“2” alanlar...

Bir sinifdə 40 şagird oxuyursa, nəticə belə olacaq





Sonuncu buraxılış imtahanında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb. 9-cu sinif şagirdlərinin 40,14 faizi "Ana dili”ndən, 40.25 faizi "Riyaziyyat”dan, 11-ci sinif şagirdlərinin isə 32.43 faizi "Ana dili”ndən, 35.03 faizi "Riyaziyyat”dan "2” alıb.

Şagirdlərin imtahanlarda bu cür aşağı nəticə göstərməsinə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, imtahanlarda şagirdlərin bu cür aşağı səviyyədə nəticə göstərməsinin əsas səbəbi sinifdə şagirdlərin çoxluğudur: "Şagirdlərin bu cür nəticələr göstərməsinin müxtəlif səbəbləri var. Bunlara misal olaraq, uşağın valideynlər tərəfdən təhsil almasına etiraz etməsi, şagirdlərin indi aludə olduqları sosial şəbəkələr, TV-lər, kompüter oyunları, asudə vaxtın təşkilinin düzgün aparılmaması və s. kimi səbəbləri göstərmək olar. Əsasən valideynlər uşaqlarla düzgün ünsiyyət qurmalı, onların qayğısına qalmalı və seçimlərinə hörmət etməlidirlər. Təhsil müəssisələrində də problemlər az deyil. 40 nəfər bir sinifdə oxuyursa, təbii ki, nəticə o qədər ürəkaçan olmayacaq. Bütün bunlar da uşağın daha yaxşı təhsil almasında problemlər yaradır”.

Siniflərdə şagird qıtlığı doğrudan da təhsilin keyfiyyətinə təsir göstərir? Ya işini bilən müəllim üçün sinifdə şagird sayının 20 və ya 40 olmasının heç bir fərqi olmur?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da bu fikirdədir ki, ümumtəhsil müəssisələrində siniflərdə şagird sıxlığı dərsin keyfiyyətinə, mənimsənilməsinə təsir edə bilər: "Doğrudur, yaxşı müəllim sinifdə çox uşaq olsa belə, bunun öhdəsindən gələ, dərsi elə izah edə bilər ki, çox az sayda şagird dərsi başa düşməsin. Amma orta məktəblərdə siniflərdə, ali məktəblərdə isə qruplarda şagird və tələbələrin sayının optimal olması ilə bağlı tələb var. Bu rəqəm 25-30 arasındadır. Çox təəssüf ki, indi xüsusilə paytaxtın prestijli məktəblərində şagird sıxlığı yaşanır. Hətta elə müəllimlər var ki, valideynlər onların sinfinə uşağını qoymaq üçün uzun məsafəni belə qət etməyə razı olurlar. Belə hallar siniflərdə şagirdlərin sıxlığına səbəb olur. Xüsusən də, peşəkar və son dərəcə təcrübəsi olmayanlara sinifdə şagird sayının çoxluğu problem yaradır. Həmin sinifdə dərsi başa düşməyən, dərsi necə qavradığı, mənimsədiyi qiymətləndirilməyən çox sayda şagird qalır. Belə halda müəllimlər məcbur olur ki, ümumi sual-cavabla şagirdlərin hansının dərsi mənimsədiyini, hansının mənimsəmədiyini öyrənsin. Bu isə şagirdlərin biliyinə müəyyən mənada öz təsirini göstərir”.

Azərbaycan Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü də hesab edir ki, şagirdlərin say çoxluğu tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bir sinifdə 20 uşaqla məşğul olmaq hara, 40 uşaq hara? Ekspertin sözlərinə görə, tam orta təhsil pilləsində sinif otaqlarında şagirdlərin sayı 20 nəfərdən artıq olmamalıdır. Çünki bu mərhələ bir növ şagirdlərin ali məktəbə hazırlıq dönəmi kimi qəbul edilir: "Abituriyentlər qəbul imtahanına 10 və 11- ci sinif imtahanları vasitəsilə hazırlaşmalıdır. Sinifdə şagirdlərin sayı çox olanda hazırlıq səviyyəsi müasir tələblərə cavab vermir. Proqramların və dərsliklərin tədris planlarının yüklü olması da şagirdlərin buraxılış imtahanlarında zəif nəticələr göstərməsi ilə nəticələnir. Təhsil Nazirliyi bu ildən məktəblərdə təmayülləşmə prosesini həyat keçirməyi planlaşdırıb. Düşünürəm ki, bu çox doğru və vaxtında atılmış bir addımdır. Hesab edirəm ki, təmayülləşmə təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək bir layihədir”.

M.Mürşüdlünün sözlərinə görə, tam orta təhsil pilləsində çox nadir hallarda bir sinifdə 40 şagird oxuyur. Adətən şagird sıxlığı ibtidai siniflərdə olur. Bu da sinif birləşmələrindən irəli gələn bir məsələdir:

"Orta icbari təhsildən sonrakı mərhələ çox ciddi şəkildə diqqət mərkəzində olmalıdır. Şagirdlərin seçim, müəllimlərin hazırlıq məsələsi, dərslik və proqramların məzmunu imtahan nəticələrinə təsir edən əsas amillər sırasındadır”.

Ekspertin sözlərinə görə, orta məktəblərdə təhsilin keyfiyyətinə mənfi təsir göstərən əsas amil müəllim əməyinin düzgün qiymətləndirilməməsidir: "İdarəetmədə olan nöqsanlar da birbaşa təhsilin keyfiyyətinə təsir edir. Ən başlıcası isə müəllim əməyinin düzgün qiymətləndirilməməsidir. Dövlət məktəblərində əməkhaqqı az olduğu üçün müəllimlər özəl məktəblərə üz tutur, bilik və bacarıqlarını orada realizə edirlər. Əmək haqqının azlığı orta məktəb müəllimlərinin öz bilik və bacarıqlarını tam olaraq şagirdlər qarşısında sərgiləməsinə mane olur. Onlar öz potensiallarını repetitorluğa sərf edirlər”.

Orta məktəb müəllimlərinin tədris etmək həvəsinin azalmasına toxunan M.Mürşüdlü pedaqoji fəaliyyətdə belə müəllimlərin olduğunu istisna etməyib: "Çox təəssüflər ki, bizim pedaqoji kollektivlərdə dərs demək həvəsi olmayan müəllimlər var. Bu müəllimlər çalışmaq və dəyişmək istəmirlər. O müəllimdə çalışmaq həvəsi yoxdur ki, o, işinə məsuliyyətlə yanaşmır. Özünü bu peşədə görmür. Özünün peşəkarlıq səviyyəsinin artırılmasını istəmir. Zamanın tələblərinə uyğunlaşa bilməyən müəllimlər işləmək istəmirlər. İnformasiya bolluğu əsridir. Şagirdlər irəli gedir, müəllimlər isə geridə qalır. Pedaqoqlar hər cəhətdən bir addım öz şagirdindən irəlidə olmalıdırlar. Müəllimin maaşı normal olsa, öz pedaqoji fəaliyyətini inkişaf etdirmək üçün üzərində daim çalışacaq. Amma əməkhaqqı kifayət qədər olmasa, müəllimlər maddi durumu düzəltmək üçün başqa yerlərdə işləməyə cəlb olunacaqlar. Ən başlıca amil müəllimlərin əməkhaqlarının az olmasındadır”.

Şəymən