Edama bir gün qalmış qurtuldu


Məhkəmə günahsız ananın hüquqlarını qorumaq haqqını tanıyıb

   Meksika əsilli ABŞ vətəndaşı Melissa Lucionun həyatı 2 yaşlı qızı Mariahın pilləkənlərdən yıxılıb ölməsiylə alt-üst olub. Melissanın edamına 24 saat qaldığı bir vaxtda ortaya çıxan həqiqət isə dünyanı ayağa qaldırır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 2 yaşlı Mariah pilləkənlərdən yıxıldıqdan 2 gün sonra huşunu itirib. Ana təcili yardım çağırıb. 

Lakin körpə az sonra vəfat edib. Əkiz övladlarına hamilə olan Melissa körpəsinin itkisini hələ tam anlamağa macal tapmamış polis qapıya gəlib və tibbi ekspertin rəyini gözləmədən körpənin ölümündə ananı günahlandıraraq nəzarət altına alıb. Melissa polis şöbəsində 4 dedektiv tərəfindən 6 saat dindirilib. Dedektivlər körpənin ölümünə məhz ananın bais olduğunu Melissanmın boynuna qoymağa cəhd ediblər. Onu körpəyə şiddət tətbiq etməkdə günahlandırıblar. Deyiblər ki, bunları isbatlayacaq dəlillərə malikdirlər. Bu da azmış kimi Melissaya “günahını etiraf et, cəzan yüngül olsun”, “tövsiyəsi” də veriblər. Sonra da uşağın yaralı halda çəkilmiş şəklini göstərərək “övladınızın cənazəsində iştirak etməyəcəyinizə şübhəmiz yoxdur” deyiblər. Melissa bəlkə 100 dəfə “mən qızıma zərər verməmişəm” söyləsə də, dedektivlərin mənəvi basqısı sonunda gözlədikləri nəticəni verib. Melissa “bu, mənim günahım ola bilər. Hesab edirəm ki, körpəmi mən öldürmüşəm”, söyləyib. Ancaq “hesab edirəm ki”, kəlməsi Melissanın həyatını alt-üst edib. Məhkəmə ananı körpənin ölümündə günahkar sayıb və Melissaya edam cəzası kəsilib. Amma Melissanın digər övladları 2 yaşlı bacılarının pilləkənlərdən yıxıldığını, analarınınsa bu zaman otaqda onların məktəb çantasını hazırladığını söyləyib. Övladları anaların günahsız olduğunu deyib. 

Amma yenə də məhkəmə öz qərarını dəyişməyib. Melissanı edamdan xilas edən ədliyyə həkimi Norma Farley olub. Ədliyyə həkimi vəfat etmiş körpə Mariahın hərəkət məhdudiyyətli olduğunu və bu səbəbdən tez-tez yıxıldığını sübut edib, ortaya tibbi dəlillər qoyub. Lakin məhkəmə yenə də bu dəlilləri inandırıcı saymayıb. Melissa tam 15 il edamını gözləyib. Bu məhkəmə prosesi və Melissanın günahsızlığı hətta realiti-şoular mövzusuna çevrilib. Melissanın edamına bir neçə gün qalmış vəkillər apelyasiya şikayəti verib.  İşə baxan Texas Apelyasiya Məhkəməsi Melissanın edamını başqa vaxta keçirib. Və ananın hüquqlarını qorumaq haqqını tanıyıb. Melissa məhkəmə qərarı barədə “həyatda qalmağıma və məsum olduğumu isbatlamaq üçün mənə möhlət verən məhkəməyə təşəkkür edirəm. Qızım Mariah daim qəlbimdədir. Övladlarıma analıq, nəvələrimə nənəlik etmək üçün bundan sonra çox zamanım olacaq. Mənim üçün dua edən və dəstəkləyən bütün insanlara təşəkkür edirəm”, söyləyib.