Dava Ukrayna, Krım davasıdır...

Putin geri çəkilmir, Qərbin sanksiyaları daha da sərtləşəcək


ABŞ Ukrayna münaqişəsinin nizamlanmasına kömək məqsədilə Rusiyaya qarşı sanksiyaları genişləndirib. ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Ukraynadakı böhranla əlaqədar Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməkdə qərarlı olduğuna dair açıqlama yayıb.

Nazirliyin məlumatına görə, Birləşmiş Ştatlar Administrasiyasının yeni addımı sanksiyaları həyata keçirməkdə özəl sektora yardım və Ukrayna münaqişəsinin diplomatik yollarla tənzimlənməsinə kömək etmək məqsədi daşıyır: "Amerika tərəfinin niyyəti ondan ibarətdir ki, Rusiya Minsk razılaşmalarına əməl edənə qədər sanksiyalar qüvvədə saxlanılsın”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların rolunu çox da şişirtmək lazım deyil, ölkə iqtisadiyyatının inkişafı və böyük investisiya layihələri üzrə planlar qüvvədədir. Peskovun sözlərinə görə, Moskva sanksiyalar mövzusunu özünün gündəliyi hesab etmir. Mövcud sanksiyalar qarşısında Rusiyanın geri çəkilməyəcəyini vurğulayan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya iddialarından geri çəkilmədikcə, Qərbin sanksiyaları daha da sərtləşə bilər: "ABŞ sanksiyaları hər nə qədər genişləndirsə də, bu, Putini öz mövqeyindən yayındırmayacaq. Qərbin Rusiyadan əsas tələbi Ukraynanın ərazi bütövlüyünü əməldə tanıması, Krımın işğalına son qoyması və Donbas separatçılarına dəstək verməməsidir. Rusiya isə bunlarla bağlı siyasətini dəyişdirmir. Rəsmi Moskva Minsk razılaşmalarını yerinə yetirmədikcə də, Amerika davamlı olaraq sanksiyaları genişləndirir. O cümlədən də Avropa Birliyi. Amma Rusiya Ukraynadakı separatçılara dəstək verməkdən əl çəksə belə, Krımı verən deyil. Bu isə Qərbi sanksiyaları daha da sərtləşdirməyə vadar edir”.

Politoloqun sözlərinə görə, hər nə qədər qərb ölkələri Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlı olsalar da, Rusiya geriyə doğru addım atmadığı üçün münaqişə həll olunmur: "Yəni nə qərb, nə də Rusiya geri addım atır. Ona görə də, Rusiyaya qarşı sanksiyaların qeyri- müəyyən müddətə qədər uzanacağını düşünürəm. Gördüyünüz kimi Amerika da getdikcə mövqeyini sərtləşdirir”.

Bir neçə aydan sonra Barak Obamanın prezidentlikdən gedəcəyini vurğulayan Mərkəz rəhbərinin sözlərinə görə, yeni seçilən prezidentin belə gələn kimi Rusiyaya qarşı sanksiyaları ortadan qaldıracağı real görünmür: "Hər iki supergücün Suriya məsələsində ortaq məxrəcə gəlməsi hər nə qədər mümkün olsa da, Ukrayna böhranı davam etdiyi müddətdə Amerika ilə Rusiya arasındakı münasibətlərin düzəlməsi çətin məsələdir”.

Amerikanın tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatı üçün bir o qədər də mühüm əhəmiyyət kəsb etmədiyini vurğulayan E.Şahinoğlunun sözlərinə görə, Rusiya üçün ən təhlükəlisi Avropa Birliyinin sanksiyalarıdır: "Rusiyanın Amerika ilə iqtisadi-ticari əlaqələri o qədər də geniş deyil. Rusiyanın əsas ticarət portnyoru Avropa Birliyi ölkələridir. Rusiya hakimiyyəti hər nə qədər boynuna almasa da, Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına xeyli təsir edib. Rublun dəyərdən düşməsi, neft gəlirlərinin azalması, büdcədə yaranan boşluq, inflyasiyanın artması halları birmənalı olaraq Rusiya iqtisadiyyatına mənfi təsir edib”.

Şəymən