“Ermənistan ordusunda kadr problemi uzun zamandır mövcuddur”

Bu, yeni məsələ deyil



"Ermənistan ordusunda kadr çatışmazlığı var”. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyib. Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin komandir heyətində yüksək ixtisaslı zabitlər yoxdur: "Rusiyada və Belarusda hərbi təhsil alan Ermənistan hərbçilərinin sayının artması Ermənistan ordusunun ehtiyacından irəli gəlir. Xaricdə təhsilin məqsədi ordudakı boşluğu aradan qaldırmaqdır”.

Baş katibə görə, Qafqazda vəziyyətin çətin olmasının səbəbi hamıya məlumdur: "KTMT bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz təşkilat olaraq bu və digər münaqişələrin siyasi yolla həllinə kömək etməyə hazırıq. Ancaq KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər münaqişələrə qarışmır”. Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən politoloq Tofiq Abbasov deyib ki, KTMT-yə daxil olan ölkələr qurumun nizamnaməsinə uyğun olaraq müəyyən öhdəliklər daşıyır. Həmçinin, bir çox məsələlərdə təşkilatla əməkdaşlıq etmək tələb olunur: "Əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi sahədə birgə çalışmaq və kadr hazırlığını yüksəltməkdir. Neçə ildir Ermənistanın yüzlərlə zabiti Rusiyanın hərbi məktəblərində təhsil alır və təcrübə toplayırlar. Ancaq bu, yeni məsələ deyil və formal prosedura uyğun həyata keçirilir. Reallıq ondadır ki, yüksək hazırlıqlı kadrların olması erməni ordusunun güclü olması anlamına gəlmir. Strateji anlamda, ordunun say nisbətinə, hərbi texnikanın müasirliyinə, kadrların yüksək hazırlığına və əhval-ruhiyyəyə görə, Azərbaycan düşmən ölkədən xeyli qabaqdadır. Aprel savaşında ordular arasındakı açıq fərqi hamı müşahidə etdi”. Ekspertin fikrincə, erməni tərəfi növbəti toqquşmalara hazırlıq görürsə, onda hərbiçiləri xeyli dərs almalıdır: "Ermənistan ordusunda kadr problemi uzun zamandır mövcuddur və düşmən tərəf bu çatışmazlığın öhdəsindən gələ bilmir. Qarşı tərəfin silahlı gücləri, döyüş hazırlığı bərbad vəziyyətdədir. Düşmən və onlara dəstək verən ölkələr bilsinlər ki, onların arsız istəkləri dövrün tələbləri ilə uzlaşmır. Kadr potensialını artırmaqla müasir və güclü Azərbaycana güc yetirmək mümkün deyil”.

İsmayıl