“Süd vannası” davasında qalib çıxdı

Məhkum ona ödənilən maddi təzminatla razılaşmır

“Süd vannası” deyiləndə Misir şahzadəsi Kleopatra yada düşür. Təkcə o da yox. Qədimlərdən günümüzədək gəlib-keçmiş hömkdarlar, xanımları, zəngin insanların bir çoxu süd vannası – süd gölündə çimib. Söhbət süd vannasının xeyrindən getməyəcək. Günümüzdə yaşanmış qəribə hadisə barədə məlumat verəcəyik. 

Bu barədə “Milliyet.com” saytı xəbər paylaşıb. Məlumatda qeyd olunur ki, Türkiyənin Konya şəhəri, Meram bölgəsində süd toplama mərkəzinin işçisi Emre Sayarın süd vannası qəbul etdiyinə dair görüntülər sosial şəbəkədə yayıldıqdan sonra Türkiyənin Tarım və Orman Bakanlığı hərəkətə keçib. Bakanlığın Konya üzrə şöbəsinin əməkdaşları iş yerinə gedərək tədqiqat aparıb.  Yeyinti məhsullarının təmizliyi, sağlamlıq üçün təhdid daşıyan hallarla bağlı mövcud qanunun tələbləri əsas götürülərək süd toplama mərkəzinin fəaliyyətinə xitam verilib. Qida məhsulunun istehlakçılar üçün təhlükəli həddə gətirilməsi səbəbiylə mərkəzin işçisi Emre Sayar məsuliyyətə cəlb edilib, barəsində həbs-qətiimkan tədbiri seçilib. Məhkəmədən E.Sayara 2 ildən 15 ilədək həbs cəzası verilməsi tələb edilib. Lakin E.Sayar apelyasiya şikayəti ilə qəbul etdiyi “süd vannasına” yalnız dezinfeksiyaedici maddə və isti su, azacıq da süd artığı qoyduğunu sübuta yetirə bilib. Təqsirləndirilən şəxsin iddiasını araşdıran məhkəmə şəxsin uzandığı vannanın süd məhsulları üçün uyğun olmadığı, bu səbəbdən də istehlakçıların səhhətinə zərəri toxunmayacağını müəyyənləşdirərək E.Sayara bəraət verib. E.Sayar isə bununla kifayətlənməyərək təzminat davası açıb. “Pis bir şəkildə reklam olunduq, ölkədə bizi pis yöndən tanıdılar, etibarımız zədələndi. 2 ildir iş tapa  bilmirəm. Buna görə də 20 min lirə maddi, 100 min lirə mənəvi təzminat davası açmışam”, söyləyən E.Sayara məhkəmə qərarıyla cəmi 450 lirə maddi, 700 lirə də mənəvi təzminat ödənməsinə qərar verib. “Bu təzminat yetərli deyil. Günahsız olduğum halda 6 gün həbsxanada saxlanmışam. Psixologiyam da, ailə düzənim də pozulub, alt-üst olub”, deyən E.Sayar isə yenidən məhkəməyə müraciət edəcək.