İşğal olunmuş ərazidə məskunlaşma cinayət sayılır

“Əlac yalnız BMT-yə qalıb. Bunu həmsədrlərə deməyin mənası yoxdur”



Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev erməni separatçılarının Dağlıq Qarabağ və ona bitişik olan işğal edilmiş ərazilərimizdə yeni yaşayış kompleksləri inşa etməsindən danışıb.

O "Şərq”ə bildirib ki, bu məsələni hər yerdə qaldırır: "Baxın, İsrail Fələstini işğal edib və orda yaşayış məntəqələri inşa edib. Bütün dünya da bunu görür və pisləyir. Avropa Birliyi və eyni zamanda İsrailin ən yaxın müttəfiqi olan Amerika da belə hadisələri pisləyir. İşğal olunmuş ərazilərdə məskunlaşma aparmaq bütün beynəlxalq konvensiyalar və qanunlara ziddir. Elə bir beynəlxalq qanun yoxdur ki, işğal olunmuş ərazilərdə məskunlaşmaya icazə versin. Hesab edirəm ki, Azərbaycan bu məsələni qaldırsa, o zaman dünyada böyük rəğbət qazanar. Və bütün dünyanın diqqətini işğala yönəltmiş olar. Azərbaycan ilk dəfə bu məsələni 2006-cı ildə, ikinci dəfə isə 2008-ci ildə qaldırıb. Lakin həmsədr ölkələr Azərbaycan rəhbərliyini dilə tutdu. Bizimkilər də həmsədrlərə inandı. Həmsədrlər isə illərdir, Azərbaycana bir söz, Ermənistana isə başqa bir söz deyir. Həmsədrlər öz ağılları ilə işğal olunmuş ərazilərimizdə araşdırma apardılar. Araşdırmanın nəticəsi olaraq dedilər ki, orada yaşayan ermənilərin vəziyyəti ağırdır. Və bununla bağlı dünya birliyinə çağırış etdilər. Bu birinci tərəf. İkincisi isə dedilər ki, həmin ərazidə status-kvo qəbuledilməzdir. İndi Azərbaycan tərəfi deyir ki, status-kvo qəbuledilməzdir deyəndə iddia edirlər ki, guya, işğalı pisləyirlər. Amma o, diplomatik dildə heç də bizim düşündüyümüz kimi deyil. Yəni həmsədrlər onu nəzərdə tutublar ki, həm işğal, həm də ki, oradakı ermənilərin vəziyyəti ağırdır. Həmsədrlər bu status-kvonun qəbuledilməz olduğunu iddia edir”.

Ekspertin fikrincə, Azərbaycan bu məsələni hər il qaldırmalıdır: "Əlac isə yalnız BMT-yə qalıb. Bunu həmsədrlərə deməyin mənası yoxdur. İşğal olunmuş ərazilərdə məskunlaşma cinayət sayılır. Bu, beynəlxalq konvensiyanın pozulması deməkdir”.

Ayyət Əhməd