Yük gəmisi yandı

Dəniz heyvanları tələf olub 

Şri-Lankada dalğalar yüzlərlə dəniz heyvanının cəsədini sahilə çıxarıb. İlkin araşdırmalara görə, bu kütləvi qırğının səbəbi təhlükəli kimyəvi maddələr daşıyan yük gəmisinin bir neçə həftə əvvəl batmasıdır. “Şərq” “milliyet.com”a istinadən xəbər verir ki, “X-Press Pearl” yük gəmisi Kolumbiya sularında günlərlə yandıqdan sonra batıb. Bugünədək dalğaların sahilə vurub çıxardığı dəniz heyvanları arasında 176 dəniz tısbağası, 20 delfin və 4 balina cəsədi var. “X-Press Pearl” 278 ton gəmi yanacağı və 50 ton qaz yağı ilə yanaşı, 25 ton nitrik-asit (azot turşusu) və kosmetika sənayesində istifadə edilən digər kimyəvi maddələr daşıyırmış. Bunlar geniş bir ərazidə ətraf mühiti zəhərləyəcək maddələrdir. Şri-Lanka rəsmiləri ilin bu fəslində dəniz heyvanlarının kütləvi tələf olmasının normal şərtlərlə izah edilməyəcəyini bildirir. Bunun yalnız, zəhərli kimyəvi maddələrin dənizə axması nəticəsində mümkün olacağını söyləyirlər. Rəsmilər hesab edir ki, dəniz heyvanlarının bu formada tələf olmasının əsas səbəbi batan gəmidəki zərərli maddələrin dəniz suyuna qarışmasıdır. Dəniz heyvanlarından başqa, Şri-Lankanın ən təmiz və gözəl sahil zolağına malik bölgəsində benzin axıntısı, gəmi qalıqları, plastik kütlə qırıqları da çoxalıb. Şri-Lanka hökuməti yanğın söndürmə məsrəfləri, 50 min balıqçının gəlir mənbələrinin itirilməsinə qarşılıq olaraq gəmi sahibi şirkətə 40 milyon dollarlıq təzminat davası açıb. Qeyd edilir ki, batmış gəminin kapitanı rusiyalıdır. Onunla birlikdə gəmi heyətinin 14 üzvü də məhkəmə qarşısına çıxacaq.