Bizim aparıcıların əksəriyyəti Azərbaycanı tanımırlar. Gəlin bir sorğu keçirək, aparıcıların bir çoxu Azərbaycan bayrağının rənglərinin mənasını bilmir. Onlardan soruş ki, gerbimizin mənasını izah et, donacaqlar
"16 ildir efirdəyəm"
Vüsalə Əlizadə: "Bu günə qədər mənə bir salam sözünü yazıb verməyiblər ki, efirdə bu cümlələrdən istifadə et"
Bizim aparıcıların əksəriyyəti Azərbaycanı tanımırlar. Gəlin bir sorğu keçirək, aparıcıların bir çoxu Azərbaycan bayrağının rənglərinin mənasını bilmir. Onlardan soruş ki, gerbimizin mənasını izah et, donacaqlar
Bizim aparıcıların əksəriyyəti Azərbaycanı tanımırlar. Gəlin bir sorğu keçirək, aparıcıların bir çoxu Azərbaycan bayrağının rənglərinin mənasını bilmir. Onlardan soruş ki, gerbimizin mənasını izah et, donacaqlar
İndi elə şərait var ki, salonlar elə professional şəkildə fəaliyyət göstərirlər ki, meymundan adam düzəldirlər. Amma savadı makiyajla, əl gəzdirməklə düzəltmək olmur
Efir gözəlliyi, estetikanı sevir. Amma bu gözəlliyin içində bir də intellekt, savad və efir məsuliyyəti dayanırsa, təqdim olunan hər bir görüntü, efir məhsulu keyfiyyətli, səliqəli, estetik görünür. Tamaşaçı efirdə intellektual səviyyəli, danışığı, üslubu, duruşu ilə seçilən aparıcı görəndə həm sevinir, həm də ona olan simpatiyasına sadiq qalır. Azərbaycan teleməkanında çox gənc görünməsinə baxmayaraq 15 ildən artıqdır tamaşaçıların sevgisini qazana bilən aparıcı Vüsalə Əlizadə bu dəfə «Şərq»in qonağı oldu. Onunla teleməkanda baş verənlərdən, televiziya estetikasından, aparıcı məsuliyyətindən danışdıq. Həmsöhbətimizin cəsarətli açıqlamaları oldu. Efirdə yeni addımlarını atan həmkarlarına sərt mesajlar, haqlı iradlar da ünvanladı. 15 illik təcrübəni nəzərə alsaq, haqqı çatırdı tənqid ünvanlasın. Qonağımızın dediyi kimi, o, efirdə olan insan olmaqla yanaşı, eyni zamanda həm də tamaşaçıdır. Deməli, teleməkanın bugünkü görünüşü həm peşəkar televiziyaçı kimi, həm də bir tamaşaçı olaraq onu da narahat edir. Qonağımızla olan maraqlı söhbəti «Şərq»in oxucularına təqdim edirik.
- Vüsalə, artıq 15 ildən artıqdır efirdəsən. Hər zaman tamaşaçı auditoriyan geniş olub. Maraqlıdır, bu sevgi üçün nəyə borclusan?
- Tamaşaçı sevgisini qazanmaq yəqin ki, Allahın verdiyi bir lütfdür, tanrı hədiyyəsidir. Həqiqətən də bu illər ərzində efirdən kənarda da olmuşam, efir arxasında da çalışmışam. Ana olanda bir müddət efirdən uzaq düşdüm. Şəxsi həyatımda, ailədə problemlər yarandı, il yarım efirə çıxmadım. Amma efirdən kənarda redaktor, rejissor kimi çalışırdım. Sadəcə, tamaşaçı məni görmürdü. Amma tamaşaçı mənim adımı gördüyü hər məkanda darıxdığını çatdırırdı. Deyirdilər ki, sizin üçün darıxmışıq. Bir aparıcı üçün unudulmayan verilişlərə imza atmışam, tamaşaçı tərəfindən bu qədər sevgi qazanmaq aparıcı üçün böyük uğurdu. Bu gün də «Sirli Avrasiya» verilişi barədə danışanlar var.
- Nəzərə alsaq ki, bu gün aparıcılar daha çox tənqid olunur, müzakirə mövzusuna çevrilib, bu çoxluğun içində seçilmək üçün aparıcı hansı özəlliklərə sahib olmalıdır?
- Bizim dövrün uşaqları, efirə gələnlər bəlkə də ən istedadlıları idi. O dönəmdə mənimlə eyni vaxtda efirə gələn Zaur Baxşəliyev, İlkin Həsəni, Cavid Gül, «Çəkirəm, ha» Xəyalə, «Şarm» verilişini aparan Samira, Zümrüd, hər biri fərqlənə bilirdi. Bu günün təzə gələnlərini kim tanıyır? İkincisi də, bizim çox gənc yaşda qazandığımız sevgini indiki gənclər qazana bilmirlər. Elə ədalı gəliblər ki, o qədər təkəbbürləri var ki, düşünürsən ki, sən bununla nə qazanacaqsan? Tamaşaçı səmimiyyəti sevir. Sən insanlara qarşı nə qədər səmimi olsan, o qədər də tamaşaçın sənə sadiq qalacaq.
- O təkəbbürü sizlərə qarşı də göstərməyə cəsarət ediblər?
- Elə adamı yandıran budu. Səndən öyrəniblər, sənə baxıblar. Sənin duruşunu oğurlayır, bütün günü sənin sosial şəbəkələrdə olan paylaşımını kopyalayıb eynisini paylaşır. Tutaq ki, Vüsalənin paylaşdığı bu şəklə 100 min baxış oldusa, mən də eynisini təkrarlayıb bəlkə 10 min layk əldə edim. Səndən oğurladığı azmış kimi, hansısa məclisdə səni görəndə özünü elə göstərir ki, guya, səni tanımır. Hansı bacarığa, savada, təcrübəyə güvənirsən? Heç olmasa, mənim etdiyimin yarısını et, mənim qədər tamaşaçı sevgisi qazan, sonra təkkəbbürlə dayan. Mən 16 ildir efirdəyəm, bu günə qədər mənə bir salam sözünü yazıb verməyiblər ki, efirdə bu cümlələrdən istifadə et. Mən qulaqcıqla işləyən aparıcı olmamışam. Bir redaktor çıxsın desin ki, Vüsaləni efirdə mən idarə etmişəm. Olmayıb. Son illər canlı yayımlarda olarkən qulaqcıqdan istifadə edirik, o da reklama ayrılmaq və ya ümumi zamanı nəzərə almaq üçün məcbur qalmışam. Mən rejissorla efirdə ünsiyyətdə olmamışam. Bəlkə də bu, efir qüsurudur, o zamanlar televiziyanın texniki imkanları o qədər böyük deyildi. Mən efirə girəndə bircə mövzunu mənə deyirlər. Orda danışılanlar bədahətən gəlir. Çünki tamaşaçımla səmimiyəm. Tamaşaçının dili ilə danışıram deyə, tamaşaçı məni özündən biri kimi qəbul edir.
- Peşəkarlıq, intellekt səviyyəsi, savad aparıcıya vacib olan keyfiyyətdir. Amma bir çox aparıcılarımızda bunlar çatışmır. Mövzudan xəbərsizdilər, qonağın kimliyini tanımırlar.
- Təbii ki, aparıcının savadı mütləq olmalıdır. Aparıcının Azərbaycan dilindən anlayışı olmalıdır. Efirdə olan insan, aparıcı Azərbaycan tarixindən, mədəniyyətindən, mentalitetindən xəbərsizdisə, o necə mövzuya münasibət bildirə bilər? Aparıcı həkimlə ünsiyyətdədirsə, qonağı həkimdirsə, ən azı tibbi terminlərdən az da olsa xəbərdar olmalıdır ki, ona suallar ünvanlaya bilsin, diskusiya yaransın. Müğənni qonağıdırsa, musiqidən anlayışı olmalıdır. Aparıcı dediyin tək görünüşü, qaş-gözünün yaraşıqlı, gözəl olması ilə kifayətlənə bilməz. Aparıcının dünyagörüşü, savadı mütləq olmalıdır. Deyək ki, mən xarici musiqiləri dinləməyi o qədər sevmirəm, xarici musiqi barədə geniş məlumata sahib deyiləm. Mənə yetəcək qədər dünya ulduzlarını tanıyıram. Amma Azərbaycan musiqi dünyasında baş verən prosesləri izləyirəm.
Bizim aparıcıların əksəriyyəti Azərbaycanı tanımırlar. Gəlin bir sorğu keçirək, aparıcıların bir çoxu Azərbaycan bayrağının rənglərinin mənasını bilmir. Onlardan soruş ki, gerbimizin mənasını izah et, donacaqlar. Çünki məlumatları yoxdur. Mən bu aparıcıları da qınamıram. Onları efirə yönəldən, gətirən məsul insanları, televiziya rəhbərlərini qınayıram. Bu gün aparıcılar efirə təsadüfi gəlirlər. Əvvəllər, bizim dövrümüzdə qabiliyyət sınağından, kastinqdən keçirilirdi aparıcılar. İndi kim istəyir efirə gəlib aparıcı ola bilir. Mən gələn dönəmdə kastinq keçirilmişdi. Mən seçiləndə əvvəldən aparıcılıq təklif edildi. Amma razılaşmadım ki, bir müddət müxbir kimi çalışım ki, mühiti tanıya bilim. Yəni təcrübə toplayım. Mən AzTV-dən gəlmişdim. 7 yaşından AzTV-nin uşaq redaksiyasının üzvü idim, sonralar gənclər redaksiyasında çalışmışdım.
«Tələbə klubu» verilişini aparırdım. Yəni bu mühiti tanımaq üçün zaman qazandım. İndikilər yerindən duran kimi özlərini ulduz sayırlar. Mənim elə rəhbər vəzifədə çalışmaq kimi bir hüququm olsa, əminliklə deyirəm ki, efirə gələnləri kastinq vasitəsilə seçərdim. Çünki savadlı gənclərimiz var. Şərt o deyil ki, xanım efir üçün çox gözəl olsun, ya bəy yaraşıqlı görünsün. Onları sonradan da düzəltmək olur. Bir az baxımlı olsalar yetərlidir. İndi elə şərait var ki, salonlar elə professional şəkildə fəaliyyət göstərirlər ki, meymundan adam düzəldirlər. Amma savadı makiyajla, əl gəzdirməklə düzəltmək olmur. Bizimkilər efirə çıxan kimi özlərini alim hesab edirlər. Aparıcıların dil qüsurları çoxdur.
- Azərbaycan teleməkanının bugünkü görünüşü Vüsaləni qane edirmi?
- Əvvəllər kimsə yanımda deyəndə ki, «biz yerli kanallara baxmırıq», mənə pis təsir edirdi. Deyirdim necə yəni? Elə şey olar? Bəs necə xəbərin olur baş verənlərdən. O zamanlar sosial şəbəkələr də belə inkişaf etməmişdi. İndi başa düşürəm ki, tamaşaçı niyə elə deyir. Çünki mən də artıq yerli kanallara baxmıram.
- Baxmağa veriliş tapmırsan, yoxsa özün də bu mühitdəsən deyə yorulmusan?
- Açığını deyim, baxıb əsəbiləşirəm, qıcıqlanıram. Aparıcının yersiz, loru, ləhcə ilə, savadsız, bayağı danışığından əsəbiləşirəm. Efirdə qadın aparıcıların şit zarafatlarından yoruluram. Qadın aparıcının səsi bütün studiyanı bürüyür, çirkin görüntü yaranır. Şaqqıltı ilə əlini-əlinə vurur. Bu, xüsusilə qadın aparıcını ucuz göstərir. Səhnə, efir estetikası anlayışı bunlar üçün önəmli deyil. Çünki bundan xəbərsizdirlər. Aparıcı sənətkarı qonaq edib danışa-danışa elə gülür, başa düşə bilmirsən nə danışır, tamaşaçıya nə çatdırmaq istəyir. Səhər efirindədir, gecə libasında, zərli, daş-qaşlı paltarda çıxır efirə bəzi aparıcılar. Özünü göstərmək bu qədərmi vacibdi? Əgər buna çalışırsansa, onda podiuma çıx, nə qədər istəyirsən özünü göstər. Hansı dövrdə yaşayırıq? 2000-ci ildə deyilik. Sən aparıcı olaraq səhər efirinin paltarını ayıra bilmirsənsə, tamaşaçı səni necə qəbul etsin? Sinəsi açıq, fış-fış, yarıqlı libasla səhər tamaşaçı qarşısına necə çıxa bilərsən. Çağırdığı qonağa o qədər tərif yağdırır ki, elə zənn edirsən ki, onunla nəfəs alır. Sən sənətkara da eyni sözləri yağdırırsan, dünən sənətə gələni də bəh-bəhlə tərifləyirsən. İnternetdə yalançı baxış toplayıb özünü müğənni kimi təqdim edəni sən sənətkar kimi tanıdırsan. Sənə tamaşaçı inanarmı? Qeyri-səmimi münasibəti tamaşaçı dərhal hiss edir. Bayağıları biz özümüz tamaşaçıya sevdirməyə məcbur edirik.
- Bu gün efirdə olan aparıcıların dil-üslüb problemi də cəmiyyətin narazılığına, müzakirəsinə səbəb olub.
- Əslində bu iradları əsassız adlandırmaq olmaz. Bəli, bu gün ağzından söz tökülən, mübdəta ilə ədatın yerini bilməyən, Azərbaycan dilinin orfoqrafiyasından, lüğətindən xəbərsizlər efirlərdə at oynadırlar. Vallah, bu millətə yazıqdı. Efir təbliğat üçün ən güclü silah vasitəsidir. Televiziyada çalışan hər bir şəxs istər efirdə görünən, istərsə də efirdən arxada olan yaradıcı heyət efir məsuliyyətini dərk etməlidir. Sadəcə bu məqamda aparıcının üzərinə daha böyük məsuliyyət düşür. Çünki tamaşaçı yalnız aparıcının dilindən fikir eşidir, onun söylədikləri tamaşaçıda hər hansı hadisə, mövzu barədə fikir formalaşdırır. Ona görə də aparıcı dediyi hər bir ifadəyə, sözə görə məsuliyyət daşımalıdır. Bəzən elə düşünürlər ki, dil-üslub məsələsinə, diksiyaya yalnız xəbər aparıcıları nəzarət etməlidir.
Deyək ki, maqazin və ya şou verilişi aparan aparıcının dil-üslub məsələsinə önəm verilməməlidir. Bu, yanlış düşüncədir. Əgər musiqinin dili ilə dünyaya mesaj göndərmək mümkündürsə, deməli, sənətlə bağlı verilişlərlə də, şou xarakterli proqramlarla da cəmiyyətə təsir etmək mümkündür. Ona görə də bu layihələri təqdim edən aparıcılar dərk etməlidirlər ki, efirə tamaşaçı qarşısına çıxarkən təkcə bəzənib-düzənmək, yaraşıqlı görünmək üçün hazırlaşmaq yetərli deyil. Eyni zamanda verilişə hazırlaşmaq, qonağını tanımaq, qoyduğun mövzu barədə məlumatlı olmaq vacibdir. Aparıcı hər verilişinə məsuliyyətlə hazırlaşmalıdır. Qaldı bu gün efirlərdə əsas problem olan dil-üslub məsələsinə, aparıcıların nitq mədəniyyətinə, diksiya qüsurlarına, nə yazıq ki, bir çox aparıcılarda bunlar var. Hətta ən reytinqli verilişlərin belə aparıcılarında bu qüsur özünü göstərir. Əslində efir məkanı, televiziya standartları üçün çox vacib problemin üstündən, nədənsə, ötüb keçməyə çalışırıq.
Aparıcılar az qala kənddə tin uşaqları ilə danışıqlarını efirə gətiriblər. Bəziləri bunu səmimilik adı altında malalamağa çalışırlar, amma bu, səmimilik deyil. Səmimiliyi loru danışıqda, ləhcə ilə danışıqda, qonaqla şit zaraftlarda axtarmaq lazım deyil. Efirdə olan aparıcı onu izləyən tamaşaçıya bayağı küçə danışığı təbliğ edə bilməz. Bu, böyük qüsurdu. Yeniyetmələr, bizi izləyən uşaqlar efirdən nə öyrənirlər? Aparıcı qonağına qarşı hörmət nümayiş etdirməlidir. Bu onun borcudur. Əgər sən o qonağı efirinə, verilişinə dəvət etmisənsə, ona hörmətlə yanaşmalısan. Yox əgər səviyyəsi yoxdusa, onu efirə niyə dəvət edirsən? Dəvət edirsən ki, söz atasan, şəxsiyyətinə toxunub, şəxsi həyatı ilə bağlı şit suallar verib alçaldasan? Heç kimi efirdə təhqir etməyə kimsənin haqqı yoxdu. Bunu edən aparıcılar özlərini cəsarətli göstərməyə çalışırlar? Qonağının səviyyəsi səni qane etmirsə, sən onu niyə tamaşaçı qarşısına çıxarmalısan. Sadəcə reytinq olsun deyə?
Efirdə kiməsə söz atıb, qalmaqal yaratmaq üçün qonaq seçməzlər. Bu, peşəkarlıq deyil. Televiziyanın üzərinə düşən ən böyük öhdəlik cəmiyyəti maarifləndirmək, məlumatlandırmaqdı. Bizim efirlər isə son 5 ildə bayağılığı, savadsızlığı, qeyri-peşəkarlığı təbliğ edir. Bilirsiz, televiziya milyonların psixologiyasına şüuraltı təsir edə biləcək gücə malikdir. Biz bu gücü yanlış şəkildə dəyərləndirsək, cəmiyyəti zəhərləyə, gənclərin təfəkkürünü iflic edə bilərik. Şüurun zəhərlənməsi qədər qorxulu xəstəlik yoxdur. Bu, millətin mənən məhvinə gətirib çıxarar. Efirlər millətin beynini zəhərləməklə cinayətkara dönmüş olurlar. Bu məsuliyyəti dərk edək. Cinayətkar olmayaq. Cəmiyyəti zəhərləməyə kimsənin haqqı yoxdur.
- Efirdə estetika, görünüş də vacibdi. Xanım aparıcının görünüşünün onun karyerasına nə qədər təsiri ola bilər?
- Çox böyük təsiri olur. Məni hər zaman necə görmüsüz? Çalışmışam özümə baxım. İlk gündən də mənimlə çalışmaq üçün salonlar da, mağazalar da biri-biri ilə dava ediblər ki, bizdən geyinsin, bizi reklam etsin. Deyək ki, aparıcılarımız olub ki, çəkiliş üçün mağazalardan geyim götürüblər, bərbad vəziyyətdə, qoxulu qaytarıblar, filan. Mən həmişə aparıcı olaraq səliqəmə, görünüşümə diqqət yetirmişəm. Mən şərq üslublu xanımam. Məni tamaşaçı belə qəbul edib. Nə qədər modern üslub dəbdə olsa da, özümə yaraşanı seçmişəm. Özüməməxsus tərzim, üslubum olub. Tamaşaçı məni belə sevib. Avropasayağı tərz o qədər də mənə yaraşmır. Bəli, yaşla bağlı müəyyən elementlərdən istifadə edirəm. Amma şərq qadını obrazında məni daha çox sevirlər. Mən çox açıq-saçıq tərzi sevmirəm. Geyinsəm də, tamaşaçı dərhal yazır ki, belə geyinməyin, sizə belə yaraşmır.
- Tamaşaçı reaksiyası sənin üçün önəmlidirmi?
- Təbii. Mən tamaşaçı üçün efirə çıxıram. Önəm verməsəm, tamaşaçı məni necə sevər? Bu çox vacibdi. O sənə baxsın deyə efirə çıxırsan. Onun istəyinə önəm verməsən, o səni niyə sevsin, izləsin? Sən tamaşaçını itirəcəksən.
- Yeri gəlmişkən, efirə yeni layihə ilə gəlirsən…
- Bəli, «Dəb mənəm» adlı yeni layihə ilə efirə gəlirəm. Həftədə bir dəfə ATV telekanalında yayımlanacaq. Türkiyənin «Rinq media» şirkəti ilə birgə hazırlamışam. Xanımlarımız üçün nəzərdə tutulan, onlara zövq dünyasından məlumat verə biləcək bir proyektdir. Maraqlı bir yarışma olacaq. İzləməyə dəyər. Əminəm ki, noyabr ayının əvvəllərində efirdə olacaq bu layihə tamaşaçıların marağına səbəb olacaq. Çünki bizim xanımlar dəblə geyinməyi sevirlər. Baxımlı xanımlar üçün maraqlı bir proyekt olacağına şübhəm yoxdur.
Tahirə Məmmədqızı