“İŞİD-ə qoşulan istənilən azərbaycanlı cəzalanmalıdır”

Akif Nağı: “Amma orda iştirak edən Qarabağ qazilərinin həbs müddətini bir qədər aşağı salmaq mümkündür”



Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ə.Abbasovun sədrliyi ilə keçirilən prosesdə R.Ağcabəyov 13 il və M.Vladimir isə 14 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Hər iki şəxs keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs olunublar. Onlar İŞİD, "Cəbhətül-Nusra” və digər terrorçu təşkilatların fəaliyyətində iştirak ediblər. Məlumat üçün bildirək ki, Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Hər iki qardaş Qarabağ müharibəsində iştirak ediblər. Əksəriyyət Suriya və İraqda terrorçu qruplaşmaların tərkibində döyüşən azərbaycanlılara sərt şəkildə cəza verilməsini dəstəkləyirlər. Lakin aldadılaraq Suriyaya aparılan Qarabağ döyüşçülərinə mümkün qədər fərdi münasibət sərgiləməyin, yüngül cəza verməyin zəruri olduğunu düşünənlər də var. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyib ki, İŞİD-ə qoşulanların hər biri cinayətkardır və cəzalanmalıdır: "Onlar qanunsuz olaraq başqa ölkənin ərazisinə gediblər və orada silahlı birləşmələrin tərkibində savaşıblar. Ümumi anlamda terrorçulara qoşulanların hamısına cəza verilməlidir. Biz də hər zaman təbliğat aparırıq ki, əgər kimsə özünə düşmən axtarırsa, vuruşmaq istəyirsə, Qarabağ cəbhəsində ermənilərə qarşı vuruşsun, Suriyaya getməsin. Mövqeyimiz həmişə belə olub. Sadəcə hesab edirik ki, bəzi hallarda insanlara fərdi yanaşmaq lazımdır. Ola bilər, hansısa azərbaycanlını yalan vədlərlə Suriya və İraqa aparıblar. Xüsusən, Qarabağ savaşında döyüşən qazilərə nisbətən fərqli yanaşma
olmalıdır. Təbii ki, onların tamamilə məsuliyyətdən yayınmasından söhbət gedə bilməz. Ən azından onların həbs müddətini bir qədər aşağı salmaq mümkündür”.

İsmayıl