Elnur Eltürk: “Problem ondadır ki, insanlar hansısa məlumatı oxuyub onun üzərindən keçirlər”
İctimai qınaq mətbuatın funksiyalarından biridir
Rəşad Məcid: “İnsanlar hansısa prosesləri sakit qəbul edirlər, bir növ laqeydləşiblər”
Elnur Eltürk: “Problem ondadır ki, insanlar hansısa məlumatı oxuyub onun üzərindən keçirlər”
Elnur Eltürk: “Problem ondadır ki, insanlar hansısa məlumatı oxuyub onun üzərindən keçirlər”
(əvvəli ötən sayımızda)
Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Bəs ictimai qınaq nədir? Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir.
Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətlərdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur. Bəs maraqlıdır, görəsən, mediamızda ictimai qınağa yer verilirmi? Ümumiyyətlə, Azərbaycan media məkanında ictimai qınaq hansı səviyyədədir?
Sualımızı cavablandıran "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ictimai qınağın mediaya böyük təsirinin olduğunu, lakin bizdə ictimai qınağın o dərəcədə işləmədiyini deyir: "Mətbuatın özünü tənzimləməsini yaradarkən və jurnalistin peşə davranışlarını qəbul edərkən biz ilk əvvəl ictimai qınağı düşündük. İrəli sürdük ki, hansısa media orqanı bu kodeksə riayət etmirsə, o zaman idarə heyəti ictimai qınaq formasında qınansın və qərar çıxarılsın. Lakin bu, özünü məncə, doğrultmadı. İctimai qınaq bizdə o dərəcədə işləmir. Ümumiyyətlə, mediada ictimai qınaq çox vacibdir və olmalıdır”.
R.Məcid düşünür ki, mediada ictimai qınağın olması həm də bu sahənin bilavasitə inkişafı ilə bağlı olan bir haldır: "Hansısa televiziya verilişində və yaxud hansısa mətbuat orqanındakı mənfi hala qarşı ictimai qınağın olması nəticəni müsbətə doğru dəyişdirməyə xidmət edə bilər. Medianın hansısa nöqsanına qarşı ictimai fikir formalaşarsa, bu öz nəticəsini verər. Amma təəssüf ki, bu gün ictimai rəy, qınaq lazımi səviyyədə deyil. İnsanlar hansısa prosesləri sakit qəbul edirlər, bir növ laqeydləşiblər. Mediada at oynadan bəzi "jurnalistlər”in sayəsində başqasının şərəf və ləyaqətinə toxunan hallar çoxalıb. Mediada olduğu kimi, cəmiyyətdə də ictimai qınaq vacibdir. Bu işdə vətəndaş məsuliyyətinin önəmi böyükdür”.
Jurnalist Elnur Eltürk də qeyd edib ki, mediada ictimai qınağa kifayət qədər yer ayrılıb-ayrılmamasını müəyyən etmək çətindir: "Sualınızı cavablandırmaq üçün ilk öncə monitorinq aparıb fikir bildirmək olar. Bu gün mətbuatda həmin monitorinq aparılırmı, onu bilmirəm. Düzdür, tənqidi mövzulara yer ayrılır. Problem ondadır ki, insanlar hansısa məlumatı oxuyub onun üzərindən keçirlər. Bəlkə də düşündürücü məlumatlar az yayımlanır. Həm də bu gün o qədər xəbər bolluğunun içində oluruq ki, insanlar bilmirlər hansı məlumatı oxusunlar. Çaşdırıcı xəbərlər insanların fikirlərini yayındırır. Bir məsələni qeyd edim ki, mətbuat bu gün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Axı, az məhdud imkanlarla böyük məsələni gündəmdə saxlamaq o qədər asan məsələ deyil”.
E.Eltürkün qənaətincə, hər bir media orqanı üzərinə düşən vəzifəni yerinə yetirərsə, səhifəsində ictimai qınaqla bağlı məlumatlara yer ayırarsa, cəmiyyətdə müsbət tendensiyanı müşahidə edə bilərik: "Mən şəxsi fikirlərimi bildirirəm”.
Müsahibimiz diqqətə çatdırıb ki, media ictimai qınaqla bağlı məsələləri işıqlandırır: "Qalır qınaq obyekti olan ünvan və şəxslərin vicdanına. Amma cəmiyyətdə elə məsələlər olur ki, biz onun mətbuat vasitəsilə həll olunduğunun şahidi olmuşuq. Məmurlarımız tərəfindən problemlərə hansısa laqeydlik mətbuatın gücü ilə həll olunub. Dəfələrlə bunun şahidi olmuşuq ki, sosial problemlərlə bağlı hansısa xəbər ölkədə böyük effekt verib və layedlik göstərənlər geri çəkilmək məcburiyyətində qalıblar”.
APA informasiya agentliyinin baş direktor müavini Cavid İsmayıl isə söyləyib ki, mediadan ictimai qınaq gözləmək doğru deyil: "Medianı cəmiyyətin əksi, güzgüsü kimi qəbul ediriksə, o zaman ictimai qınağı cəmiyyətdən gözləmək daha doğru olar. Təəssüf ki, Azərbaycan cəmiyyəti ictimai qınaq nümayiş etdirmək baxımından aktiv sayıla bilməz. Məsələn, tutaq ki, namussuzluq edən hansısa adamı məhəllə camaatı danışdırmaya bilər, amma bu, çox davam etsə, kimsə ürəyiyumşaqlıq edib onu danışdırmağa başlayacaq mütləq. Və ya insanlar birinin əxlaqsızlıq, oğurluq və ya rüşvətxorluq hesabına varlandığını gördükləri halda, nəinki ona qarşı ictimai qınaq nümayiş etdirmirlər, üstəlik, ona yaltaqlanmağa, yaxın olmağa çalışırlar. Ona görə də belə bir cəmiyyətdə güclü ictimai qınaqdan söhbət gedə bilməz”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov öncəliklə qeyd edib ki, ölkə mediasında ictimai qınaq məsləsinə birmənalı yanaşılmır: "Bir çox hallarda ictimai qınaqla qaralama kampaniyası qarışdırılır. Bunun da səbəbi mediamızda qeyri-peşəkarların, "reketlərin”, mənim öz təbirimcə desək "tətikçilərin” kifayət qədər çox olmasıdır. Təəssüf ki, bizdə kimin kimdən xoşu gəlmirsə öz media kanalları vasitəsilə ona qarşı kampaniyaya başlayır, müəyyən mətbu orqanlarda həmin şəxsi yaxud qurumu qınaq obyektinə çevirir. Bir çox hallarda oxucu səhv məlumatlandırılır, ictimaiyyətdə çaşğınlıq yaradılır. Bu yolverilməz haldır və aidiyyəti qurumlar bunun qarşısını almaq üçün bəzi işlər görsələr də, bu yetərsiz qalır. Son dövrlər isə ənənəvi və internet mediaya sosial şəbəkələr də qoşulub. Geniş istifadəçisi olan sosial şəbəkələrdə kiçik bir büdcə ilə kiminsə haqqında müəyyən xəbər yaymaq, onu kütləvi şəkildə oxutmaq olur. Mətbuata "bazar” kimi yanaşan bəzi işbazlar var ki, bu da onların bu fəaliyyətinə şərait yaradır. Mən ona görə də həmişə qeyd etmişəm ki, mətbuata vətəndaş cəmiyyəti və dövlət nəzarət daima olmalı, institutlar fəaliyyət göstərməlidir. Çünki mətbuat cəmiyyəti formalaşdırır, həmin cəmiyyət də gələcəyi”
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb