Suriyaya giriş var, çıxış yoxdur

Ərdoğan deyib ki, geri addım atsaq, o torpaqları İŞİD və PKK terror təşkilatlarına qaytarmış olarıq



Türkiyə ordusunun Suriyadakı əməliyyatları davam etdirilir. Baş Qərargahdan verilən yazılı açıqlamada Azad Suriya Ordusunun türk qoşunlarının köməyi ilə daha 6 kəndi ələ keçirdiyi bildirilib. Açıqlamada həmçinin "Fərat Qalxanı” əməliyyatı çərçivəsində ASO-nun Vüquf, Sədvi, əl-Eyyubiyyə, Sənd, Sinekli və Abubiyyə kəndlərində nəzarəti ələ keçirdiyi vurğulanıb. "Fərat Qalxanı” əməliyyatlarının 14-cü günündə İŞİD Türk Silahlı Qüvvələrinə aid 2 tankı vurub. Hücum nəticəsində üç əsgər şəhid olub.

"Bölgədə var olduğumuzu göstərmək məcburiyyətindəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbəri Barak Obamanın Suriyada İŞİD-in paytaxtı sayılan Raqqa şəhəri ilə bağlı təkliflər verdiyini bildirib. Ərdoğan bildirib ki, Cerablusdan qaçan İŞİD Əl-Bab bölgəsinə üz tutub: "Terrorçuların ən mühüm mərkəzi Raqqa şəhəridir. Obama Raqqa ilə bağlı birlikdə hərəkət etmək istəyir. ABŞ Prezidenti ilə görüşdüyümüz mövzulardan biri budur. Danışıqlar nəticəsində nə edəcəyimiz dəqiqləşəcək. Biz geri addım atmayacağıq. Bölgədə var olduğumuzu göstərmək məcburiyyətindəyik. Əgər geri addım atsaq, o torpaqları İŞİD və PKK terror təşkilatlarına qaytarmış olarıq”.

Ərdoğan Putin və Obama ilə iki dəfə görüşüb..

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün Rusiya və ABŞ liderləri ilə iki dəfə bir araya gəlib. Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri ilə ikitərəfli görüşlərindən sonra Ərdoğan onlarla daha bir görüş keçirib: "Ankara Türkiyə sərhədlərində terror təhlükəsinin ləğvi məsələsi ilə bağlı tam dəstək alıb. İndi bu zonanı genişləndirmək lazımdır. Bu səbəbdən, müxalifət qüvvələri yeni ərazilər azad edərək, Suriyanın dərinliyinə doğru irəliləyir”. Kalın bildirib ki, hazırda İŞİD Türkiyə sərhədləri üçün təhlükə yaratmır, çünki Suriya-Türkiyə sərhədinin 90 km-lik hissəsi terrorçulardan tam təmizlənib.

Türkiyənin Suriya əməliyyatı İranı qıcıqlandırır...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib ki, Türkiyənin Suriyadakı əməliyyatları anlaşılan məsələdir. Amma Türkiyə Bəşər Əsəd hökumətinin icazəsi olmadan Suriyada əməliyyat keçirməməlidir. Qasiminin sözlərinə görə, Suriya məsələsində oyunçuların çox olması problemin həllini çətinləşdirir: "İranın Suriya ilə bağlı hazırladığı planlar var və bunları Rusiya, Türkiyə və bəzi Avropa ölkələrinə təqdim etmişik”. Xatırladaq ki, İran qoşunları Suriya ilə heç bir sərhədi olmamasına baxmayaraq 4 ildən çoxdur ki, Suriya ərazisindədir. BMT və çoxsaylı beynəlxalq təşkilatlar dəfələrlə İran İnqilab Keşikçiləri briqadasının Əsəd rejimi ilə birlikdə dinc xalqa qarşı qətliamlar törətdiyi haqda hesabatlar yayıb.

İstanbulda terror aktının qarşısı alındı

Hüquq-mühafizə orqanları İstanbulda hərbi forma ilə terror aktı törətmək istəyən 11 nəfər İŞİD üzvünü zərərsizləşdirib. Terrorla Mübarizə Şöbəsinin əməkdaşları "Fərat Qalxanı” əməliyyatında Suriyadakı mühüm nöqtələri itirən İŞİD-in terror aktı həyata keçirmək istədiyini müəyyən edib. Polislər Ataşehir, Başakşehir, Kadıköy, Üsküdar və Ümraniyə bölgələrində İŞİD-ə aid 13 müxtəlif ünvanda eynizamanlı əməliyyat keçirib. Axtarış aparılan ünvanlarda 2 ədəd hərbi forma, 1 sənədsiz tapança, 2 güllə darağı, İŞİD bayraqları və s. əşyalar ələ keçirilib.

41 biznesmenin əmlakına həbs qoyuldu

Türkiyədə Fətullahçı Terror Təşkilatına maliyyə yardımı etməkdə şübhəli bilinən 41 biznesmenin əmlakına həbs qoyulub. Siyahıda "Akfa Holding”, "İhlas Holding”, və "Fi Yapı” kimi iri holdinqlərin rəhbər şəxslərinin adları var. Eyni zamanda polisin 17 vilayətdə apardığı xüsusi əməliyyat zamanı Fətullah Gülən tərəfdarları ilə əlaqəsi olmaqda şübhəli bilinən 103 nəfər saxlanılıb. Saxlanılanlar arasında hərəkatın səlahiyyətli şəxsləri də olub.

AKP üzvü olan 3 deputat həbs edilə bilər

Fətullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat şübhəli qismində dindirilib. Deputatların adları açıqlanmasa da, onların yaxın günlərdə həbs olunacağı deyilir. Bundan əlavə, yayılan məlumatlarda AKP üzvü olan 48 deputatın da Gülən hərəkatı ilə əlaqəsi olduğu iddia edilir.

Terrorçunun başına 1 milyon lirə qoyulub...

Türkiyə müxalifətinin lideri, Cümhuriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna qarşı həyata keçirilmiş hücumun PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı məlum olub. 25 avqustda Artvinin Savtaş rayonunun Yanıqlı kəndində Kılıçdaroğluna qarşı silahlı hücum etmiş şəxslərə təlimatın "Türk Tarık” ləqəbli terrorçu Barış Önerin verdiyi üzə çıxıb. Bildirilib ki, bir sıra qanlı aktlarda adı hallanan bu terrorçunun başına dövlət 1 milyon lirə pul qoyub. Xatırladaq ki, Kılıçdaroğlunun avtomobilinin də olduğu konvoya silahlı hücum zamanı bir polis şəhid olub, 2 əsgər isə yaralanıb.

HDP həmsədri Türkiyəni çevriliş cəhdi ilə təhdid etdi

PKK terror təşkilatının siyasi qolu sayılan HDP-nin həmsədri Figən Yüksəkdağ Türkiyə hökumətini çevrilişlə hədələyib. Yüksəkdağ hökumətin özünü təcrid etdiyini iddia edib: "Güman etməsinlər ki, yalnız Abdullah Öcalanı təcrid ediblər, bu gün özünü cəmiyyətdən, bütün dünyadan təcrid edən AKP hökumətidir. Türkiyədə heç kim sabahı görə bilmir. Günün birində səhəri dövlət çevrilişi ilə aça bilərlər. Çevrilişin qarşısını aldıq deyirlər, sabah yeni bir çevrilişlə qarşılaşa bilərsiniz”.

İsmayıl