Adil Qeybulla: “Donor məlumatları məxfi saxlanılmaqla reyestrdə qeydə alınmalıdır”
"Reproduktiv sağlamlıq haqqında” qanunun yolu açıldı. Milli Məclisdə keçirilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulu subyektiv səbəblərdən ləngiyirdi.
Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsindəki bəzi maddələrin əleyhinə idi. Amma həm QMİ, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə keçirilən görüşlərdə layihədə onları narahat edən məsələlərə aydınlıq gətirildi və layihənin islama zidd olmadığı nəticəsinə gəlindi. Bu səbəbdən də Şeyxülislam qanun layihəsinə razılığını verib. Deməli, süni mayalanmanın da yolu açıqdır artıq.
Qeyd edək ki, QMİ-nin narahatlığına səbəb qanun layihəsində süni mayalanma ilə bağlı yer almış müddəalar olub. Hələ iki il əvvəl QMİ bununla bağlı mövqeyini kifayət qədər dəqiq açıqlamışdı.
Haramzada körpələr?
"...İslam hüququ (fiqh) və şəriət hökmlərinə görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının rəhninə tibbi üsulla yerləşdirilməsinə şəriət baxımından icazə verilir. Bu yolla doğulan uşaqlar şəri baxımdan bütün hüquqlara malik olurlar.
Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək isə haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olurlar.
QMİ olaraq birmənalı şəkildə bunu bəyan edir və nikahdankənar şəxslərin donorluq məsələsinə dair məlumatlar verilərkən QMİ-nin buna guya müsbət rəy verməsi barədə təhrifli fikirlərin yayılmasına etirazımızı bildiririk. Cəmiyyətimizin diqqətinə çatdırırıq ki, dini mərkəz olaraq, bu və digər mühüm məqamlara dair ətraflı fikir və rəylərimizi "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq Komitəsinə 2012-ci ilin dekabrında rəsmən təqdim etmişik. Maraqlananlar həmin məktubun mətni ilə QMİ-nin rəsmi vebsaytında (qafqazislam.com) tanış ola bilərlər”.
QMİ-nin açıqlamasında 10 il övladı olmayan ailələrə dövlət tərəfindən pulsuz süni mayalanma təklif ediləcəyinə dair də mövqe bildirilib: "Ümid edirik ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətimiz büdcə hesabına süni mayalanma həyata keçirilməsi məsələsində də milli mentalitetimizə, islamın şəri normalarına zidd hər hansı məqamın reallaşmasına yol verməyəcəkdir.
Bir daha bəyan edirik ki, süni mayalanmanın nikahdankənar şəxslərin donorluğu ilə həyata keçirilməsi haramdır. Dindarlar adından ümidvar olduğumuzu bildiririk ki, Milli Məclis belə bir qanunu müzakirəyə çıxarmayacaq və qəbul etməyəcəkdir”.
Şeyx niyə və nəyə razılıq verib?
"Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi. Qafqaz Müsəlmanları İdarəsi də məhz donorluq məsələsinə etiraz edirdi.
Göründüyü kimi, QMİ rəhbərinin mövqeyi aydındır. Şeyxülislam süni mayalanmaya qarşı yox, məhz donorluğa qarşıdır. Lakin sonrakı müzakirələr zamanı millət vəkili Ə.Əmiraslanov qeyd etdi ki, sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, ictimaiyyətin narazılığına səbəb olan məsələ də oradan çıxarılıb, müxtəlif qurumlarla sənəd razılaşdırılıb. Ə.Əmiraslanov bildirdi ki, sənədin qəbulunu gecikdirmək olmaz. İnsanlar bu qanunun qəbulunu gözləyir.
Qeyd edək ki, qanun layihəsində 10 il övladı olmayan ailələrin süni mayalanmanı dövlət hesabına həyata keçirə bilmələri də əksini tapır.
Süni mayalanma bahalı əməliyyat olduğundan kasıb ailələrin buna imkanı çatmır. Hesab edilir ki, əgər hazırda nikaha daxil olanların 9-11 faizi sonsuzluq problemi ilə qarşılaşırsa, dövlət dəstəyi nəticəsində bu faiz xeyli aşağı salına bilər.
Həmçinin qanun layihəsinə razılığın alınmasında bir sıra islam ölkələrindəki praktikaya da söykənilir. Qeyd edilir ki, İran və Türkiyə kimi müsəlman ölkələrində süni mayalanma ilə bağlı xüsusi qanun çoxdan qəbul edilib. Lakin bir xüsusi məqam var ki, Avropa ölkələrindən fərqli olaraq bu ölkələrdə süni mayalanma zamanı başqalarının donorluğundan istifadə edilmir, yalnız həyat yoldaşı donorluq edir. Azərbaycan da bu ölkələrin təcrübəsindən yararlanmalıdır.
Təhlükəli məqamlar da var
Fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında süni mayalanma məsələsinin həmişə geniş müzakirə və mübahisələrə səbəb olduğunu bildirdi:
- Süni mayalanma elə bir məsələdir ki, burada Azərbaycan cəmiyyəti birmənalı mövqe bildirmir. Məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi budur ki, övlad həsrəti çəkən ailələr arzularına qovuşacaq. Mənfi tərəfi isə bizim mental xüsusiyyətlərimizlə bağlıdır. Azərbaycan Şərq ənənələrini özündə yaşadan ölkədir və biz Şərq ailəsiyik. Düşünmək ki, istər qadın, istərsə də kişi süni mayalanmaya asanlıqla razılıq verəcək, absurd olardı. Bunun özü də ailələrdə böyük problemlər yarada bilər. Qadın istəyəcək, kişi istəməyəcək, yaxud əksinə. Və
ailələrdə narazılıqlar, söz-söhbət başlayacaq. Bu məsələlərdə ailələrə sərbəstlik verilməlidir. Bir nəfərin yalnız bir dəfə donor kimi çıxış etməsi şərti də məncə, düzgündür. Çünki bir nəfərin bir neçə dəfə donor kimi çıxış etməsi genetik qohumluqların sayını artıra bilər, həm də irsi xəstəliklərin yayılmasında da mənfi tendensiya kimi ortaya çıxar. Bu, çoxşaxəli problemdir. Həm ictimai, həm sosial tərəfləri var. Süni mayalanma hansısa ailələr üçün çıxış yoludursa, cəmiyyət üçün təhlükəli məqamları da var. Süni mayalanma nəticəsində şəxsiyyətin unikallığı getdikcə aradan qalxacaq. İnsanlar biri-birinə bənzəyəcək. Biri-birinin eyni olan insanlar dünyaya gələcək.
Ş.Namazova hesab edir ki, sonsuzluq probleminin minimuma endirilməsi üçün gənc ailələrə dövlət dəstəyi gərəkdir:
- Bu gün bir çox gənc ailələr var ki, vaxtlı-vaxtında həkim nəzarətindən keçə bilmir, müayinəyə gedə bilmir, lazımi dərman preparatlarını almağa imkanları çatmır. Məncə, gənc ailələrlə bağlı xüsusi dövlət proqramı işlənməlidir. Bəzən gənc ailələr sadəcə, həkim bilgisizliyinin qurbanına çevrilirlər. İllərlə müalicə alırlar, heç bir nəticəsi olmur, sonunda məlum olur ki, artıq orqanizm zədələnib və artıq valideyn olmaq imkanlarını itiriblər. Ona görə də ailələrə ilkin mərhələdə yardım göstərilməsi vacibdir. Azərbaycan Avropaya, mütərəqqi dünyaya inteqrasiya yolunu tutmuş bir ölkədir. Bir halda ki, dünyanın bir çox ölkələrində süni mayalanma ilə bağlı qanunlar qəbul edilib, biz də bunu edə bilərik. Amma qanunun qəbulu başqadır, onun işləməsi başqadır. Qanunlar qəbul olunduqdan sonra onların işlək mexanizmlərinin tapılması üçün bir qədər müddət lazım gəlir. Ümid edək ki, bizdə qanunun işlək mexanizmləri tez bir zamanda tapılacaq.
Milli məsələ...
Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla da deyir ki, bu, ailəyə bağlı bir məsələdir:
- Süni mayalanma deyəndə söhbət ekstrakorporal mayalanmadan gedir. İkinci bir variant isə donorun başqası olmasıdır. Adətən ana qalmaqla, ata tərəf donorun başqa şəxs olması şərti ilə mayalanma aparılır. Hər halda bunlar hüquqi məsələlər olduğu üçün ilk növbədə ailədaxili qərar olur və daha sonra bu məsələlər həll edilir. Əgər ailədaxili qərar yoxdursa, 10 il, 20 il keçsə də, buna müdaxilə etmək olmaz. 10 il müddətinə gəldikdə isə artıq müəyyənləşdirilir ki, ailə bütün müayinələrdən keçib və onların təbii yolla övlad sahibi olması mümkün deyil. Belə olan halda süni mayalanma aparılır. Bununla bağlı xərcləri dövlətin qarşılaması süni mayalanma ilə övlad sahibi olmaq istəsələr də, maddi imkansızlığa görə bunu edə bilməyənlərə böyük dəstək olardı. Amma məsələ ondan ibarətdir ki, bununla bağlı bütün məsələlər milli təhlükəsizlik konsepsiyası çərçivəsində icra olunmalıdır. Etnosun həm tərkibinə nəzarət edilməsi, həm də əhalinin etnik tərkibinə nəzarət edilməsi üçün bu məsələ milli təhlükəsizlik konsepsiyasına daxil edilməlidir. Donor məlumatları məxfi saxlanılmaqla reyestrdə qeydə alınmalıdır. Bu, milli təhlükəsizlik konsepsiyasına daxil olan məsələdir.
Məlahət Rzayeva