Payız gəldi, qaranlıq vaxtı çoxalır

Sürücüləri 30 manat cərimə gözləyirUzaq işıqlardan davamlı istifadə etmək qadağandır
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarədən Modern.az-a verilən məlumata görə, payız fəslində sutkanın qaranlıq vaxtı çoxalır. Həmçinin bu günlərdə bölgələrdə istirahətdə olanların Bakıya və digər şəhərlərə axını da başlayıb. Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar.
Sürücüləri narahat edən məsələlərdən biri də qarşılıqlı hərəkət zamanı işıq sistemindən düzgün istifadə edilməməsidir. Çünki bəzi sürücülər avtomobilin uzaq işıqlarından harada gəldi istifadə etdiyi üçün başqalarına çətinlik yaradır. Bütün bunları nəzərə alaraq Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, "Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağandır. Belə ki, uzaq işıq yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə, yaxın işığa keçməlidir. Bundan əlavə, sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalıbsa, uzaq işıqlar yaxın işıq rejiminə keçirilməlidir. Ümumiyyətlə isə qanunvericilik tələb edir ki, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda uzaq işıq yaxın işığa keçirilməlidir. Bu isə o deməkdir ki, sürücülər təkcə qarşıdan nəqliyyat vasitəsi gəldikdə yox, həm də yolun hərəkət hissəsində piyada, at arabası, mal-qara ötürən olduqda da işıq cihazlarından qanunun tələbinə uyğun istifadə etməlidir.
Dövlət Yol Polisi İdarəsi başqa nəqliyyat vasitəsinin uzaq işığının təsirindən gözü qamaşan sürücülərin diqqətinə çatdırır ki, bu halda qəza işıq siqnalını qoşmaq və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaq lazımdır. Arxadan gələn nəqliyyat vasitələrinin uzaq işıqları avtomobilin salonundakı və yan güzgülər vasitəsilə sürücünün diqqətini yayındırdıqda isə tövsiyə olunur ki, sürücü mümkün qədər sürəti azaltsın, avtomobilin modelindən asılı olaraq güzgüləri gecə rejiminə keçirsin. DYP sürücüləri bu qaydalara əməl etməyə çağırır və bildirir ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir.
Məsələni şərh edən "Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı "Şərq”ə açıqlamasında məlumatın hazırlanmasında iştirak etdiyini bildirdi:
- Bu qaydalar yeni deyil. Sadəcə, bir çox sürücülərin onlardan xəbəri yoxdur. Nəzərə alsaq ki, yeni tədris ili başlayır, istirahət mövsümü bitir, paytaxta axın var və yollarda da sıxlıq yaranır, sürücüləri bir daha xəbərdar etmək faydalıdır. Bir çoxları belə düşünür ki, gündüz saatlarında magistral yollarda sıxlıq olur, axşam yola çıxsalar yaxşıdı. Amma gecə saatlarında avtomobil idarə etməyin qaydalarını heç də bütün sürücülər bilmir. Gecə qəzaları da çox zaman sürücülərin bu qaydaları bilməməsi və qaydalara riayət etməməsi səbəbindən baş verir. Qaydalarda yaxın və uzaq işıqlardan necə istifadə olunması, qarşıdan gələn avtomobilin uzaq işıqları sürücünü narahat edirsə, bu halda necə davranması göstərilir. Bəzi sürücülər avtomobilin konsturksiyasına lazımsız və təhlükəli dəyişikliklər edir. Lazımsız rənglərdən və işıqlardan istifadə edirlər. Özlərini ağıllı sayıb əlavə "faralar”, işıqlar qoyurlar. Hansı ki, avtomobili istehsal edən zavod hər şeyi ölçüb-biçir. Sürücü var ki, özünə necə xoşdursa, elə davranır. Yoldakı digər sürücünü, qarşıdan, arxadan gələni düşünmür. Sürücü var ki, təcrübəsizdi, işıqların göz qamaşdırması nəticəsində yaranan gərginlikdə vəziyyətdən çıxa bilmir. Bu qaydaların sürücülərin diqqətinə təkrar çatdırılması yol-nəqliyyat qəzalarından maksimum sığortalanmaq məqsədi daşıyır.
E.Muradlı qeyd etdi ki, bu xəbərdarlıq və qaydalar "ASAN Radio”da 1 həftə ərzində hər gün 10-15 dəfə yayımlanacaq:
- Sürücülər xəbərdarlıq və qaydalar barədə ətraflı məlumat alsınlar deyə, biz "ASAN Radio”da hər gün 10-15 dəfə 2-3 dəqiqəlik materialla efirə çıxacağıq. Gücümüz çatanı edirik. Dövlət televiziyası da belə məsələlərdə hər zaman anlayışlı davranır. Yaxşı olardı ki, özəl telekanallar da belə məlumatların yayımlanmasına vaxt ayırsınlar. Mümkün olan bütün vasitələrdən istifadə edilməlidir ki, sürücülər yol-hərəkəti qaydaları barədə məlumatlı olsunlar. Yol qəzalarının qarşısının alınmasında bunun böyük əhəmiyyəti var.
Məlahət Rzayeva