Donald Tramp ölkəsini yeni dünya nizamında daha güclü mövqelərə hazırlayır
“ABŞ-nin yeni prezidenti dövründə müharibələrin dayanması gözlənilsə də, tam əksinin işartıları hiss olunur"
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın müşavirləri Danimarka rəsmilərini onun Qrenlandiyanı almaq məsələsində ciddi olduğu barədə xəbərdar ediblər. Məlumata görə, indi Danimarka rəsmiləri yaxın müttəfiq və NATO üzvü ilə münasibətlərdə böyük nifaqa səbəb olmamaq üçün verəcəkləri cavabı diqqətlə təhlil edirlər.
Onların fikrincə, ABŞ-nin yeni seçilmiş prezidentinin zarafat etdiyini düşünmək lazım deyil. Bunun əvəzinə böhrana yol verməmək üçün Trampın Qrenlandiya ilə bağlı bəyanatları ilə əlaqədar "açıq söhbət"ə başlamaq lazımdır. Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır. Tramp hələ ilk prezidentlik dövründə (2019-cu ildə) söyləmişdi ki, ABŞ Danimarkanın tərkibində geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala bilər. Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd adlandırıb.
Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, ABŞ Arktikada ən kiçik paya sahibdir. Ekspertin sözlərinə görə, Tramp açıq şəkildə Çin malları üçün Aİ və ABŞ-yə potensial (Şimali Dəniz Yolu) logistik təchizat zəncirlərinə iddia edir:
"Bundan əlavə, belə görünür ki, Donald Tramp ölkəsini yeni dünya nizamında daha güclü mövqelərə hazırlayır. Gözlənilməz tərəfdaşlar və müttəfiqlər olmadan ABŞ prezidenti Arktikaya birbaşa nəzarət etmək istəyir. Burada skandinavlar və britaniyalılar da Trampa rəqib kimi görünür. Trampın Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək niyyətindən sonra, Danimarkaya məxsus Qrenlandiyanı da özünə birləşdirmək istəyi onun imperiya ideyalarını reallaşdırmaq məqsədlərindən xəbər verir. 45-ci prezidentlik dövründə "təcridçi" siyasət yürüdən Tramp görünür ki, buraxdığı səhvlərdən həm nəticə çıxarır, həm də adını tarixə yazdırmaq istəyir.
Məğlubiyyətə rəğmən növbəti seçkilərdə qalib gələn Tramp siyasəti səriştəsini ortaya qoymaq əzmindədir. Tramp və Mask anlayır ki, beynəlxalq hüquq tamamilə iflas edib, onu düzəltməkdənsə yaranan fürsətdən istifadə etmək lazımdır. Qeyd edim ki, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı qətnamə artıq hazırdır. Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasını tələb edən qətnamə qəbul edilsə, 180 gün ərzində bütün federal xəritələrdə və sənədlərdə "Amerika Körfəzi" olaraq göstəriləcək. Analoji addım Panama kanalı ilə bağlı da atılacaq".
Siyasi şərhçiyə görə, Trampın Qrenlandiyanı ilhaq etmək cəhdi təhlükəlidir və beynəlxalq hüququ pozur:
"Danimarkanın "Ritzau" informasiya agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, danimarkalıların demək olar ki, 90 faizi Qrenlandiyanın ABŞ-yə verilməsinə qarşıdır. Bir vaxtlar öz gücü və qüdrəti ilə demək olar ki, bütün Skandinaviyanı nəzarətində saxlayan Danimarka bir tvitlə dünyanın sahəsinə görə ən böyük adası Qrenlandiyanı (hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir) ABŞ-yə təslim etməkdən başqa çarəsi qalmır. ABŞ-yə müharibə elan etməyəcək ki?! Tramp Kanadanın bütün ərazisini özündə birləşdirən ABŞ-nin xəritəsini də paylaşıb. Əvvəlcə Trampın qeydləri trollinq kimi qəbul olunsa da, məsələnin ciddiliyi Kanadanın Baş naziri Castin Trüdo rəsmi olaraq istefa verməsi ilə öz təsdiqini tapır. Onun sözlərinə görə, partiya yeni lider seçdikdən sonra partiya lideri və baş nazir vəzifəsindən istefa vermək niyyətindədir. Bütün bunlar göstərir ki, ABŞ-nin yeni prezidenti dövründə müharibələrin dayanması gözlənilsə də, tam əksinin işartıları hiss olunur".