Sadəcə cəzalandırılıb...

Rusiyada Azərbaycanı müdafiə edən jurnalistin işdən çıxarılması “İhlas”ın müstəqil qərarı deyil




Türkiyənin "İhlas” xəbər agentliyinin (İHA) Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. Bu barədə jurnalist feysbukda məlumat verib. F.Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib:

"Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözləmədən "Su-24” böhranından sonra Türkiyənin mövqeyini Rusiyada müdafiə etmək başlıca "işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə "Rusiya-Türkiyə münasibətlərini çox qabartma, işindən atılarsan, heç kim sənə sahib çıxmaz” sözləri idi”. Fuad Abbasov iddia edib ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: "Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”. F.Abbasovun Moskvadan gələn göstərişlə işdən çıxarılması ilə bağlı açıqlamasına Türkiyənin İHA agentliyi münasibət bildirib. Agentliyin xarici xəbərlər departamentinin müdiri Muammer Serhen jurnalistin dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib: "Bu, doğru deyil. Onunla agentlik arasında anlaşma ləğv edilib. Bizim üçün videogörüntü önəmlidir. Lakin Fuad Abbasov qurumu görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb videogörüntü əskikliyidir”. Məlumat üçün deyək ki, Fuad Abbasov həmin agentlikdə 1997-ci ildən çalışıb. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərib. Maraqlıdır, agentlik nədən fəaliyyətindən narazı qaldığı əməkdaşını 6 il sonra işdən çıxarmaq qərarına gəlib?

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, "İhlas” xəbər agentliyi Türkiyədəki dindar camaatın maraqlarını təmsil edən bir media holdinqinin içində yer alır. Holdinqə dini ad seçimi də buradan qaynaqlanır: "Əvvəlki sahibini xatırlayıram, xeyriyyəçi kimliyi ilə tanınan mərhum Ənvər Örən olub. Türkiyənin bütün iqtidarları ilə münasibətlərini yüksək səviyyədə qurub. Bu gün Rusiya mətbuatında Türkiyənin və Azərbaycanın maraqlarını ən çətin şərtlərdə fədakarlıqla qoruyan Fuad Abbasovun işdən azad edilməsi "İhlas”ın müstəqil qərarı deyil. Konkret məlum deyil ki, Rusiyaya jest olaraq şovinist dairələri qıcıqlandıran bu fədakar ekspertin cəzalandırılması düşünülüb, yoxsa başqa bir səbəb var? Hər halda bu məqam ciddi araşdırılmalıdır. Əgər bu addımı "İhlas” qrupunun rəhbərliyi Rusiyadakı biznes maraqlarına görə müstəqil şəkildə atıbsa, o zaman bunun bir adı var: - Rusiya qarşısında Türkiyənin maraqlarını satmaq. Yəni bu qrupun rəhbərlərinin dininə, imanına, milli şərəfinə bir quş...”. Deputat bildirib ki, "İhlas” xəbər agentliyinin Azərbaycanla hansısa əlaqələri varsa, dərhal dayandırıb, bu buqələmunları ölkədən qovmaq yerində bir addım olardı: "Fuad Abbasova gəldikdə isə, ona Qarabağ savaşında fədakarcasına döyüşən Azərbaycan əsgərinə verilən qiymət verilməlidir. Çünki bu savaşımız ancaq silahla aparılmır, ağır döyüşlər mediada, teleməkanlarda da gedir. Fuad bəy bu məkanda və qeyri-bərabər döyüşdə xeyli erməniyə və onların xəstəliyinə yoluxmuş bir sıra ruslara lazımi zərbələri endirə bilib”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət Rusiyada çalışan jurnalist Fuad Abbasov barəsində verilən qərarın bu qədər gecikməsinə "təəccüb” etdiyini deyib: "Türkiyə ilə münasibətlərin kəskin olduğu bir şəraitdə Rusiyanın onu hər fürsətdə tənqid edən bir jurnalistə uzun zaman "dözməsinin” özü kifayət qədər təəccüblüdür. Açıq demək lazımdır ki, Rusiya televiziya kanallarına çıxıb Azərbaycanla, yaxud Türkiyə ilə bağlı konkret mövqe ortaya qoyan adamların həmin ölkədə rahat gəzib-dolaşması, işləməsi mümkün deyil. Hesab edirəm ki, Rusiya hökumətinin birbaşa təzyiqi altında "İhlas” xəbər agentliyi sadəcə olaraq duruş gətirə bilmədi və öz işçisini qurban verməli oldu. Hadisə bundan ibarətdir və qeyri-adi heç nə yoxdur. Hər halda "İhlas” agentliyi öz işçisindən imtina etmək istəməzdi. Amma görünür, Rusiyadakı mövcudluğunu qorumaq, fəaliyyətini davam etdirmək üçün belə bir addım atıb”.

İsmayıl