“Bloqqer”lərin fəaliyyəti qanunla tənzimlənməlidir
“Əgər “bloqqer” şəxsi həyatından, səyahətindən, gündəlik getdiyi restoranlardan yazırsa, o adamı jurnalist saymaq olmaz”
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan media qanunvericiliyinin hələ də klassik qanunvericilik səviyyəsində qaldığını deyib. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayan Ə.Amaşov deyib ki, media qanunvericiliyinə "blog”, "blogger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: "Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur.
Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya, Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”. Ə.Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu deyib.
"Bloq” və "bloqqer” anlayışlarının media qanunvericiliyinə əlavə edilmə zərurəti ilə bağlı ekspert rəylərinə keçməzdən əvvəl bloq nə deməkdir, haradan gəlir, nə üçün lazımdır kimi sualları aydınlaşdıraq. Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub. Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edildi. Bunun da nəticəsində "to blog” "bloq yaratmaq” ifadəsi yarandı və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "blog” ifadəsi yaranıb.
Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. Dünyanın bir çox ölkəsində bloqqerlərə xüsusi diqqət yetirilir.
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqqerləri hadisə baş verən məkandan operativ müsahibələr alaraq, hadisə şahidlərindən faktlar toplayaraq bloqlarda yerləşdiriblər. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Verilən lisenziyaya əsasən, bloqqerlər Rusiya qanunvericiliyinə uyğun olaraq reklam və xəbərlərlə çıxış edə bilərlər.
Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur bloqqerlər dəvət edilir. Elə bloqqerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.
Hazırda Azərbaycanda da minlərlə bloqlar aktiv fəaliyyət göstərir və onların sərbəst fəaliyyət göstərmələrinə heç bir məhdudiyyət qoyulmur. Ancaq hər sahədə olduğu kimi bloqqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.
Millət vəkili Zahid Orucun sözlərinə görə, heç şübhəsiz ki, gündəmə gətirilən bu məsələnin köklü əsası var. Millət vəkili bildirib ki, həqiqətən də keçmişdə mövcud olan KİV anlayışı indi tamamilə dəyişib.
"Zənn edirəm ki, ən önəmli məsələ hazırkı dönəmdə hər hansı bir müstəvidə müəyyən bir auditoriyanı toplamaqdır. Bu cəhətdən hərdən bloqqerlik, sosial şəbəkələrdə aktiv fəaliyyət özlüyündə açıq şəkildə media sisteminin işinə kifayət qədər yaxındır.
Əslində burada da qələm fəaliyyəti, yaradıcı iş həyata keçirildiyindən, eyni zamanda, informasiya siyasəti yürüdüldüyündən bunu tamamilə jurnalistika fəaliyyəti ilə eyniləşdirmək mümkündür.
Və bu təkcə müəyyən bir oxucu kütləsi qazanmaq, hansısa bir status əldə etmək deyil, eyni zamanda, onun məsuliyyətini daşımaq anlamına gəlir. Bu mənada onların da fəaliyyətinin KİV-lə bağlı mövcud olan qanunvericiliklə tənzimlənməsinin tamamilə tərəfindəyəm. Hazırda yeni jurnalistika da, yeni internet mediası inkişaf edir. Bloqqerlərin fəaliyyəti yeni medianın fəaliyyətinə çox yaxındır. Ona görə də bloqqerləri, jurnalistika ilə məşğul olan insanlar da bir növ jurnalist hesab edilməlidir”.
Bloqların fəaliyyət istiqamətinə aydınlıq gətirən gənc fəal Bəxtiyar Hacıyevin sözlərinə görə, "blog”lar hər hansı bir mövzuda, yaxud şəxsi baxışları əks etdirən yazıların müəyyən ardıcıllıqla dərc edildiyi internet səhifələridir. Bloqqer isə bu yazıları yazan və paylaşan şəxslərdir. Azərbaycanda bloqların daha çox 2004-2005-ci illərdən yazılmağa başladığını vurğulayan gənc fəal deyib ki, bir müddət beynəlxalq təşkilatların dəstəyi, yerli QHT-lərin təşkilatçılığı ilə Azərbaycanda bloqların və bloqqerlərin sayının artması istiqamətində layihələr həyata keçirilib və bir çox yeni bloqlar açılıb.
B.Hacıyev deyib ki, feysbuk, tvitter kimi sosial şəbəkələrin geniş yayılmasından sonra bir çox insan öz fikirlərini bloqlarda yox, məhz həmin sosial şəbəkələrdə yaymağa başlayıblar: "Sosial şəbəkələrdə fikirlərin yayılması daha sürətlə baş verir. Çünki bir adam hər gün müxtəlif bloqları açmaya bilər, amma hər sosial şəbəkə istifadəçisi öz hesabına daxil olanda, həmin gün izlədiyi və ya dostluğunda olan şəxslərin yazılarını xəbər lentində görə bilir. Bu baxımdan demək olar ki, nüfuzlu sosial şəbəkələr bloqların fəaliyyətini kölgələyib”.
"Bloqqer”lərin jurnalist sayılıb-sayılmaması məsələsinə gəldikdə isə B.Hacıyev hesab edir ki, əgər "bloqqer” şəxsi həyatından, səyahətindən, gündəlik getdiyi restoranlardan yazırsa, o adamı jurnalist saymaq olmaz: "Lakin elə bloqlar var ki, orada mövzuların əksəriyyəti iqtisadi, ictimai-siyasi mövzulardır. Bu bloqlardakı yazıların əksəriyyətinin minlərlə oxucusu olur. Hətta 2007-2009-cu illərdə dəfələrlə bir şeyin şahidi olmuşam. Yəni, beynəlxalq aləmdə bir çox şəxslər, analitiklər, diplomatlar sadəcə rəsmi xəbərləri, məqalələri yox, həm də bloqlardan vətəndaş mövqeyini də öyrənir və izləyirlər. Belə bloqların sahiblərini isə düşünürəm ki, jurnalist saymaq olar”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət:
- May ayının əvvəllərində Helsinkidə YUNESKO-nun "Dünyada mətbuat azadlığının təmin olunması”na həsr olunan tədbirdə iştirak etmişəm. Sizin qaldırdığınız bu məsələ orada da müzakirə olundu. Dünyanın müxtəlif ölkələrindən gələn media təmsilçiləri bloqqerlərin jurnalist hesab edilib-edilməməsini müzakirə etdilər və fərqli fikirlər səsləndi. Bəziləri bloqqerlərin fəaliyyətinin qanunla tənzimlənməsinin absurd olduğunu düşünürdü, bir hissəsi isə dedi ki, əgər konkret fərdlər bu işi özünə fəaliyyət sahəsi olaraq seçirsə, onların fəaliyyəti mütləq şəkildə tənzimlənməlidir. Amma həmin tədbirdə heç bir nəticə əldə olunmadı, sadəcə müzakirələr aparıldı və dağılışdıq.
Konkret olaraq, Azərbaycana gəldikdə isə A.Həsrət Əflatun Amaşovun təklifinin bir neçə dəfə Mətbuat Şurasında müzakirə olunduğunu deyib: "Bloqqerlərin dünyanın hər tərəfində ictimai-siyasi proseslərə təsir edən şəxslərə çevrilib. Amma bu fəaliyyət sahəsi ilə məşğul olan şəxslər özlərini rəsmən bloqqer elan etmədikcə, onların "bloq”çu kimi təqdim olunması problemlər yaradır. Azərbaycanda müəyyən gənclər var ki, konkret cinayət əməlinə görə həbsə atıldıqdan sonra ətrafındakılar onların bloqqer olduğunu və hansısa yazısına görə təqib olunduqlarını bəyan edirlər. Hansı ki, tutulduqları ana qədər həmin gənclər haqqında ictimaiyyət məlumatlı olmayıb. O zaman ortaya məntiqli bir sual çıxır: İctimaiyyətin tanımadığı bir bloqqer, doğrudanmı, hakimiyyət üçün təhlükəli ola bilər? Əlbəttə ki, yox! Hesab edirəm ki, bu cür ziddiyyətli mövqelərin qarşısını almaq üçün bloqqerlərin fəaliyyəti qanunla tənzimlənməlidir. Media qanunvericiliyində "blog” nədir, bloqqerlər kimlərdir, konkret şəxslər bu işlə məşğul olduqları zaman hansı qaydalara əməl etməlidirlər kimi suallara aydınlıq gətirilsə, konkret cinayət əməlinə görə həbs olunan adamlar da özlərini həbsxanadan bloqqer elan edə bilməzlər. Digər bir məqam isə ondan ibarətdir ki, bloqqerlər müstəqil şəxslərdir və nə istəyirlər yazırlar. Onlardan jurnalistikanın prinsiplərinə əməl etmək tələb olunanda isə jurnalist olmadıqlarını iddia edib, məsuliyyətdən yayınırlar. Hesab edirəm ki, "blog” və "blogger” anlayışları media qanunvericiliyində öz əksini tapsa, onlar üçün də konkret prinsiplər müəyyənləşdirilər və onlar da öz yazılarında keyfiyyət dəyişiklikləri edərlər. Üzərlərinə ciddi bir məsuliyyət düşər. Bloqqerlər dünyanın hər yerində var. Əslində onlar jurnalist deyillər. Sadəcə jurnalist fəaliyyəti ilə məşğul olurlar. Hesab edirəm ki, qanunvericiliklə tənzimlənsə, konkret sərhəd müəyyənləşər və onların fəaliyyətləri konkret bir çərçivəyə salınar. Belə olan halda artıq bloqqerlərlə bağlı ziddiyyətli suallar da cavab tapmış olar”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb