“ABŞ-la Rusiya arasındakı gərginlik Qarabağ məsələsinə pozucu təsir göstərir”

“Hazırda Ermənistanda anti-Rusiya meyilləri geniş vüsət alıb”“Bu proses də ABŞ-dan idarə olunur”
Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsi üzrə qarşıdurmanın yeni mərhələsinin başlandığı görünür. Bu barədə Ermənistanın "Yerkir” qəzeti yazıb. Bundan başqa, qəzet ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son müsahibəsində səsləndirdiyi fikirlərin ABŞ-Rusiya arasında münaqişə üzrə fikir ayrılığının yenidən dərinləşdiyinin nümunəsi olduğunu qeyd edib:
"Bu qarşıdurma Qarabağda yeni eskalasiyaya gətirib çıxara bilər. Çünki bölgədə hərbi qarşıdurmanın dayandırılmasında məhz vasitəçilər üçbucağının ümumi mövqeyi rol oynayıb”.
Eyni zamanda bu mətbu orqan iddia edir ki, belə vəziyyət Ermənistana vaxt qazandırır: "Çünki həm Vaşinqton, həm də Moskva münaqişənin nizama salınmasında ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Onların qarşıdurmada olması bu prosesi ləngidə və Ermənistana vaxt qazandıra bilər”.
Qəzetin iddiasını şərh edən politoloq Tofiq Abbasov qeyd edib ki, aprel savaşından sonra status-kvo dəyişilir: "Ermənilər indiyə qədər deyirdilər ki, status-kvo dəyişilə bilməz. Bu çox təhlükəlidir və regionda yeni qarşıdurma meyillərini gücləndirər. Azərbaycanda bildirirdi ki, qarşıdurma oldu-olmadı, status-kvo dəyişilməlidir. Çünki burada ədalətli sülh bərqərar olmalıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qaçılmazdır. Ermənilər 90-cı illərin əvvəllərində ilişib qalmışdılar və elə bilirdilər ki, Azərbaycan ancaq yalnız danışa bilir. Yəni elə hesab edirdilər ki, Azərbaycan onları sadəcə hədələyir. Ancaq aprel savaşında yanıldıqlarının şahidi oldular. Gördülər ki, Azərbaycan bu məsələdə çox konkret mövqe tutaraq proseslərini davamlı şəkildə həyata keçirir. Ordusunu gücləndirir, müdafiə potensialını möhkəmləndirir. Aprelin əvvəllərində baş vermiş toqquşmadan sonra gördülər ki, reallıq tam başqadır. Və status-kvo saxlanıla bilməz. Bunu anlayırlar. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ermənistan rəhbərliyi Qarabağ kartı üzərində hakimiyyətə gəlib. Onlar güzəştə getməyə hazır deyillər. Həm də bilirlər ki, güzəştə getsələr, qanları töküləcək. Bu prosesə münasibət bildirən Minsk Qrupunun həmsədr ölkələri - Amerika, Rusiya və Fransa anlayırlar ki, vəziyyət belə davam edə bilməz. Çözüm mexanizmi işlənilməlidir. Əgər istəmirlərsə ki, Azərbaycan Ermənistanı öz imkanları ilə məhv etsin, gərək onda burada vasitəçilik olsun. Bu vasitəçilik də formal olmamalıdır. Vəziyyəti dalandan çıxarmalıdır”.
Ekspert hesab edir ki, əvvəllər ABŞ-la Rusiya arasındakı gərginliklər Qarabağ məsələsinin həllinə öz dağıdıcı, pozucu təsirlərini göstərib: "İndi isə Rusiya bu işdə təşəbbüskarlığı öz üzərinə götürdükdən sonra vəziyyət köklü surətdə dəyişilmək üzrədir və ya dəyişilir də. Ermənistana başa salırlar ki, belə getməyəcək. Sən ya torpaqlardan çıxmalısan, ya da ki, müharibə başlamalıdır”.
T.Abbasov hesab edir ki, münaqişənin həllini uzadanlar Amerika və Ermənistan təşkilatları birliyidir: "Yəni ANKA və ASA bu prosesə haram qatırlar. Onlar Ermənistanı yanlış yola çıxarmaq üçün əllərindən gələni edirlər. Niyə? Ermənistanın iqtisadi vəziyyəti çox ağırdır. ABŞ-da yerləşən erməni təşkilatlarının ABŞ-da və dünyada kifayət qədər güclü mövqeləri var. Onlar faktiki olaraq Ermənistanı müxtəlif ianələrlə dolandırırlar. Ona görə də, onların Ermənistan hakimiyyətinə sözü keçir. Ermənistan hakimiyyəti ABŞ-dan gələn sifarişlərə əməl etməsələr, onlara gələn dəstək kəsiləcək. Burada hiyləgər bir sistem qurulub. Bir yandan ABŞ onları həm qidalandırırlar, Qarabağ avantürasından əl çəkməyə qoymurlar, digər yandan çalışırlar ki, regiondakı gərgin vəziyyəti saxlasınlar. Bu da ABŞ-a lazımdır. Gərginlik olmasa, Rusiyanın regionda vəziyyəti möhkəmlənəcək. Baxın, hazırda Ermənistanda anti-Rusiya meyilləri geniş vüsət alıb. Bu proses də ABŞ-dan idarə olunur”.
Müsahibimiz onu da əlavə edib ki, Serj Sarkisyan dilemma qarşısında qalıb: "Bir yandan müstəqil siyasət aparmaq imkanı yoxdur, digər yandan güzəştlərə gedə bilmir. Çünki güzəştə getsə, daxildə olan rəqibləri onu postundan endirəcəklər. Sarkisyan vaxt udmaqla məşğuldur. Aprel hadisələrindən sonra Amerikanın erməni təşkilatları çalışırlar ki, Ermənistan torpaq güzəştlərinə getməsin. Burada çox təzadlı məqam yaranıb. Bir yandan Ermənistan boşalır, insanlar yaşaya bilmirlər, sosial durum çox ağırdır. Ölkəni tərk edib gedirlər. Digər yandan da onların illərdir blokada vəziyyətində saxlanmasına səbəb olan Dağlıq Qarabağla bağlı güzəştə getmək istəmirlər. Onların siyasi və mənəvi baxımdan vəziyyətləri çox acınacaqlıdır. Ermənistanın tutduğu yol əvvəl-axır onların sonuna çıxacaq. Belə bir deyim var: "Sonsuz dəhşətdənsə, dəhşətli son yaxşıdır”. Bunlar ya Azərbaycan torpaqlarından çıxmalıdırlar, ya da sonsuz dəhşətə hazır olmalıdırlar. Azərbaycan torpaqlarından çıxsalar, hər şey öz yerini tutacaq. Onlar bunu istəməsələr, sonsuz dəhşət davam edəcək və separatçı ölkə çox çətinə duruma düşəcək”.
Ayyət Əhməd