2-3 saatlıq parlament iclasına televiziya açmaq olmaz !

Zeynal Məmmədli: “Millət vəkillərinə nə mane olur ki, onlar özləri müzakirələrin media orqanlarında geniş işıqlandırılmasına çalışmırlar?”
Vüqar Rəhimzadə: “Adamlar seçdikləri vəkillərin hansı işlərlə məşğul olduğunu bilmək istəyirlər”




"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu parlament televiziyasının yaradılması təklifi ilə çıxış edib. Baş redaktor bildirib ki, Milli Məclisdə qanun layihələri qəbul edilsə də, onların izahı geniş verilə bilmir. Deputatın sözlərinə görə, qanunların və müzakirələrin geniş izahı üçün xüsusi televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti ictimaiyyətə tam açıqlanmalıdır”. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da qəbul edilən qanun layihələrinə jurnalistlərin diqqət yetirmədiyini söyləyib: "Qanun layihələri zamanı müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər.

Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Lakin bunun əksi baş verir. Parlamentdə kiçik bir insident olan kimi mətbuat bunu dərhal yazır”. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə hesab edir ki, ayrıca parlament televiziyasına ehtiyac yoxdur: "Milli Məclisdə səsləndirilən təklif ətraflı müzakirə olunmalıdır. Böyük dövlətlərin çoxunda parlament televiziyaları var. Yəni, ərazisi böyük, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Bizdə xüsusi televiziya kanalının açılmasına ehtiyac görmürəm”. N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardan istifadə etməyi təklif edib: "Fikrimcə, mövcud televiziya kanallarının potensialından istifadə edərək Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Büdcədən maliyyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. İndiki dövrdə, dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda büdcədən maliyyələşən kanalın açılması bir az doğru olmazdı. Ona görə də mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”. Xatırladaq ki, parlament televiziyasının yaradılması təklifi əvvəllər də gündəmə gətirilib. Milli Məclisin iclaslarında səsləndirilən fikirlərin məqsədyönlü şəkildə təhrif olunmasını əsas gətirən ictimaiyyət nümayəndələri parlamentin xüsusi televiziyasının yaranmasını zəruri hesab ediblər. Onların fikrincə, Milli Məclisin iclaslarında deputatlar öz çıxışlarını müzakirəyə çıxarılan qanunlar ətrafında qursalar da, bəzi KİV-lərdə hazırlanan reportajların əksəriyyəti qüsurlu olur. Vaxtı ilə millət vəkili Qüdrət Həsənquliyev də ölkədə fəaliyyət göstərən özəl teleşirkətlərə iradını bildirib. Deputat qeyd edib ki, bəzi media qurumları parlamentin işini vaxtında və düzgün işıqlandırmırlar: "Parlamentin iclasları bir həftədən sonra özəl teleşirkətlərdə göstərilir. Bu, hansı operativlikdən xəbər verir? Hesab edirəm ki, Milli Məclis ya parlament televiziyasını yaratmalıdır, ya da dövlət büdcəsindən maliyyələşən teleşirkətlərə bu məsələnin həlli ilə bağlı müəyyən tapşırıqlar verməlidir”.

Mövzu ilə bağlı "Şərq”ə danışan media eksperti, professor Zeynal Məmmədli deyib ki, dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyənin TRT Spor kanalında parlamentin iclasları canlı transformasiya olunur. Əksər televiziya kanalları isə iclaslara iki-üç saat yer ayırırlar. Ekspert xatırladıb ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən iki kanal var: "Əlavə büdcə ayıraraq televiziya yaratmağa indiki şəraitdə heç bir ehtiyac yoxdur. Millət vəkilləri dövləti, xalqı təmsil edirlərsə, büdcədən maliyyə ayrılan televiziyalar qarşısında məsələ qaldıra bilərlər ki, Milli Məclisin işi doğru işıqlandırılsın. Burada məntiqsizlik odur ki, jurnalistlər parlamentdəki qanun müzakirələri zamanı deputatlara sual edəndə, onlar cavab verməkdən yayınırlar. Müzakirələrin cəmiyyətə ətraflı çatdırılmasında maraqlı olan millət vəkilləri media nümayəndələrinin suallarından qaçmamalıdır.
Parlamentdə səhərdən-axşama kimi gedən müxtəlif səpkili iclasların yayımlanması kimin üçün maraqlı olacaq? Məncə, bu məsələ deputatların özünün ziyanınadır. Çünki televiziya yayımı zamanı geniş kütlə deputatların hansı səviyyədə müzakirə aparmasından, ölkənin gələcəyi haqqında necə düşündüklərindən xəbər tutacaqlar. O zaman görəcəklər ki, parlamentdə millət vəkili adına layiq olmayan şəxslər də var. Əlbəttə, deputatların şəffaflıq tərəfdarı olması çox yaxşı haldır. Ancaq sual edirəm, millət vəkillərinə nə mane olur ki, onlar özləri müzakirələrin media orqanlarında geniş işıqlandırılmasına çalışmırlar?”.

Z.Məmmədli bildirib ki, parlamentin iclaslarını işıqlandırmaq bacarığı olan xeyli mətbuat orqanı var: "Deyək ki, üç-beş sayt düzgün yazmadı, bəs yerdə qalan KİV-ləri nədə ittiham edirlər? Nəzərə alaq ki, Milli Məclisin mətbuat xətti ilə bütün iclasların geniş müzakirəsi cəmiyyətə çatdırıla bilər. Eyni zamanda parlamentin Mətbuat Qrupu daha dolğun məlumat hazırlayar. Təbii ki, kütləyə çatdırılan məlumatlar protokol xarakterli olmamalıdır. Məsələlərin konkret mahiyyəti açıqlanmalıdır. Nuşirəvan müəllimin fikri ilə razıyam. Amma kanalların iclasa bir-iki saat vaxt ayırmasını düzgün hesab etmirəm. Ümumiyyətlə, parlamentin bütün iclasları, orda gedən müzakirələr, deputatların özlərinin gördüyü işlər və s. televiziyada işıqlandırılmalıdır. Məsələn, Milli Məclisdə iqtisadi komitə var, bu komitənin nə iş gördüyü, hansı məsələləri müzakirə etdiyi ictimaiyyətə çatdırılmalıdır. İnsanlar bilməlidir ki, problemli kreditlər, işsizlik və s. məsələlər parlamentdə müzakirə olunur, yoxsa yox. Mövcud televiziyalar bunu edə bilər”.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Şərq”ə bildirib ki, Azərbaycanın Milli Məclisi işlək parlament kimi həftədə iki dəfə toplanır və parlamentin iclasları bir-iki saat ərzində yekunlaşır: "İndiyə qədər olan dövr ərzində Azərbaycan parlamentinin fəaliyyəti kifayət qədər media qurumlarında işıqlandırılıb. Bundan əlavə dövlət kanalında "Parlament saatı” adlı rubrikada Milli Məclisin iclasları, deputatların çıxışları öz əksini tapır. Dünyanın müxtəlif ölkələrində parlament üçün xüsusi televiziyalar var. Hətta digər sahələr üçün də əlahiddə telekanallar fəaliyyət göstərir. Təhsil və uşaqlarla bağlı ayrıca televiziya kanalları yaradılır. Ancaq bizdə parlament televiziyasının yaradılması bir qədər problemli məsələdir. Həftədə bir-iki saatlıq iclas üçün xüsusi televiziyanın yaradılmasına nə qədər zərurət var? Bunun cavabını dəqiq verə bilmərəm. Parlament kanalı günün çox hissəsində fəaliyyət göstərməlidir. Məclis üzvlərinin xaricə səfərləri olur, gələn qonaqları qəbul edirlər, müxtəlif səpkili görüşlər keçirirlər. Bunlar bütövlükdə xüsusi telekanalın açılması üçün yetərli sayıla bilərmi? Bizi bu sualın cavabı düşündürür. Öncə buna aydınlıq gətirilməlidir.

Hər halda mən də parlamentin geniş işıqlandırılmasının tərəfdarıyam. Parlament üzvləri Azərbaycan ictimaiyyətinin seçilmiş nümayəndələridir. Ölkə vətəndaşları tərəfindən seçilən həmin şəxslər milləti təmsil edirlər. Ona görə də deputatların çıxışları, fikirləri hər bir vətəndaş üçün maraqlıdır. Adamlar seçdikləri vəkillərin hansı işlərlə məşğul olduğunu bilmək istəyirlər”.

Baş redaktorun sözlərinə görə, ayrıca telekanal yaratmaqdansa, mövcud televiziyaların iclaslara bir-iki saat vaxt ayırması daha ağlabatandır: 

"Çünki 4-5 saatlıq iş sxemi ilə efiri doldurmaq mümkünsüzdür. Telekanal başqa vaxt hansı proqramı efirə verəcək? Əgər xüsusi televiziya yaradılacaqsa, onda təkcə Azərbaycan parlamentinin deyil, digər ölkələrin Milli Məclisində gedən prosesləri də işıqlandırmaq lazımdır. Hər halda Hikmət Babaoğlunun təklifinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, hörmətli deputatımız bu məsələni çox böyük istəklə və problemin həllinə yanğı ilə yanaşdığı üçün qaldırıb. Biz də hesab edirik ki, parlamentin fəaliyyətini davamlı və sistemli şəkildə ictimaiyyətə çatdırmaq vacibdir. Sadəcə, konkret fikir söyləmək bir qədər tərəddüd doğuran məsələdir”.

(Davamı var)

İsmayıl