Papanın Qərb dünyası üzərində ideoloji təsir gücü var

Millət vəkili Fransiskin Bakıya gözlənilən səfərini müsbət qarşılayır, amma...
“Papa Azərbaycanı görməyib, bizi tanımır, tariximizi, ənənəmizi bilmir. Gələr, görər, sonra haqqımızda öz düşüncəsini ifadə edər”


Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri "Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Bu barədə Vatikanın yaydığı məlumatda bildirilib. Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Azərbaycana gələcək.

Deyilənə görə, "hamımız qardaşıq” şüarı "İncil”də yer almış kəlamdan götürülüb. Xatırladaq ki, bir müddət öncə Ermənistana səfər edən Papanın qondarma erməni "soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri fikirlər Azərbaycan tərəfinin narazılığına səbəb olmuşdu. Bu baxımdan Fransiskin ölkəmizə səfəri və burada deyəcəyi sözlər xüsusi maraqla gözlənilir. Vatikan liderinin səfəri barədə "Şərq”ə danışan millət vəkili Araz Əlizadə deyib ki, dünyada katoliklərin sayı həddən artıq çoxdur. Bu səbəbdən katolik liderinin Azərbaycana səfəri siyasi anlamda müsbət dəyərləndirilə bilər: "Papa Azərbaycanı görməyib, bizi tanımır, tariximizi, ənənəmizi bilmir. Gələr, görər, sonra haqqımızda öz düşüncəsini ifadə edər. Şəxsən mən Roma Papasının "torpaq nədir ki, insanlar ondan ötrü biri-birini qırırlar” sözü ilə razı deyiləm. Papa zəhmət çəksin, katoliklərin tarixinə baxsın. Zaman olub ki, xristianlar nəinki quru torpağa görə, ən adi şeylərə görə biri-birinin qanını içiblər. Hətta elmi kəşflər edən alimləri yandırıb, dərilərini soyublar. Müasir dövrdə də onların işğalçılıq siyasəti davam etdirilir. Ən əsası isə odur ki, katolik məzhəbinə mənsub olan xristian liderlərin əksəriyyəti "uşaqbaz” olurlar. Bu, Vatikanın qarşısında duran ən ciddi problemdir. Yəni özlərinin kifayət qədər dərdləri var. Amma buna baxmayaraq, Papanın səfərini müsbət qarşılayıram”. Deputat bildirib ki, ABŞ Suriyanı vurmaq istəyəndə Roma Papasının məktubu Avropa ölkələrində ciddi əks-səda verdi: "Nəticədə Vaşinqton Suriya məsələsində tək qaldı və Avropanın ciddi dəstəyini ala bilmədi. Düzdür, dövlət kimi cırtdan Vatikanın çəkisi, əhəmiyyəti yoxdur. Ancaq Papanın Qərb dünyası üzərində ideoloji təsir gücü var”.

İsmayıl