanın baş beyin kötüyündə şiş olduğunu deyib: "Bir ana kimi dünyanın ən böyük dərdini yaşayıram, bundan böyük daha heç nə ola bilməz. Övladım 2010-cu ildən bu xəstəlikdən əziyyət çəkir. Burada

apardığımız həkimlər səhv diaqnoz qoydular və müalicəni səhv apardılar. Bizə dedilər ki, 2 ay ömrü qalıb, şüaya vermək lazımdır. Biz də müalicəsini davam etdirmək üçün İrana apardıq. Amma orada da müalicə edə bilmədilər. Müalicəsi ancaq Türkiyədə mümkün oldu və bir müddətdən sonra ayağa qalxdı. Toy edib, gəlin köçürdük. Övladı dünyaya gələndən sonra evlərində güclü partlayış baş verdi və elə o gündən ağrıları yenidən başlayıb. Həkimlər deyir ki, xəstəliyi gecikdiyi üçün təcili olaraq müalicə olunmalıdır. Bizim isə maddi imkanımız çatmır. Xəstəliyin birinci mərhələsində hər şeyimizi satıb, onu ayağa qaldırdıq. İndi isə heç nəyimiz qalmayıb. Türkiyədə adi bir aparata düşməsi üçün on min manat lazımdır. Bu qədər pulu bizə kim verər ki?”.

Son ümidlərinin Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım olduğunu vurğulayan Nahidə xanım müraciətində belə deyib: "Hörmətli Mehriban xanım Əliyeva! Siz də bir anasınız. Mən Sizə bir ana kimi müraciət edirəm və inanıram ki, bir ana harayına biganə qalmayacaqsınız. Sizdən xahiş edirəm, mənim övladımın yenidən ayağa qalxması üçün yardım əlinizi uzadın. Onu 2 yaşlı körpəsinə bağışlayın. Azərbaycanda mümkün olmayan bu əməliyyatın keçirilməsi üçün Sizin köməyinizə, maddi dəstəyinizə ehtiyacımız var. Xahiş edirəm ki, Sizə ümidlə uzanan əllərimi boş qaytarmayasınız və övladımın sağlamlığının bərpası üçün köməkliyinizi əsirgəməyəsiniz.
Əlaqə telefonu: 070-204-41-46
Öncədən Təşəkkürlər”.

Şəymən