Milyarderin öz əməkdaşından əkiz övladları doğulub

Uşaqların atasının Musk olduğu məhkəmə sənədləriylə bəlli olub

  Dünyanın ən varlı adamlarından biri, “Tesla”, “SraseX” şirkətlərinin baş icracı direktoru  Elon Muskun  əkiz övladları dünyaya gəlib. Ən maraqlısı isə əkizlərin E.Muskun xanım əməkdaşlarından birindən dünyaya gəlməsidir.  “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Elon Musk şəxsi həyatıyla yenə gündəmdədir. Bir müddət öncə E.Muskun “Twitter”i satın aldığı və övladlarından birinin cinsiyyətini dəyişdirdiyi xəbərləri yayılmışdı. 

Yeni məlumat isə Muskun özü haqqındadır. “Texnologiya dünyasının dahisi” adlandırılan Elon Muskun şirkətdəki xanım əməkdaşlardan biriylə qeyri-rəsmi nikahdan əkiz övladları doğulub. Əkizlərin atasının məhz E.Musk olduğu məhkəmə sənədləriylə bəlli olub. Musk illər öncə “Rolling Stone” jurnalına müsahibəsində uşaq yaşlarından təkliklə mücadilə etdiyini və əsla yalnız qalmaq istəmədiyini söyləmişdi. 

E.Muskun  ilk evliliyindən (Justine Vilson) 5 övladı var. 2010-cu ildə verdiyi bir müsahibədə isə E.Musk övladlarını həyatının sevgisi adlandırmışdı. E.Musk boşandıqdan sonra isə şəxsi həyatında bir neçə qadın olub. Müğənni Grimes “texnologiya dahisi”nə daha 2 övlad bəxş edib. 

Bu günlərdə isə E.Muskun daha 2 övladının – yenə əkizlərin dünyaya gəldiyi xəbəri yayılıb. Bununla da hazırda E.Musk 9 uşaq atası sayılır.