Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI






Bu gün Milli Məclisin plenar iclasında "Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.
Qərar layihəsində MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.
Spiker Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq Milli Məclisə seçkilərdən sonra MSK-nın tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib. BAXCP sədri, millət vəkili çıxışında MSK üzvlərinə diplomatik pasportlar verilməsini təklif edib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov millət vəkillərini qərar layihəsinə səsverməyə çağırıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli MSK-nın formatının zamanında çox düzgün formalaşdırıldığını, MSK-nın peşəkar əsaslarla formalaşdırıldığını qeyd edib.
İclasda qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin - Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə isə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub. A.Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi idi. Lakin 2015-ci ildə keçirilən parlament seçkilərində Ümid Partiyası deputat mandatı qazana bilməyib.