2016-cı ildə Qarabağ rusların daha çox diqqətini çəkib

Çünki aprel savaşına qədər Rusiyada birtərəfli təbliğat aparılıb



Rusiyada "Yandeks” axtarış sisteminin sorğuları təhlil edilib və 2016-cı ildə rusların daha çox
diqqətini çəkən məsələlər müəyyənləşib. 
Məlum olub ki, il ərzində internet istifadəçilərinin ən çox diqqətini çəkən məsələ Dağlıq Qarabağ münaqişəsi olub.Məsələni dəyərləndirən ekspertlərə görə, cəbhədə baş verən dördgünlük "aprel savaşından” və Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra münaqişə ilə maraqlananların sayı çoxalıb. 

Bu barədə "Şərq”ə danışan tanınmış politoloq Tofiq Abbasov deyib ki, aprel hadisəsinə kimi Rusiya ictimaiyyətində Azərbaycanla bağlı birtərəfli təbliğat aparılırdı. Amma aprel ayından sonra hadisələr Azərbaycanın xeyrinə dəyişməyə başladı: 

"Rusiyada fəaliyyət göstərən erməni lobbisi, siyasi və mədəni cəmiyyətlər uzun müddət Azərbaycan əleyhinə fəal təbliğat aparıblar.

Lakin "dördgünlük” müharibədən sonra vəziyyət köklü surətdə dəyişdi. Çünki biz mübarizəni başqa
meydanlara çəkdik. Burada söhbət təkcə düşmən Ermənistandan getmir, söhbət həm də ABŞ-dan,
Avropa və Cənubi Amerika ölkələrindən gedir. Əvvəllər həmin ölkələrdə erməni diasporasının
təpərli mövqeyi var idi. Zaman keçdikcə, Azərbaycan lobbisi, diaspora strukturlarımız düşməni
üstələdi. Bir çox ölkələrdə Xocalıya ədalət kampaniyası çərçivəsində çoxsaylı aksiyalar keçirildi”.
Politoloq bildirib ki, aprel ayının 2-də Rusiya mediasında Azərbaycana qarşı qərəzli, düşmən
mövqeyi əks etdirən yazılar tirajlandı. İki-üç gün sonra isə obyektiv məqalələr dərc olunmağa
başlandı: "Artıq Rusiyada ermənilərin meydan sulamasına imkan verilmədi. Çünki rus ictimaiyyəti
azərbaycanlılar tərəfindən münaqişə ilə bağlı daha ətraflı və geniş şəkildə məlumatlandırıldı. 2016-
cı ilə qədər Rusiyada xeyli adam Qarabağ münaqişəsindən, işğal edilən torpaqların reallıqda
Azərbaycana məxsus olmasından xəbərsiz idilər. Qısa müddət ərzində erməni yalanı ilə doldurulmuş
beyinləri boşaldaraq, ora Azərbaycan həqiqətlərini yeritməyi bacardıq. Problemlə yeni tanış olan
ruslar, eyni zamanda digər xalqın nümayəndələri Azərbaycanın haqlı olduğunu gördülər və uzun
illər ermənilərə aldandıqlarının fərqinə vardılar. Hesab edirəm ki, ermənilərin işğalçı olduqlarını nə
qədər çox insana çatdıra bilsək, mövqeyimiz bir o qədər güclənəcək”.

İsmayıl