Bələyi kəfən olan uşaqlar...

Xəstəliyin ilkin əlamətləri görünən kimi uşaq həkim nəzarətində olmalıdır 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, dünən saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib. Müayinə zamanı azyaşlı M.Katmayevdə qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb. Aparılan həkim müdaxilələrinə baxmayaraq, axşam saat 19 radələrində Reanimasiya şöbəsində M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Son zamanlar əhali, o cümlədən azyaşlılar və ümumiyyətlə, uşaqlar arasında qızdırma, halsızlıq, mədə-bağırsaq pozğunluğu, ishalla müşayiət olunan kəskin respirator virus infeksiyalarının yayıldığı məlumdur. Tibb mütəxəssisləri qızdırmanın bir neçə gün davam etdiyi halda mütləq ciddi şəkildə müayinə olunmağı tövsiyə edirlər. 

Həkim-pediatr Vahid Qarayev “Sherg.az”a açıqlamasında ölüm faktının nədən baş verdiyinin müəyyənləşməsi üçün tibbi ekspertizanın aparılmalı olduğunu və təfərrüatların bilinməsini vacib saydığını dedi: 

- Çox güman ki, vaxtında həkimə müraciət olunmayıb. Detalları bilmirəm, amma 2 yaşlı uşaq 1-2 günə pnevmoniya ola bilməz. Bəlkə, vaxtında müdaxilə olunsaydı, vəfat etməzdi. Ola bilər sabah valideyn desin ki, həkimə göstərmişdik, amma müalicənin faydası olmadı. Ona görə detalları bilmək lazımdır. Körpə neçə gün xəstə olub, həkimə müraciət olunubmu, hansı müalicə aparılıb? 

V.Qarayev qeyd etdi ki, azyaşlılarda respirator virus infeksiyasının pnevmoniya ilə ağırlaşma ehtimalı yüksəkdir: 
- Ona görə həmişə deyirik ki, xəstəliyin ilkin əlamətləri görünən kimi uşaq həkim nəzarətində olmalıdır.