Universitetlərin reytinqi vacib məsələdir

“Amma çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən universitetlər hələlik beynəlxalq universitetlər səviyyəsinə çatmayıb”



Azərbaycanın üç ali məktəbi dünya universitetlərinin reytinqini müəyyənləşdirən təşkilatın siyahısında yer alıb. Britaniyanın "Quacquarelli Symonds” (QS) şirkətinin versiyasına görə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi - Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri - Oksford və Kembric daxil olub. Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Qeyd edək ki, bir çox ekspertlər universitet seçimi zamanı abituriyentlərin universitet reytinqinə və ixtisas üzrə reytinqinə diqqət etmələrinin vacib olduğunu düşünürlər. Bəs görəsən, universitetlərin reytinqi nə dərəcədə inandırıcıdır? Ümumiyyətlə, təhsil sahəsi üzrə reytinq şirkətləri qiymətləndirməni hansı meyarlar əsasında aparır?

Ekspert rəylərinə keçməzdən əvvəl deyək ki, dünyada bununla bağlı qəbul olunmuş konkret meyarlar var. Məsələn, yaxşı ali məktəb elmi araşdırmalara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını fasiləsiz inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi ilə tanınır.

Müasir dünyada ali məktəb də müasir, modern olmalıdır. Dünyanın inkişaf tendensiyalarını nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməlidir. Eyni zamanda, bir ali məktəbin nüfuzu onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı Azərbaycan universitetlərinin adının dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində yer almasının təqdirəlayiq hal olduğunu deyib: "Amma çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən universitetlər hələlik beynəlxalq universitetlər səviyyəsinə çatmayıb. Bizim universitetlər arasında dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək bir təhsil müəssisəsi yoxdur. Bu da təbii ki, ən yaxşı ali məktəblər cərgəsində irəlidə olmaması, onların büdcəsinin azlığı ilə bağlıdır. Xaricdə, xüsusən də Amerika, Böyük Britaniya kimi ölkələrdə elə universitetlər var ki, onların büdcəsi çox böyükdür. Həmin universitetlər bütün parametrlər üzrə böyük imkanlara sahibdir. Azərbaycanda fəaliyyət göstərən universitetlərin dünya səviyyəsinə çatması üçün ölkəmizin təhsil sahəsində köklü islahatların aparılmasına ehtiyac var. Universitetlərimizin dünya miqyasında tanınması, yaxşılar sırasında yer alması üçün başlıca meyar maddi baza ilə yetərincə təmin olunmaları məsələsidir. Təəssüf ki, hələlik Azərbaycan universitetlərinin maddi-texniki bazası istənilən həddə deyil”.

BDU, Xəzər və Qafqaz Universitetlərinin ölkə daxilində də kifayət qədər reytinqli olduğunu vurğulayan ekspertin sözlərinə görə, biz çalışıb beynəlxalq reytinq cədvəllərinə düşən universitetlərin sayını artırmalı və daha ön sıralarda yer almalıyıq: "Dərs dediyim ATMU-nun ölkə daxilində kifayət qədər reytinqi var. Bu il plan yerlərimiz 99 faiz dolub. Hesab edirəm ki, növbəti illərdə ATMU-nun da dünya reytinq cədvəlində yer alması çox yaxşı olardı”.

M.Zülfüqarlının sözlərinə görə, reytinq meyarları daha çox tələbələrin seçimi əsasında müəyyən edilir. Həmçinin də ixtisasların aktuallığı mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq səviyyəli reytinq cədvəllərinin hər il müəyyən olunduğunu vurğulayan təhsil eksperti Nadir İsrafilov isə neçə illərdir Azərbaycan ali məktəblərinin aşağı pillələrdə qərarlaşdığını deyib: "İlk 100-lük arasında universitetlərimizdən hansınınsa adını görmək imkansızdır. Sonuncu sıralarda da ənənəvi olaraq Qafqaz, Xəzər və BDU-un adına rast gəlirik”.

Ekspertin sözlərinə görə, universitetlərin göstəricilərinin aşağı olması, ölkəmizdə universitet, insitut, peşə liseyləri kimi anlayışların biri-birindən fərqləndirilməməsindədir: "İnstitut” latın sözüdür və mənası konkret müəssisə, ixtisas üzrə mütəxəssis hazırlayan yüksək peşə müəssisəsi deməkdir. Universitet sözü isə, toplu, məcmu mənasını verir. Bizdə "Pedaqoji İnstitut” var. Mənası konkret müəllim ixtisası üzrə mütəxəssis hazırlayan təhsil müəssisəsi deməkdir. Ancaq biz bunu çevirib universitet etmişik. Fikir versək görərik ki, sovet dövründəki "Pedaqoji institut”la indiki universitetin hazırladığı kadrların bilik və bacarıqları çox fərqlidir. Dünyaca məşhur Massaçusets Texnologiya İnstitutu hamıya məlumdur. Hər il reytinq cədvəlində ilk 5-likdə adına rast gəlirik. Ancaq onlar heç vaxt özlərini universitet adlandırmır. Konkret texnologiya üzrə mütəxəssis hazırladıqlarını, institut olduqlarını daim vurğulayırlar. Digər bir tərəfdən onların güclü olmasının səbəbi kampus şəklində fəaliyyət göstərmələridir. Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb” .

Şəymən