Meyitdən canlı insana orqan köçürülməsi müzakirəyə çıxarılıb

Azərbaycanda bu da olacaq
Adil Qeybulla: “Bizim millət çox emosionaldır. Onlar beyin ölümü keçirmiş yaxınlarının hansısa orqanının götürülməsinə imkan verməyəcək. Yəni bu məsələ təbliğ olunmalıdır”


Meyitdən canlı insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi (SN) və Nazirlər Kabinetində (NK) müzakirələr aparılır”. Bu barədə M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir: "Çox sayda insanın böyrək nəqli əməliyyatına ehtiyacı var. Ona görə də artıq bu məsələ ilə bağlı SN və NK tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin. İyun ayında Azərbaycanda türk transplantoloqlarının konqresi keçirilib. 21 ölkədən 500-ə yaxın qonağın iştirak etdiyi tədbirə Azərbaycanın din xadimləri də dəvət edilmişdi. İnsanlar dünyasını dəyişəndən sonra orqanlarını bağışlama mərhələsinə şüurlu şəkildə qədəm qoymalıdırlar. Bunun üçün təbliğat aparılmalıdır. Bir çox insanlar bu yolla şəfa tapa bilərlər”. F.Babayev onu da qeyd edib ki, tibbi cəhətdən səhiyyədə bu məsələ ilə bağlı heç bir problem yoxdur, sadəcə ictimai şüuru formalaşdırmaq lazımdır.

Mövzu haqqında danışan tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə söyləyib ki, orqan beyin ölümü keçirmiş şəxslərdən götürülə bilər: "Onlar meyit sayılmır. Bununla yanaşı, hansısa orqanları götürülənlər cavan və sağlam olmalıdır. Başqa xəstəlikləri olmamalıdır. Götürülən orqan sağlam olmalıdır. Bu çox ciddi məsələdir. Ancaq bizim millət çox emosionaldır. Onlar beyin ölümü keçirmiş yaxınlarının hansısa orqanının götürülməsinə imkan verməyəcək. Hətta tam öldükdən sonra da yarmağa imkan vermirlər. Yəni bu məsələ təbliğ olunmalıdır. İnsanlar buna psixoloji hazır olmalıdır. Hər kəs bir həqiqəti dərk etməlidir ki, həyatını itirməkdə olan bir şəxs digərinə həyatını başlamaq üçün başlanğıc verə bilər. Nə qədər ki, bu yenilik insanlar üçün qəbuledilməzdir, sözügedən təşəbbüs reallaşmayacaq. Bir daha deyirəm ki, əsas orqanlar beyin ölümü keçirmiş şəxslərdən götürülə bilər. O şəxslərin də sahiblərinin qərarı olmadan kimsə onlardan orqan götürə bilməz. Ona görə, məsələ yenə psixoloji səddə çatır. Düşünürəm ki, "Donor haqqında qanun” tam qüvvəyə mindikdən sonra bununla bağlı işləmək və sistemi qurmaq və ən əsası donor mənbəyini təmin etmək lazımdır. Nə qədər ki, donor mənbəyi təmin olunmayıb, bu məsələlərin hamısı kağız üzərində qalacaq”.

Ayyət Əhməd