Əvvəllər deyirdilər sevgi bir baxışdan başlayır. Sevənlər biri-birlərinin baxışlarını oxumalıdılar. Ancaq indi dövr o dövr deyil! Zəmanə gənclərinin sevgisi bir "layk”dan başlayır. Belə ki, gənclər arasında söhbətləşmək imkanı yaradan sosial şəbəkələr vasitəsilə edilən uzun-uzadı virtual söhbətlərin evliliklərə qədər gedib çıxdığı məqamlara da rast gəlmək olur. Bəzən də internetdə tanış olub evlənmək istəyən cütlüklərin əlaqələrinin 89 faizində bu, istək olaraq qalır. Çünki onların ətrafındakılar bu kimi qərarlara hələ hazır deyillər. Millət vəkilləri, ictimaiyyət nümayəndələri isə hesab edir ki, internet tanışlığının tezliklə evliliyə çevrilməsi yolverilməzdir.
Çünki insanlar biri-birini tanımadan belə bir qərar verməklə həm özlərinin, həm də gələcəkdə bu ailədə doğulacaq uşaqlarının problemlərinin təməlini qoymuş olurlar.
Boşanmaların əsas səbəblərindən birinin sosial şəbəkələr, tanışlıq çatları olduğunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı hesab edir ki, Azərbaycan gənci ailə xeyir-duası, ağsaqqal məsləhəti ilə evlənsə, daha çox şey qazanmış olar: "Bir çox gənclərdən soruşursan ki, evlənməzdən öncə biri-birinizi haradan tanıdınız? Deyirlər ki, feysbukda tanış olduq. Belə də şey olar? Belə evlilik necə olur ki?.. Bu düzgün deyil”.
İnsanların müxtəlif vasitələrlə tanış olduqlarını deyən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov onlardan birinin də feysbuk və digər tanışlıq çatları olduğunu deyib: "Lakin bu cür tanışlıq zamanı tərəflərin biri-biri haqqında yetərincə məlumatı olmur. Hər bir tərəf özünü istədiyi kimi təqdim edir. Fikir versəniz, insanlar müxtəlif vasitələrlə informasiya ötürürlər. Bu informasiya həm verbal, həm də qeyri-verbal üsulla ötürülür. Verbal üsul informasiyanın sözlə çatdırılmasıdır, qeyri-verbal üsul isə göz təması, əl-qol hərəkəti, geyim tərzidir. Statistika göstərir ki, insanlar biri-birlərini gördükləri təqdirdə ünsiyyətdə olmasalar belə, özləri haqda 30 faiz informasiyanı ötürürlər. Belə bir ifadə də var: "sevənlər həmişə gözlə danışırlar”. Ancaq sosial şəbəkələrdə bu imkanlar çox azdır”.
E.Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə sevgi axtarışında olan insanlar psixoloji problemləri olanlardır. Misal üçün, qız sevdiyi oğlandan ayrılıb və ya həyatında heç kim yoxdur deyə, feysbukda kiminləsə tanış olur. Eləcə də oğlan həyatında emosional boşluq olduğu üçün hansısa xanımın profilinə baxıb onu bəyənir və onlar arasında münasibət başlayır: "İlkin mərhələdə münasibət ideal formada gedir. Onlar bir-biri ilə ünsiyyətdə olmasalar, qala bilmirlər. Amma bir müddətdən sonra görüşdükdə bunların bir qismi arasında problemlər yaranmağa başlayır. Bu problemlərin yaranmaması üçün sosial şəbəkələrdə tanış olanların real ünsiyyətdə olması vacibdir. Belə ki, onlar feysbukda ünsiyyətdə olduqda biri-birlərinə öyrəşirlər. Real həyatda biri-birlərini tanıdıqdan sonra isə problemlər yarananda ayrıla bilmirlər. Bu zaman onlarda depressiya, özünə qapanmalar yaranır”. Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva isə bu məsələyə birmənalı fikir söyləməyin çətin olduğunu deyib. Onun sözlərinə görə, həm real, həm də virtual tanışlıqdan qurulan ailələr arasında uğursuz nikahlara rast gəlmək mümkündür: "Məsələn, elə insanlar olur ki, internetdə tanış olur, evlənir və çox xoşbəxt olur. Ancaq əks nəticələr də görürük. Bunun səbəbi insanların virtual həyatda yaşını gizlətməsi, hətta ailəli insanların da bura daxil olmalarıdır. Ona görə bu məsələyə birmənalı münasibət bildirmək olmur. Ümumiyyətlə isə, bu ailələrin taleyi az-az hallarda uğurlu olur. Bizə müraciət edənlər arasında da belə insanlar olub. Ona görə də gənclər ailə qurarkən əvvəl düşünməlidirlər”.
Hazırda ölkəmizdə cavan, yaşlı, hətta uşaqların belə internet "xəstə”liyinə tutulduğunu vurğulayan ekspert deyib ki, internetdən istifadə, burada tanış olduğu biri ilə evlənmək əsasən aludəçilikdir, çünki burada insana yox, sözlərə aşiq olurlar: "Bu gün gənclər arasında bu hal bir dəbə çevrilib. Məsələn, bir qız internetdə oğlanla tanış olur və rəfiqələrinə onun zənginliyindən, evindən, maşınından danışır və bir çox hallarda isə bunlar yalan məlumatlar olur. Ancaq bu fikirlər bir virus kimi yayılır, digər qızlar da zəngin biri ilə ailə qurmaq üçün bu üsula əl atır. Çox zaman isə həmin oğlan varlı olmur, qız ona bağlanandan sonra onun yalan olduğunu anlayır. Bu əlbəttə, psixoloji sarsıntıya səbəb olur, bundan başqa, o ya yeni birini axtarır, ya da özü həmin üsuldan istifadə edir. Bu üsullardan istifadə qumar oyununu xatırladır. Çünki burada da qumar kimi udmaq da olar, uduzmaq da”.
Şəymən