“G-20” də nefti xilas edə bilmədi
“Qara qızıl”ın qiymətinin artacağı gözlənilmir
Çində keçirilən "G-20” sammitində verilən bəyanat neftin qiymətinin kəskin artmasına səbəb olub. Brent markalı neftin qiyməti 5 faiz yüksələrək 49 dollara çatıb. Neft qiymətlərinin sentyabrın 24-26-da Əlcəzairdə keçiriləcək OPEK-in növbədənkənar sammitinə qədər 45-55 dollar diapazonunda qalacağını proqnozlaşdırır. Forum çərçivəsində neft hasilatının "dondurulması”na dair danışıqlarının bərpa olunacağı da gözlənilir.
Bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub. Xatırladaq ki, Rusiya energetika naziri Aleksandr Novak ilə S.Ərəbistanın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Abdul Aziz tərəfindən imzalanan bəyanatda neft bazarında stabillik yaratmaq nəzərdə tutulub. İran Prezidenti Həsən Ruhani də OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdə Tehranın neftin qiymətinin sabitləşməsinə yönələn addımları dəstəklədiyini deyib. Neft hasilatının "dondurulması” ilə bağlı danışıqların getdiyi bir məqamda Rusiya rekord həcmdə neft çıxarmağa başlayıb. Rusiyada neft hasilatının orta sutkalıq
həcmi sentyabrın əvvəlindən sutkada 11 milyon bareldən çox təşkil edib. Neft ətrafında cərəyan edən proseslərlə bağlı danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, neft hasilatının sabitləşdirilməsilə bağlı iki ölkənin verdiyi birgə qərarın bazara heç bir real təsiri olmayacaq: "Bildiyiniz kimi sentyabr ayının sonlarında Əlcəzairdə keçiriləcək enerji forumunda həm OPEK-ə üzv, həm də ondan kənar neft hasil və ixrac edən dövlətlərin qeyri-formal bir görüşü nəzərdə tutulub. Həmin görüş ərəfəsində əsasən neft hasil edən ölkələrin rəhbərləri beynəlxalq bazarda tarazlıq və uzun müddətli balansın bərqərar olması ilə bağlı bəyanatlar verməyə başlayıblar. Bu istiqamətdə ilkin bəyanat Əlcəzairin neft nazirindən gəldi. Ardınca OPEK-in hazırkı rəhbəri tərəfindən analoji bəyanat verildi. Sonra Səudiyyə Ərəbistanının energetika naziri bəyanat verdi ki, hazırda neft bazarlarına hər hansı bir təsirin edilməsinə ehtiyac yoxdur. Onun bildirdiyinə görə, hazırda beynəlxalq neft bazarları düzgün xətt üzrə inkişaf etməkdədir. Daha sonra Rusiya energetika naziri Novak neft bazarlarında uzun müddətli tarazlığın saxlanılmasına təsir edən əks bir fikirlə çıxış etdi. Novak bildirdi ki, hazırda hasilat həcmlərinin aşağıya salınmasına lüzum yoxdur. Hesab edirəm ki, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı rəsmilərinin fikirlərində müəyyən həqiqət var”. Ekspertin sözlərinə görə, qarşıdakı aylarda OPEK-in digər üzvləri tərəfindən sutkalıq hasilat həcmi artırıla bilər: "Hazırda Liviyada sutkalıq neft hasilatı 300-350 min barel arasındadır. Halbuki bu ölkədə "ərəb baharı”ndan əvvəl sutkalıq hasilat 1,6 milyon barelə çatırdı. Nigeriyada da neft infrastrukturlarına edilən həmlələrdə bir qədər ləngimələr var. Baxmayaraq ki, bir neçə gün öncə bu ölkənin neft infrastrukturlarına həmlələr oldu. Bu həmlələr nəticəsində Nigeriyada sutkalıq neft hasilatı 1,4 milyon barelə qədər endi. Halbuki, əvvəl bu rəqəm 2,1 milyon barel civarında olub, yəni 700 min barel azalma var. Deməli, adını çəkdiyim ölkələrin hasilat həcmlərini artırmağa haqları çatır”. Z.Vəliyevin fikrincə, Rusiya ilə yanaşı, beynəlxalq neft biznesində kifayət qədər təcrübəyə sahib olan İran da hasilat həcmini artırmaqda qərarlıdır: "İranın neft naziri açıq şəkildə bəyan etdi ki, Tehran beynəlxalq neft bazarlarında tarazlığa yönəlik istənilən addımları dəstəkləyir. Lakin beynəlxalq neft bazarı oyunçuları İranın sanksiyalardan öncəki satış bazarlarına qayıdış haqqını tanımalıdır. Amma inanmıram ki, daim rəqabətdə olan Səudiyyə Ərəbistanı ilə İran bir-birinə güzəştə getsin. Baxmayaraq ki, Əl-Riyad Asiya və Amerika bazarlarına ixrac etdiyi neftin qiymətini qaldırıb. Lakin Avropa bazarlarına verdiyi neftin qiymətini əksinə, aşağı salıb. Belə çıxır ki, Əl-Riyad Avropanın neft bazarında Rusiya və İranla kəskin rəqabətə girib”. İqtisadçı deyib ki, forum öncəsi səslənən çıxışları ciddiyə almağa dəyməz: "Beynəlxalq neft bazarları artıq elə həssas olublar ki, istənilən vəzifəli şəxsin bəyanatı bütün məsələləri həll edir. Tutaq ki, tarazlıq bərqərar oldu və neftin qiyməti bir qədər bahalaşdı. Qiymət qalxan kimi ABŞ-da şist neftin hasilat həcmində artımlar müşahidə olunacaq. 9 həftədən çoxdur Amerikada aktiv qazma quyularının sayı durmadan çoxalır. Artıq belə quyuların sayı 406-ya çatıb. Keçən il isə 680 ədəd idi. Yəni beynəlxalq neft bazarında qiymətlər 50 dolları keçən kimi ABŞ-da neft hasilatı həcmi artmağa və aktiv qazma quyularının sayı da çoxalmağa başlayacaq. Amerikaya bir ay vaxt lazımdır ki, həmin quyuların fəaliyyətini bərpa etsin”. Z.Vəliyev bildirib ki, hazırda ehtiyatda kifayət qədər fiziki neft həcmləri mövcuddur: "Enerji bazarlarında kifayət qədər neft məhsulları var. Bazar həddən artıq aşıb-daşır. İlk olaraq, bu rezervlər həzm edilməlidir ki, neftin qiymətində müəyyən artmalar və bazarlarda tarazlıq baş versin. İkinci bir tərəfdən, beynəlxalq neft bazarı şəffaf deyil. Burada siyasi həmlələr, spekulyativ amillər baş verir. Gah uzun, gah da qısa müddətli neft kontraktlarına üstünlük verirlər. Çünki hər dövlətin öz maraqları var. Üstəlik, hansısa dövlətin neft hasilatına nəzarət edə biləcək bir mexanizm mövcud deyil”.
İsmayıl