Günahı özünüzdə axtarın: Səki kənarındakı daşları vətəndaşlar dağıda bilməz

“Vətəndaş əlinə lom almalıdır ki, o ağırlıqda daşları yerindən oynada. Kimə lazımdı bu işlə məşğul olmaq?!”



"Azəravtoyol” ASC vətəndaşlardan gileylənir. "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, paytaxtın iki prospektində təmir olunmuş səkilər vətəndaşlar tərəfindən yararsız hala salınıb. Bu barədə Modern.az saytı məlumat yerləşdirib.

Məlumatda A.Nəcəfliyə istinadən qeyd edilir ki, vətəndaşların etinasız yanaşdığı ərazilərdən biri iki ay bundan əvvəl təmir edilmiş Nəsimi rayonu Hüseynbala Əliyev küçəsidir. Qurum rəsmisi ərazidən fotoları paylaşaraq "Səki daşları dağıdılıb... Bunu edənlərə indi nə ad verəsən?!” deyə sual edir.

Vətəndaşların "hücumuna” məruz qalan digər ərazi isə Nizami rayonu Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsidir.

A.Nəcəfli bu fotoları "Elə bil düşmən malıdır! Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətəndaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddi ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar. Hələ mən bunun digər tərəflərini demirəm” şərhini verib.

Deməli, dövlət büdcəsinin də, vətəndaşın cibinin də qayğısına qalanlar varmış. Əhsən!.. Amma "Azəravtoyol” ASC-yə sual verən gərəkdi ki, bəs, siz bir yolu asfaltlayırsınız, sonra oranı hansısa dövlət strukturu gəlib qazır, kanalizasiya, ya su xətti, ya qaz xətti çəkir, ya da ümumiyyətlə, hərəkət istiqamətini dəyişir, siz də yenidən asfaltlayanda dövlət büdcəsinə ziyan olmur?!

İkincisi, səki kənarına düzülmüş daşların məhz vətəndaşlar tərəfindən dağıdıldığı inandırıcı görünmür. Vətəndaş əlinə lom almalıdır ki, o ağırlıqda daşları yerindən oynada. Kimə lazımdı bu işlə məşğul olmaq?!

"Bələdiyyələrin fəaliyyətinə yardım” İctimai Birliyinin sədri Vüqar Tofiqli səkilərin kənarına düzülmüş daşların vətəndaşlar tərəfindən dağıdılmasının inandırıcı olmadığını dedi:

- Bu, adi vətəndaşın görəcəyi iş deyil. Vətəndaşa bunu etmək heç lazım da deyil. Səki kənarındakı daşlar ya keyfiyyətsizlikdən dağılıb, ya da kiməsə, hansısa quruma yolu genişləndirmək lazım olub, ona görə də daşlar yerindən oynadılıb. Bu işdə yol kənarında dayanan avtomobillər də rol oynayır. Avtomobilləri harada gəldi, necə gəldi saxlayırlar, hüdud xəttini basıb keçirlər, ona görə də daşlar zaman keçdikcə dağılır. Çox yerdə görmüşəm ki, səki kənarı daşları düzürlər, amma bərkitmə işləri aparmırlar. Ya da keyfiyyətsiz aparırlar, ona görə də daşlar qısa müddətdə dağılır. Bu gün (dünən - red.) Badamdara gedirdim. Orada təzə asfalt salınmışdı. "Kempinski” otel tərəfdə. Amma bu gün ordan keçə bilmədim. Yolu qazmışdılar, bilmirəm, kanalizasiya xətti çəkirdilər, neyləyirdilər. Təkrar geri qayıtmalı oldum. Bu yol təzə salınmışdı, indi niyə yenidən qazılır? Bunlar hamısı infrastruktur işlərinə cavabdeh qurumların razılaşdırılmamış işlər görməsinin nəticəsidir. İnfrastruktur layihələri icra edilərkən bu işə cavabdeh qurumlar qarşılıqlı əməkdaşlıq şəraitində çalışmalıdır. Haradan kanalizasiya xətti keçir, harada su, qaz xətti keçir, yol çəkən bunu bilməlidir. Su xətləri də, qaz xətləri də əvvəlcədən yoxlanmalıdır, təmirə ehtiyac varsa təmir edilməlidir, yenilənməlidir, sonra yol çəkilməlidir, asfalt örtüyü təzələnməlidir. Bizdə isə adətən tərsinə olur. Əvvəlcə yol çəkirlər, asfalt örtüyünü təzələyirlər, bir ay keçəndən sonra başlayırlar, yolu yenidən qazıb kommunikasiya işləri görməyə. Bir işə 10 manat sərf olunası yerdə, 100 manat xərcləyirlər. Günahı da atırlar vətəndaşın üstünə.

Məlahət Rzayeva