O balı toplamaq cəsarət istər!

Bəzən saatlarla uçurumlara dırmaşmaq üçün həyatlarını riskə atırlar

“Associated Press” Nepalda sıldırım dağlarda yetişən yabanı balın toplanmasını əks etdirən fotolar yayıb. Dünya yabanı balın necə əziyyətlə toplandığını bu fotolardan görüb. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki,  yabanı balı toplamaq üçün nepallılar dağ uçurumlarına təhlükəli dırmanışlar edir. Bal əldə etmək üçün dağlara dırmanış bəzən saatlarla çəkir. Uçurumun kənarında kəndir nərdivanla bal toplamaq böyük cəsarət tələb edir. Amma yoxsul insanlar pul qazanmaq üçün canlarını – həyatlarını riskə atmaqdan çəkinmirlər.

Bal toplamaq prosesində bir neçə nəfər iştirak edir. Kəndir nərdivanla sərt qayalıqlara dırmaşanlar bal pətəklərini özləriylə götürdükləri səbətlərə yığır, sonra da səbətləri aşağıda dayananlara kəndirlə ötürürlər. Yabanı bal toplanmasını əks etdirən fotoları AP-nin fotomüxbiri Niranjan Shrestha Nepalın paytaxtı Katmandudan 185 kilometr məsafədə yerləşən Dolakha əyalətində çəkib.

Bal toplanmasında “bal ovçusu” kimi tanınan Devi Bahadur və komandası iştirak edib. Komanda dik yamaclar və dərin vadilərdən keçərək Himalayın ətəklərindəki uçurumun altına çatırlar. Əllərində bambukdan yoğun kəndirlər, bambuk çubuqları, bal toplamaq üçün digər əşyalar, səbətlər  olur. 

Bütün bu əşyaları yol boyu daşıyırlar. Yol uzun və yorucu olduğundan bal ovçuları özləriylə yemək və içməli su da götürür. Əsl təhlükə isə Tama Koshu çayının kənarındakı uçurumda başlayır. Yolçuların axtardığı xəzinə - yabanı bal məhz bu uçurumun zirvəsindədir. Devi və komandası əşyalarını çəmənlikdə yerbəyer etdikdən sonra ocaq qalayırlar. Ocağın tüstüsü yüksələndə bal xəzinəsini əldə etmək üçün yüksəkliyə təhlükəli dırmanış başlayır. Bambukdan düzəldilmiş kəndir nərdivanla yuxarıya doğru dırmanırlar. 

Başlarında qoruyucu maska olur. Bir əllərində bambuk  çubuğu, o birində səbət. Aşağıdakılar da onları dörd gözlə izləyir. Bal pətəklərinə çatdıqda əllərindəki çubuqla pətəkləri qurdalayır, “əsəbi” arılar pətəkdən çıxır. Arılar çıxınca sap-sarı, dilim-dilim pətəkləri səbətlərə toplayırlar. 

Aşağıda gözləyənlərə işarə verir və onlar enən səbəti qarşılayır. Səbət yerə çatdıqda pətəyin üzərindəki arıları sürətlə təmizləyirlər. Bir nəfər balı cəld süzməyə başlayır. 

Və çox az rast gəlinən yabanı bal süzülüb hazır vəziyyətə gətirilir. Bal toplayanlar qoruyucu maskalardan, əlcəklərədn istifadə etsə də, vəhşi arılar əmək verdikləri neməti asanlıqla təslim etmir. Arılar bal toplayanların əllərini, üzünü dəfələrlə sancır. 

Günün sonunda 34 litr bal əldə edilir. Amma Devi bahadurun əlləri, üzü, ayaqları da arı sancmasından qıpqırmızı və şişmiş olur. Bu yabanı balın kiloqramı bazarda 25 dollara satılır. Hər  cür təhlükəyə baxmayaraq bal ovçuları sonda ailələrinə qazanc aparır.