“Qərb və Rusiya ölkəmizə qarşı informasiya müharibəsinə başlayıb”
Rusiya Xəzərdə aviasiya və 20 gəminin iştirakı ilə müdafiə təlimi keçirib. Bu barədə cənub hərbi dairəsinin mətbuat xidməti xəbər yayıb. Məlumata əsasən təlimlərdə "Tatarıstan” və "Dağıstan” raket gəmiləri, "Mahaçqala”, "Astraxan” və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki "Su-24”, "Su-25” təyyarələri iştirak edib.
Hərbi dəniz təlimləri zamanı şərti düşmən aviasiyasına zərbələr endirilib. Gəmilərin Hava Hücumundan Müdafiə Sistemlərinin İdarə mərkəzindən siqnal əsasında şərti hədəfləri tapıblar. Bundan əlavə, təlimlərin gedişatında hərbi qulluqçular idarəetmənin təşkili məsələlərinin yerinə yetirilməsini həyata keçiriblər.
Təlimləri şərh edən siyasi elmlər doktoru Cümşüd Nuriyev söyləyib ki, aprel döyüşlərindən sonra Rusiya və Qərb Azərbaycanla bağlı münasibətlərində düzəliş ediblər: "Bu günə qədər onlar Azərbaycanı susqun və qorxaq bir dövlət kimi qələmə verirdilər. Amma ölkəmiz konkret addım atandan sonra Moskva və Qərb çox narahat olmağa başlayıb. Qərb və Rusiya ölkəmizə qarşı informasiya müharibəsinə başlayıb. Bu da gözlənilən idi. Aprel hadisələrində Azərbaycan iradəsini ortaya qoydu. Bu da sözügedən ölkələri narahat etməyə başlayıb”. Ekspert qeyd edib ki, Ermənistan Rusiyanın Qafqaz siyasətində həlqə rolunu oynayır: "Bu həlqəni Rusiya daim Azərbaycanın boğazına keçirməyə çalışır. Təəssüf ki, bu belədir. Ölkəmiz ərazi bütövlüyü ideyasını ortaya qoyandan sonra Moskva mətbuatında Azərbaycana qarşı münasibət dəyişib. Ölkəmizə müəyyən hədyanlar söylənilir”.
Ekspertin fikrincə, Rusiyanın güc nümayiş etdirməsi təsadüfi deyil: "Çünki iyunun 20-də Sankt-Peterburqda Putinin təşəbbüsü ilə Azərbaycan və Rusiya prezidentlərinin görüşü baş tutacaq. Görüşə Azərbaycan Prezidenti qalib kimi təşrif buyuracaq. Moskva çalışır ki, əzələ nümayiş etdirməklə Azərbaycan öz yerini göstərsin. Amma bu, artıq gecdir. Bütün bu oyunların başında Rusiyanın Qafqaz maraqları dayanır. Bunu da təbii qəbul etməliyik”.
Ekspert hesab edir ki, ölkəmizə yalnız Rusiyadan deyil, Qərbdən də səlib yürüşü başlayıb: "Amerika və Qərb Azərbaycanı öz yanında görmək istəyir. Ona görə də, Azərbaycan üçün bir imtahan dövrüdür. Bütün Azərbaycan xalqı Prezidentlə bir yerdə olmalıdır ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun”.
Ayyət Əhməd