Dünya bu uşaqdan danışır 


15 yaşlı ukraynalı uşaq oyuncaq dronla qəhrəman oldu

Rusiyanın Ukraynanı işğalından ötən aylar ərzində həm hərb meydanında, həm də sosial həyatda bir çox gözlənilməz, qeyri-adi hallar yaşanıb. 15 yaşlı ukraynalı oğlan Andriy Pokrasa isə oyuncaq dronla əsl qəhrəmana çevrilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Kiyevdə yaşayan Pokrasa ailəsi Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumunun başlandığı 24 fevral gecəsindən etibarən müdafiə imkanları, orduya necə yardım edə biləcəkləri barədə düşünməyə başlayıb. Andriyin atası oğluna aldığı oyuncaq dronu xatırlayıb. Oğlunun müasir texnologiyaları yaxşı mənimsədiyini bilən ata Andriyə “dronla ordumuza kömək edə bilərsən” deyib. Ailə Ukrayna müqavimət gücləri ilə əlaqə yaradıb, Andriyin dronla müşahidə apara biləcəyini, hərəkət edən hərbi birlikləri müşahidə altında saxlaya biləcəyini, düşmən ordusunun hərəkət marşrutunu təyin edə biləcəyini söyləyib. Müqavimət gücləri təklifi qəbul edib və 15 yaşlı oğlan Ukraynanın müdafiəsinə qatılıb. Andriy dron vasitəsiylə şəhərin ətrafındakı hərəkətliliyi təqib etməyə, şübhəli durum haqqında Ukrayna güclərinə məlumat verməyə başlayıb. Andriy hərəkət edən düşmən birliklərinin koordinatlarını müəyyənləşdirib. Eyni qaydayla Andriy Jitomir yaxınlığında hərəkət edən rus hərbi birliklərinin mövqeyini də dəqiqləşdirə bilib. Bunun sayəsində Ukrayna gücləri hərbi konvoyu Kiyevdən 37 kilometr məsafədə məhv edib. Rus ordusu xeyli itki verib. Andriy oyuncaq dronuyla əsl qəhrəmana çevrilib. Adı bütün Ukraynaya və dünyaya yayılıb. Uzun illərdir satıcı işləyən Taras Troiak da bütün dron sahiblərini bir araya toplamaq üçün feysbuk üzərində qrup təşkil edib və dron sahiblərini Ukrayna ordusuna yardım etməyə çağırıb.