Hər maddə oxunduqca insanlar gözüyaşlı alqışlayırdı18 oktyabr Müstəqillik günü böyük təntənə ilə keçirilməlidir: “Hamımız bayram sevinci yaşamalı, hər birimizin evində süfrə açılmalıdır"
1991-ci il oktyabrın 18-i Müstəqillik haqqında Konstitusiya Aktının qəbulu ilə ölkəmizin suverenliyi bütün dünyaya elan olundu. Beləliklə, 1918-ci ilin mayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində ölkənin dövlətçilik tarixində yeni müstəqillik dövrü başlandı. Bu gün həmin tarixdən 27 il ötür.
Tarix boyu ərazi bütövlüyü və varlığını qılınc və qələmlə sübuta yetirən Azərbaycanın müstəqilliyə qovuşması gərgin mübarizədən, 1990-cı il 20 Yanvarın qanlı faciəsindən keçib. Lakin xalqımız azadlıq, müstəqillik amalından qətiyyən geri durmayıb. Böyük fədakarlıqlar və qurbanlar hesabına öz müstəqilliyi uğrunda inamla mübarizə aparan xalqımız, nəhayət, 1991-ci ildə buna nail olub. Əlbəttə, müstəqilliyin ilk illəri heç də asan olmayıb. Bir yandan keçmiş Sovet imperiyasını qoruyub saxlamağa çalışan qüvvələrin təzyiqi, digər tərəfdən Ermənistanın torpaqlarımıza qarşı davam edən təcavüzü, ölkə daxilində sabitliyin və vahid strateji xəttin olmaması, tarixi nemət olan müstəqilliyin tam bərqərar olmasına imkan vermirdi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Ölkə vətəndaş müharibəsinin astanasına gəldi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmlənməsinə xidmət edən başlıca amil oldu. Onun hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı.
Gəncədə baş verən hadisələrin qarşısı dinc yolla alındı. Əlikram Hümbətovun elan etdiyi qondarma Talış Muğan Respublikası ulu öndərin xalqa müraciəti və sadə insanların təzyiqi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin və qondarma Car-Balakən Respublikası yaratmaq cəhdlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı.
Ölkədə əmin-amanlıq, sabitlik yarandı, inflyasiya dayandırıldı, aqrar sahədə islahatlara başlandı. 1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən ümummilli lider Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına tam nail oldu. Hərc-mərclik, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu. İctimai-siyasi sabitlik bərqərar edildi. Ölkədə peşəkar parlament yaradıldı. Eyni zamanda xarici siyasətdə mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.
Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutub və bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb. Bunun səbəbi odur ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmaqdadır. Planetin kiçik dövləti artıq dünyanın ən böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrilməkdədir. Ən böyük regional layihələrin ünvanına çevrilən Azərbaycan həm də sülh dövlətidir, siyasi sabitlik bölgəsidir.
İstiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrını Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik tarixi gün kimi dəyərləndirib. S.Rüstəmxanlı bildirib ki, həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatıb və dövlətimizin müstəqilliyi bərpa olunub: "Bu bərpa prosesində təkcə həmin dövrün mübariz adamları yox, həm də 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın imzası var. Minlərlə fikir adamının 70 il ərzində daşıyıb xələfinə ötürdüyü milli şüur 80-ci illərdə böyük bir axına çevrildi və bu axın bizi ən böyük arzumuza - azadlığımıza qovuşdurdu. "İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. İmzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olundu. Dövlət Müstəqilliyinin Bərpası Günü təkcə bir xalqın diriliş tarixi deyil, həm də hər bir azərbaycanlının doğum günüdür. Məhz bu şanlı gündə bizim bir dövlət və xalq olaraq gələcəyimizin əsası qoyuldu. Sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, dövlətimizin, azadlığımızın əbədi olmasını arzulayıram. Bir gün bu bayramı Qarabağda qutlayacağımıza da qətiyyətlə inanıram”.
Millət vəkili, tarixçi-alim Musa Qasımlı da "Şərq”ə açıqlamasında bəyan edib ki, dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir: "İndiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Ötən 27 ildə keçilən yol bir çox ölkələrin onilliklər ərzində keçdiyi yola bərabərdir. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət
nəticəsində bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir. Güclü ordumuz var. Azərbaycan dövləti keçmiş sovet məkanında müstəqil inkişaf etməyin nümunəsini verib”.
İsmayıl