Gənclərin ictimai yerlərdə davranışlarının təkmilləşdirilməsinə ehtiyac var





"İctimai yerlərin çeynənmiş saqqızlar, tüpürcəklər, siqaret kötükləri, sellofan torbalarla zibillənməsi Bakı şəhərinin estetikasına mənfi təsir etməklə yanaşı, həm də sağlamlıq üçün ağrılı nəticələrə səbəb olan bəladır. Eyni zamanda gənclərimizin ictimai yerlərdə ucadan, əl-qolla danışması, mübahisə etməsi də digərlərinin istirahət  hüquqlarına mane olur”.  Bu fikirləri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclərin ictimai yerlərdə davranışlarının təkmilləşdirilməsinə dəstək” layihəsinin icrasına başlamış Ceyhun Əsədov deyib. O bildirib ki, böyük əksəriyyəti narahat edən bu problemin aradan qaldrılmasına kömək etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsinə layihə təqdim edib və qaliblərdən biri olub. Layihəsini dəstəklədiyinə görə Gənclər Fonduna təşəkkürünü bildirən Ceyhun Əsədov artıq layihənin hazırlıq mərhələsini uğurla başa çatdığını deyib. O, layihənin icrası nəticəsində Bakı şəhərinin küçələrinin, park və xiyabanlarının zibillənməsinin qarşısını almaq üçün maarifləndirmə və təbliğat işləri təşkil etməklə ictimai qaydaları müəyyənləşdirmək gücündə olan gənclər yetişdirmək niyyətində olduqlarını da vurğulayib.
Onu da qeyd edək ki, layihə üç ay davam edəcək və bu müddət ərzində gənclərin qeyd olunan problemə diqqətini cəlb etmək üçün  müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.